Yadigar Sadıqlı

Источник: Foto: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

Baykonur faciəsi

Moskvadan gələn göstərişə görə, sınaq uçuşu bolşeviklərin Oktyabr çevrilişinin növbəti ildönümünə qədər keçirilməli idi

1950-ci illərin ikinci yarısında yeni texnika - ballistik raketlər meydana çıxdı və "soyuq savaş" dönəminin iki fövqəldövləti olan ABŞ və SSRİ bu sahədə ciddi rəqabətə başladı.

Əslində ilk ballistik raketi İkinci dünya müharibəsi illərində nasist Almaniyasında yaratmışdılar. “Vergeltungswaffe” (almanca: intiqam silahı) sözünün baş hərfi ilə V-2 adlanan və ya bizdə daha çox rus dilindən keçən Fau-2 adı ilə tanınan bu raketlər Verner fon Braunun rəhbərliyi altında hazırlanırdı. Onun ilk döyüş istifadəsi 1944-cü il sentyabrın 8-də, alman işğalından yenicə azad olan Parisə qarşı olmuşdu.

Hitler "intiqam silahı"na çox böyük ümid bəsləyirdi, onların vasitəsilə Londonu atəşə tutacağını və ingilisləri sülhə məcbur edəcəyini düşünürdü. Amma bu ümidlər özünü doğrultmadı. V-2 öz dövrü üçün inqilabi yenilik olsa da, gözlənilən effekti verməsi üçün hələ üzərində çox işlənilməli idi, vaxt isə yox idi. Təkmil olmayan raketlərin yarısı start yerində və ya havada hədəfə dəymədən sıradan çıxırdılar, sona qədər gedənlərdə isə dəqiqlik çatışmırdı.

Onu da əlavə edim ki, V-2 raketləri əsasında ilk qitələrarası ballistik raketlərin hazırlanması planlaşdırılırdı. Layihə adı A-9/A-10 olan bu raketlər 5000 km məsafə qət etməli və ABŞ ərazisindəki obyektləri vurmalı idi. Amma müharibə bitənə qədər bu silahı hazırlamaq mümkün olmadı.

Müharibənin sonlarında alman mütəxəssislər, sənədlər, layihələr, çertyojlar, bəzi qurğular amerikalıların və sovetlərin əlinə keçdilər (fon Braun ABŞ-a aparıldı) və məhz bunun nəticəsində Amerika və SSRİ-nin raket potensialı inkişaf etdi.

***

1959-cu ildə SSRİ-də yeni qoşun növü - Strateji təyinatlı raket qoşunları yaradıldı və Baş artilleriya marşalı Mitrofan Nedelin onun baş komandanı təyin edildi. Bu dövrdə sovetlərin 3 tip strateji raketləri vardı: R-5, R-7 və R-12. Amma onların heç biri tələbata cavab vermirdi.

SSRİ-nin əsas potensial düşməni ABŞ hesab olunduğu halda R-5 və R-12 raketlərinin maksimal uçuş məsafəsi onu vurmaq üçün yetərli deyildi: müvafiq olaraq 1200 və 2080 km. Bu raketlərdən yalnız R-7 qitələrarası ballistik raket sayılırdı, uçuş məsafəsi 8000 kilometrdən çox idi, amma onun da öz nöqsanları vardı.

R-7 raketini starta hazırlamaq üçün 32 saat vaxt lazım idi. Onu yanacaqla doldurulmuş halda, yəni döyüş vəziyyətində yalnız 8 saat saxlamaq olardı. Bunun da əsas səbəbi yanacağın kerosin, oksidləşdiricinin isə maye oksigen olması idi. Raketin yaradıcısı Sergey Korolyov başqa yanacaq növlərini çox təhlükəli sayırdı və onlardan istifadə etmək istəmirdi.

Bu dövrdə ABŞ-ın ixtiyarında olan SM-65 Atlas raketləri öz texniki cəhətlərnə görə R-7-dən xeyli üstün idi. Bu raketlərin starta hazırlanması üçün cəmi 15-30 dəqiqə vaxt lazım olmasını söyləmək yetərlidir. Üstəlik, ABŞ-ın Qərbi Avropada və Türkiyədə orta mənzilli raketləri vardı ki, SSRİ-nin Avropa hissəsini hədəf altında saxlayırdılar.

Sovet rəhbərliyi belə geriləməni aradan qaldırmaq üçün təcili tədbirlər görməli idi. 1959-cu il mayın 13-də Kommunist Partiyasının və Nazirlər Sovetinin xüsusi fərmanı ilə yeni raketin hazırlanması Dneprepetrovskda yerləşən "Yujnoye" konstruktor bürosuna həvalə edildi. Büronun baş konstruktoru Mixail Yangel idi.

