Zərdüşt Əlizadə

Источник: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Bu, millətin taleyidir

Xalq hakimiyyətdən soruşa bilməz ki...

Bizim sadə və gözəl xalqımızın xasiyyəti yetim uşağın xasiyyətinə bənzəyir. Bildiniz də, hansının? “Yetimin pulunu və cırığ papağını alırlar, başlayır ağlamağa. Cırığ papağı qaytarırlar, amma pulu qaytarmırlar. Yetim sevinir”.

Xalqımızdan tarix boyu o qədər dəyər və sərvət çapıblar ki, saymaqla qurtarmaz. Fəqət qarətçilər onun bu köklü xasiyyətini bildiklərindən, təhlükəsizlik xatirinə hərdən bu zavallı xalqa onlara bir o qədər də lazım olmayan nəyi isə qaytarırlar ki, xalq sevinsin.

Xalq sevinir və qiymətli itkiləri ilə barışıb, ucuz təsəlli ilə ovunur. İndiki zəmanədə xalqa əta edilən cırıq papaq rolunu ifa edir avtomobil, mənzil, yemək-işmək və ucuz toyxana şadyanalığı.

Qanqaraçılıq edib yada salmıram ki, hakim zümrə və onun müxalifət rolunu məharətlə ifa edən qulbeçələri xalqı aldadıb bütün dünyanın azad xalqlarına müyəssər olan hüquq və azadlıqları qəsb ediblər. Xalqımızın seçmək və seçilmək hüququ yoxdur, siyasi dələduzlar bu hüququ xalqdan çoxdandır ki, ustalıqla alıblar. Xalqımızın hakimiyyətdən öz sərvətlərinin hara və kimə getdiyini soruşmaq hüququ yoxdur. Xalqımızın hakimiyyətdən ədalətli mühakimə tələb etmək hüququ yoxdur. Xalqımızın hakimiyyətdən öz təməl konstitusion hüquqlarının böylə aşkar və kobud pozulmasının səbəbini soruşmaq hüququ yoxdur.

Xalq hakimiyyətdən soruşa bilməz ki, polis nəfəri nə üçün sıravi vətəndaşı insan saymır, təhqir edir, etiraz edəni şərləyir, həbsə atır və işgəncə verir. Bilməz. Soruşsa, soruşana daha pis ola bilər. Xalq yadında möhkəm saxlayır ki, hakimiyyətin hər dəfə növbəti dəfə guya seçki pərdəsi altında qəsb edilməsindən sonra prezident etirazçıları amansızlıqla əzib məhbəslərə atan polis nəfərləri ilə görüşür və onları xatircəm edir ki: “Nə qədər mən varam, sizdən heç kəs heç nə soruşa bilməz”.

Xalq prezidentin bu sözlərini eşidib hər şeyi anlayır və elə buna görə soruşmur.

Xalq hakimiyyətdən soruşmur səhiyyəni niyə bərbad günə salmısınız. Soruşmur, çünki bilir ki, dünənə qədər nazir vəzifəsini məngirləyib cibini dolduran şəxs “Həsən ağanın qohumu” idi. Bilir və soruşmur. Bilir ki, səhiyyəni xalqın sağlamlığı hesabına hakim sinfin cibini dolduran nasosa döndəriblər. Fəqət əvəzində mərmərdən xəstəxana binaları tikib həm ciblərini doldurublar, həm də səthi düşünən insanlara təmtəraqlı binalarla qürrələnməyə girəvə veriblər.

Xalq hakimiyyətdən soruşmur ki, nə üçün gündə bir idarə yaradıb filan qədər pul xərcləyirsən, bir müddət sonra onu ləğv edib yenisini yaradırsan və dübarə xalqın cibinə, gələcək nəsillərin cibinə girib xeyli pulu göyə sovurursan. Demir ki, hakimiyyətin hap-gopla təbliğ etdiyi bütün bu islahat hoqqabazlığının işlərin gedişatına qara qəpik qədər xeyri yoxdur. Soruşmur, çünki bilir ki, bütün bu hoqqabazlıqların, o cümlədən islahat ibarəpərdazlığının əsl məqsədi Neft Fondunun və büdcənin pullarının mübarək ciblərə aramsız köçməsini təmin etməkdir.

