“Bələdiyyə sədri qohumu, Vergilər nazirinin müavini Sahir Məmmədxanova arxalanıb məni tutdurmaq istəyir”

İsmayıllı sakini şikayət etdiyi üçün ailəsinin təzyiqlə üzləşdiyini deyir

Source: Meydan Tv


İsmayıllı sakini şikayət etdiyi üçün ailəsinin təzyiqlə üzləşdiyini deyir

İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Rüstəm Hüseynov kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar Cəlalovdan və bələdiyyə sədri Mirzəağa Mirzəxanovdan şikayətçidir.

O, Meydan TV-yə müsahibəsində deyib ki, həmin şəxslər vəzifələrindən sui-istifadə edib, kənd camaatına məxsus örüş sahələrini mənimsəyiblər:

“2014-cü ildən bu günə kimi bir sıra dövlət qurumlarına kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı dəfələrlə müraciət etmişəm. Təəssüf ki, heç bir xeyri olmayıb. Bu illər ərzində Mirzəağa Mirzəxanov məni bir neçə dəfə məhkəməyə verib. Guya onun şərəf və ləyaqətini alçaltmışam, işgüzar fəaliyyətinə xələl gətirmişəm. 2014-cü ildə məni məhkəməyə verib, iki min manat təzminat tələb etmişdi. 2016-cı ildə kənddə insanların yaşayışının yaxşılaşdırılması məqsədilə on beş-on altı adamın adından ölkə başçısına məktub ünvanladım. Xahiş etdik ki, kəndimizə investisiya qoyulsun, fermalar tikilsin, üzüm bağları salınsın, yeni iş yerləri açılsın. Bələdiyyə sədrinin mənə qarşı düşmənçiliyi daha da artdı”.

Rüstəm Hüseynov deyir ki, bələdiyyə sədri onu 2019-cu ildə yenidən məhkəməyə verib. Bu dəfə beş min manatdan çox təzminat tələb edib. Məhkəmədə uduzan Rüstəm Hüseynova həmin pulu ödəmək, ya da təkzib vermək şərti qoyulub:

“İmkanım olmadığı üçün pulu ödəyə bilmədim. Bunu fürsət bilib, məni çox sıxdılar. Məhkəmənin probasiya şöbəsi məni ötən ay çağırdı ki, biz ya səni həbs etməliyik, ya da təkzib yazmalısan. Dedilər ki, pul ödənilməsə, cinayət işi açılacaq. Hətta on gün müddətinə həbs olundum. Vəkilimlə də məsləhətləşdim, dedi ki, təkzib yazmasan, həbs olunacaqsan. İçəridə də bir iynə vurub, öldürtdürəcəklər. Təkzibi yazandan sonra bələdiyyə sədri mənə qarşı pul iddiasını geri götürdü”.

“İcra nümayəndəsi ilə bələdiyyə kəndi dağıdır, çapıb-talayır” – şikayətçi belə deyir:

“Prezident Adminstrasiyasına müraciət etmişəm, dəfələrlə rayonun icra hakimiyyətinə getmişəm. Yerli icra hakimiyyəti də onların tərəfindədir.

Bütün şikayətlərim kəndin abadlaşdırılması naminə olub. Dayanmadan prezidentə qədər hamıya yazmışam, problemləri qabartmışam. Yol çəkdirmişəm, məktəbimizi düzəltdirmişəm. Məktəbin sanitar qovşağını yenidən təmir etdirmişəm. Kəndin 2500 nəfər əhalisi var. Mənim bunlarla davam yalnız o olub ki, kəndin pulunu yeyirsiz. Kəndin böyük torpaq ərazisi var. Orada adambaşına hektar yarım sahə düşür. Böyük sahələrimiz, yaylağımız, qışlağımız, əkin sahələrimiz var. Bələdiyyə bunun hamısının vergisini yığıb yeyir, dağıdır. Bu qanunsuzluqları ifşa etdiyim üçün məni də məhkəməyə veriblər”.

Şikayətçi iddia edir ki, həyatı təhlükə qarşısındadır. Qorxu, səksəkə ilə yaşayan Rüstəm Hüseyov artıq kimə müracət edəcəyini bilmədiyini söyləyir:

“Bələdiyyə sədri qohumu, vergilər nazirinin birinci müavini Sahir Məmmədxanova arxalanıb məni tutdurmaq istəyir. Yaşar Cəlilov isə hər yerdə deyir ki, “yuxarı”ya 35 min manat pul vermişəm. Mənə heç kim heç nə edə bilməz. Mənə və ailəmə hədə və təzyiqlər olub. Bələdiyyə sədri Mirzəağa Mirzəxanov uzun müddət həbsdə yatmış adama pul təklif edib ki, məni oğurlasın. Polis evimə basqın edib. Yaşlı atamı itələyib, yerə yıxıblar. Bunlar hamısı müxtəlif illərdə baş verib. Körpə uşağım qorxudan epilepsiya keçirib, anam iflic olub. Bu əməlləri törədən bələdiyyə sədri Mirzəağa Mirzəxanovdur”.

Qubaxəlilli kənd bələdiyyəsinin sədri Mirzəağa Mirzəxanov Meydan TV əməkdaşı ilə söhbətində haqqında söylənilən ittihamları əsassız adlandırıb:

“Torpaqlar dövlətin qayda-qanununa uyğun olaraq, hərrac və ya müsabiqə yolu ilə verilir. Rüstəm Hüseynov təxminən iyirmi gün bundan öncə həm videogörüntülü, həm də yazılı olaraq təkzib etdi ki, mən səhv etmişəm. Bir daha şikayət etməyəcəyəm. O adam kimə lazımdır ki, oğurlansın da?! Rüstəm Hüseynov elə bir insan deyil ki, onu oğurlasınlar, yaxud nəsə etsinlər. O düşünür ki, məhkəmə tərəfindən təyin olunan cərimə ləğv olunub. Düşünür ki, təkzib veribsə, cərimə silinib. İstədiyim vaxt həmin cəriməni ondan tələb edə bilərəm. Sadəcə, bu, mənim yaşıma, başıma yaraşan bir iş deyil”.

Qubaxəlilli kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar Cəlalov Meydan TV-yə deyib ki, kənddə heç bir örüş sahəsi mənimsənilməyib:

“Sahələr bələdiyyənin balansındadır, heyvandarlıqla məşğul olan kənd camaatına icarəyə verilir. İki min hektardan çox örüş sahəsi var. Rüstəm Hüseynovun dördayaqlıdan hətta bir pişiyi də yoxdur ki, örüş yerindən istifadə etsin. O, nə etdiyini, niyə şikayətçi olduğunu özü də bilmir”.

Ana səhifəBölgə“Bələdiyyə sədri qohumu, Vergilər nazirinin müavini Sahir Məmmədxanova arxalanıb məni tutdurmaq istəyir”