Yangel R-16 adını alacaq raket üçün yanacaq kimi asimmetrik dimetilhidrazindən, oksidləşdirici kimi isə inhibitorlaşmış nitrat turşusundan istifadə etməyi qərara aldı. Belə seçim raketin starta hazırlaşma vaxtını xeyli qısaldır, döyüş vəziyyətində saxlanılması vaxını isə uzadırdı. Bununla belə, onlar R-7-də istifadə olunan kerosin və maye oksigendən daha təhlükəli idilər. Yeni raketin uçuş məsafəsi 13000 kilometrə çatacaqdı.

Bu dövrdə Berlin şəhəri ilə bağlı beynəlxalq böhranı dərinləşməkdə idi və buna görə sovet rəhbərliyi Yangel və onun bürosundan R-16 raketi ilə bağlı işləri sürətləndirməyi tələb edirdi. Bu istəyə görə, 1960-cı ilin dördüncü rübündə raketin uçuş sınağı həyata keçirilməli, 1962-ci ildə isə istehsalına başlanılmalı idi. Baş verən faciənin səbəbi də bu tələskənlik oldu.

***

1960-cı ilin avqustunda raketin zavod sınaqları başa çatdı. Uçuş sınaqlarının həyata keçirilməsi üçün sentyabr ayında Dövlət komissiyası yaradıldı. Marşal Nedelin komissiyanın sədri, Yangel isə texniki rəhbəri təyin olundular. Sentyabrın 26-da raket o zaman Türatam, sonralar Baykonur adlandırılacaq poliqona gətirildi.

Moskvadan gələn göstərişə görə, sınaq uçuşu bolşeviklərin Oktyabr çevrilişinin növbəti ildönümünə (7 noyabr) qədər keçirilməli idi. Buna görə də burada işlər gecə və gündüz fasiləsiz davam etdirilirdi. Ayrı-ayrı hissələr sınaqdan keçirilir, aşkar edilən qüsurlar bəzən yerində, bəzən də zavoda göndərilərək ortadan qaldırılırdı. Sovet rəhbəri Nikita Xruşşov tez-tez zəng edərək işlərin gedişi ilə maraqlanırdı.

Oktyabrın 21-də raket 41-ci start meydançasına gətirildi. Start oktyabrın 23-nə saat 19.00-a nəzərdə tutulmuşdu. İki gün ərzində start öncəsi hazırlıq işləri görüldü. Start günü raket yanacaqla və sıxılmış qazlarla dolduruldu. Amma saat təxminən 18.00-da yeni nöqsanlar aşkara çıxdı və start təxirə salındı.

Ertəsi gün Dovlət komissiyası ortaya çıxan nöqsanların aradan qaldırılmasını müzakirə edirdi. Yanacaqla dolu raketdə işlərin davam etdirilməsi təhlükəli və təlimatlara zidd idi. Amma yanacağın boşaldılması Moskvanın tapşırığının yerinə yetirilməməsi olacaqdı. Çünki bu halda çənlər, yanacaq magistralları və mühərrik arakəsmələri zavoda qaytarılaraq təmizlənməli idilər. Bu işlər isə 1 aydan az çəkməyəcəkdi.

Hadisələrin belə inkişafı marşal Nedelinin etirazına səbəb oldu. O, "mən Nikitaya nə cavab verəcəyəm?" deyə soruşdu. Bunu nəzərə alaraq iclasda iştirak edənlərin çoxu yanacaqla dolu raketdə işləri davam etdirməyi qərara aldılar. Start isə elə həmin gün saat 19.30-a təyin edildi.

Sınaqlara rəhbərlik edən şəxslər üçün poliqonda xüsusi bunkerlər nəzərdə tutulurdu. Amma Nedelin qorxulu bir şey olmadığını göstərmək üçün tamamlama işləri gedən zaman raketin bilavasitə yaxınlığında durmuşdu. Onun yanında Yangel və digər məsul şəxslər vardı.

Saat 18.45-də Yangel və daha iki nəfər siqaret çəkmək üçün ayrılan yerə getdilər. Bir qədər sonra raketin ikinci pilləsinin mühərrikləri planlaşdırılmadan işə düşdü. Ondan çıxan alov birinci pillənin yanacaq və oksidləşdirici maddə çənlərini dağıtdı. Partlayış baş verdi və nəhəng miqdarda (R-16 raketinin start zamanı çəkisi 140 ton olurdu ki, bunun da 130 tonunu yanacaq təşkil edirdi) yanacaq yanmağa başladı.