Xalq soruşmur ki, nə üçün bütün dünyada mövcud olan yerli idarəçilik qurumları - səlahiyyətli bələdiyyələr - əvəzinə Azərbaycanda analoqu olmayan hüquqsuz əndrəbadi qurumlar təsis etmisiniz və bütün dünyanı xalqımıza gülüb lağa qoymağa dəvət edirsiniz. Soruşmur, çünki bilir ki, bu əcaib qurumları icad edənə qədər Ulu Öndər neçə gecə yatmayıb fikirləşmişdi ki, necə etsin bu yetimin pulunu əlindən alıb, əvəzində ona cırıq papaq verib sevindirsin.

Xalq hakimiyyətdən soruşa bilmir ki, müharibənin bitməsindən 8 ay keçməsinə baxmayaraq, nə üçün Müdafiə Nazirliyi bu müharibədə canını qoymuş döyüşçülərə onları razı sala biləcək münasibəti göstərə bilmir.

Ordu əsgər və zabitlərinin siyahısı bəlli, hər bir hərbi hissənin döyüş mövqeyi bəlli, hər bir hərbi hissədə zabit və əsgərə verilmiş döyüş tapşırığı bəlli... Bu üç ağacdan ibarət meşədə azmaq Müdafiə Nazirliyinin çiynipaqonlu hərbi məmurlarından xüsusi məharət tələb edir.

Bacarırlar! Əvəzində müharibə iştirakçıları İnternetə çıxıb Ali Baş Komandana məzəmmət dolu müraciətlər edirlər, bədxahlarımız bunu görür, sevinir və informasiya müharibəsində dövlətimizə qarşı istifadə edir.

Anlayıram ki, Ulu Öndərin qurduğu üsuli-idarənin cövhəri hakimiyyətin xalq qarşısında məsuliyyət daşımamasıdır. Yəni müasir Azərbaycan Respublikası elə meyarlar üzərində qurulub ki, hakimiyyət xalq qarşısında cavabdeh deyil. “Ağa Nəzərəm, belə gəzərəm”! İstəyərəm xalqın pulunu xalqa yox, Avropa manıslarına xərcləyərəm! Əcəb edərəm! İstəsəm, qanunu eninə, istəsəm, uzununa dəyişərəm. İstəsəm, həqiqəti yalan, yalanı həqiqət elan edərəm. Bir oğrunu vəzifədən çıxarıb həbs edərəm, yerinə ondan betərini təyin edərəm.

Bir bölük ziyalı hesab edilən məxluq var, nəyə desən, istənilən bihesablığa millət adından bəraət qazandırar.

Həm də qədim deyim var: utanmamaq qabiliyyəti səadətin sinonimidir. Kimdən utanmaq lazımdır? Bu dikgəzən ikiayaqlı, məməli məxluqatdan? Hüququnu bilməyib, azadlığını qanmayıb, hər şeydən hürküb qorxan kəsdənmi? Bu kəs öz məzlum taleyindən, yoxundan utanmırsa, hakimiyyət nə üçün dəbdəbəli həyatından, tükənməz varından utanmalıdır?

Nə üçün millətin şad günlərində bu bədbin məqaləni yazıram? Başına gələn başmaqçı olar. Tarixi görüb ondan ibrət götürməyənlərin nəhs aqibətini çox görmüşəm. Məğlub Almaniyanın rifahını və cəlalını, qalib SSRİ-nin zillətini və süqutunu görmüşəm. Niyə? Almaniya əqlə və məsləhətə önəm verirdi, SSRİ mənəmliyə və təkəbbürə. Cox gördüyüm və yaxşı tanıdığım gözüqırpıq, təkəbbürlü və dar düşüncəli sovet məmurlarını bizim şanlı Azərbaycan Respublikasının yalnız cibini və karyerasını güdən vicdanı qıvraq məmurları ilə müqayisə edirəm və görürəm ki, eyni yolu gedib eyni aqibətə gələcəkləri labüddür.

Ömrüm boyu məqam baxımından kiçik adam olsam da, bilik və təcrübə baxımından çox vacib məqamlı insandan üstün olmuşam və vaxtında Vəzirova da, Mütəllibova da, Əbülfəz Əliyevə də onları gözləyən məşum aqibət barəsində aşkar xəbərdarlıq etmişəm. Anlamayıblar.

İndi də tək İlham Əliyevə deyil, bütünlükdə dövlət quruluşumuza ciddi sarsıntıların qaçılmazlığından, təhlükələrdən yayınmaq xatirinə köklü islahatlara getməyin vacibliyindən deyirəm. Azərbaycanı və xalqımızı hələlik dövlət və xalq kimi saxlayan yeganə amil neft gəlirləridir. Bu gəlir bir-biri ilə zərrə qədər bağlılığı və asılılığı olmayan insan toplumlarını və ərazi vahidlərini sıx toparlayır və bizi siyasi xəritədə də, gerçək həyatda da var edir.

Bu neft gəliri olmasa, Azərbaycanın vəhdətini nə qoruyub saxlayacaq? Xalqın dövlət qanunlarına hörmətimi? Vətəndaşların dövlət təsisatlarına inamımı? Məmurların xalqa və vətənə sədaqətimi?

Əgər paytaxtdan əyalət vahidlərinə maaş və təqaüd, cari məsrəfləri ödəmək üçün vəsait keçirilməsə, müstəqil şəkildə qazanmaq hüququ əlindən alınmış ac camaat ümidsizlik ümmanında neçə saat, neçə gün üzə biləcək?

Bilmirəm. Fəqət hansısa möcüzəyə dərindən şübhə edirəm, zira bu şübhə üçün əsasım var. Bir neçə dəfə görmüşəm ki, zahiri əzəmət və təkəbbür üzərində qurulmuş tifaq və xanimanlar necə gurultu ilə uçub dağılıb.

Xalqımızı hətta bir ortaq tarixi hekayə belə birləşdirmir. Hakimiyyətin və müxalifət marallarının tarixçilərin və yazarların qələmi ilə xalqa sırıdığı hekayənin saxta olduğunu hamı bilir, fəqət başını ağrıdıb mətləbi açmaq və uzatmaq istəmir. Səbrlə gözləyir ki, tarixi məqam yetişsin, onda da heç bir təhlükə olmadan hamı bilsin və açıq desin ki, “Stalin sən demə atamız-sərkərdəmiz deyilmiş”.

Görəsən, neft-qaz gəlirlərinin bölgüsündən savayı bizim hakimiyyətin gələcək barədə hansısa təsəvvürü və nəqşəsi varmı? İnanmıram ki, belə təsəvvür ola, çünki indiyəcən nə deyiblərsə, yalnız neft gəlirlərindən deyiblər.

Qeyri-neft sahələrinin inkişafından deyilənlərə isə inanmayın. Futbol üzrə milli yığmamız Avropa çempionu olsa, əliəyri və oğru nazirlərin idarə etdiyi iqtisadi layihələr də xalqı dolandıra bilər.

Sonda deyim ki, təsvir etdiyim vəziyyət mənim gözümdə tamamilə qanunauyğun və təbiidir. Başqa cür ola bilməzdi, zira hər bir cəmiyyətin qaçılmaz inkişaf mərhələləri var.

Bununla razılaşmayıb bütün bəlalarda xalqın özünü deyil, yalnız hakimiyyəti günahkar sayan bəradərlərimə bir sadə sual verirəm: Heç görmüsünüzmü ki, kimsə şirin belinə palan bərkidib onu minsin?

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/3xs1ym

Самое читаемое