Raketin startını çəkmək üçün poqramlaşdırılan telekameralar mühərriklərlə eyni zamanda işə düşdü və fəlakət anı lentə alındı. Həmin kadrlarla alovdan qurtulmağa çalışan insanlar əks olundu. Raketin bilavasitə yaxınlığında olanlar, o cümlədən Mitrofan Nedelin dərhal həlak oldular. Marşalın sonralar yalnız külü tapıldı və yarıyacan yanmış poqonundan və Sovet İttifaqı Qəhrəmanı ulduzundan kimliyi müəyyənləşdirildi.

Ümumilikdə 74 nəfər həlak oldu ki, onlardan 57 nəfər hərbçi, 17 nəfər isə mülki mütəxəssis idi. Yaralıların sayı müvafiq olaraq 42 və 7 idi. Sonrakı günlərdə daha dörd nəfər (3 hərbçi və 1 mülki) ağır xəsarətlərdən vəfat edilər. Beləliklə, qəzada ölənlərin ümumi sayı 78 nəfər oldu.

***

Hadisənin araşdırılması üçün yaradılan hökumət komissiyasına SSRİ Ali sovetinin sədri Brejnev rəhbərlik edirdi. Qəzanın əsas səbəbinin təhlükəsizlik tələblərini kobud pozularaq təmir-tamamlama işlərinin yanacaqla dolu raketdə aparılması göstərildi.

- 23 oktyabrda baş tutmayan start zamanı ikinci pillədəki yanacaq çənlərinin ayırıcı membranlarının öncədən yırtılması. Təlimata zidd olaraq, yanacaq boşaldılmayıb. - Start öncəsi hazırlığı sürətləndirmək məqsədilə bortdakı ampula batareyasının vaxtından əvvəl qoşulması həyata keçirilib. Təlimata görə, ampula batareyaları bütün yoxlamalar bitəndən sonra, bilavasitə start proseduru zamanı qoşulmalıdırlar. Bu dəfə isə starta 1 saat qalmış qoşulduundan raketin elektrik zəncirləri cərəyan altında olublar. - Starta yarım saat qalarkən proqram cərəyan paylayıcının sıfırlama əməliyyatı başladılıb. Batareyaların qoşulmadığı halda bu əməliyyat təhlükəsiz olacaqdı, indi isə fəlakətə səbəb oldu. Paylayıcının valı hərəkətə gələrkən pirostarterin kontaktları qoşulub və ikinci pillənin mühərrikləri sanksiyasız işə düşüb.

Araşdırmalardan sonra heç kimin cəzalandırılmaması qərarı verildi. Çünki əsas günahkar olan marşal Nedelin və təlimatı pozan digərləri zatən həlak olmuşdular. Yangelin və başqalarının cəzalandırılması isə ölkənin kəskin ehtiyac duyduğu raketlərin istifadəyə verilməsini ləngidə bilərdi.

SSRİ-də belə qəzalar ört-basdır edilirdi və Baykonurda baş verən də istisna olmadı. Yalnız marşal Nedelinin ölümünü gizlətmək mümkün deyildi. Onun aviaqəzada həlak olması barədə mətbuatda informasiya verildi və külü Kreml divarında basdırıldı. Bununla belə, xarici mətbuat faciə haqqında xəbər tutdu. SSRİ-də isə yalnız 1989-cu ildə "Oqonyok" jurnalında məlumat getdi.

***

1961-ci il fevralın 2-də və martın 3-də R-16 raketinin qismən uğurlu sınaqları həyata keçirildi. Aşkar edilən nöqsanlar 1962-ci ilin yayına kimi aradan qaldırıldı. Həmin il raket sovet ordusunun cəbbəxanasına qəbul edildi və 1976-1977-ci illərdə köhnəlik səbəbindən çıxarıldılar.

R-16 öz texniki xüsusiyyətlərinə görə hələ də Atlasdan geri qalırdı. Buna baxmayaraq, sovetlərin ABŞ-dan geriləməsini xeyli azaltdı və təsadüfi deyil ki, SSRİ-nin ilk uğurlu qitələrarası ballistik raketi sayılır.

Hadisədən düz 3 il sonra, 1963-cü il oktyabrın 24-də burada daha bir faciə baş verdi. Korolyovun hazırladığı R-9A raketinin sınağı zamanı baş verən qəzada 8 nəfər həyatını itirdi. Bundan sonra 24 oktyabr Baykonur kosmodromu üçün qara gün hesab olunur və həmin gün heç bir uçuşlar həyata keçirilmir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/292thx

Самое читаемое