Bayar-Menderes iqtidarı: yüksəliş

Bu dövrə qədər Türkiyədə uzaq məsafəyə yük daşıması dəniz və dəmiryolundan sonra əsasən dəvələrlə həyata keçirilirdisə, indi onları yük maşınları əvəz edir.

Foto: Meydan Tv


Demokrat Partiyanın hakimiyyətə gəlişi Türkiyə iqtisadiyyatının ciddi irəliləyişi ilə müşayiət olundu

Adnan Menderesin təşkil etdiyi Demokrat Partiyasının (DP) ilk hökuməti 1950-ci il iyunun 2-də Türkiyə Böyük Millət Məclisindən etimad aldıqdan sonra fəaliyyətə başladı. Onun elə ilk ciddi addımı cəmiyyətdə geniş əks-səda doğurdu. Menderes azanın ərəbcə səsləndirilməsinə qoyulan qadağanı ləğv edən qanun layihəsini parlamentə təqdim etdi.

Türkiyə Diyanet İşleri Başkanlığının 1932-ci il 18 iyul tarixli göstərişinə əsasən azan yalnız türkcə oxuna bilərdi. 1941-ci ildə Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, bu qaydanı pozan adamı 3 aya qədər həbs və 10 lirədən 200 lirəyədək cərimə gözləyirdi. İndi Menderes bu qadağanı ləğv etmək istəyirdi.

Maraqlıdır ki, Cümhuriyyət Xalq Partiyasından olan deputatların da bir çoxu təklifə müsbət yanaşırdı. Bununla yanaşı, DP daxilində bu addımdan çəkinənlər yox deyildi. Prezident Bayar da bunun üçün çox tez olduğunu, sonrakı dövrə saxlanılmasını istəyirdi. Menderes isə yaxın günlərdə başlayacaq ramazan ayına qədər qanunun qəbulunda israr edir, əks halda hətta istefa verə biləcəyini söyləyirdi.

İyunun 16-da parlament azan oxunmasına sərbəstlik verən qanunu qəbul etdi. CHP-lilərin də bir hissəsi qanunun lehinə səs verdi, İnönü və bir neçə digərləri isə əleyhinə oldular. Ertəsi gün, ramazan ayının ilk günündə “Resmi Gazete”də dərc olunandan sonra günorta namazı ərəbcə verildi. Türkcə azan qadağan olunmasa da, çox tezliklə aradan qalxdı.

Əhalisinin əksəriyyəti dindar olan Türkiyədə bu addım DP-nin reytinqini xeyli yüksəltdi. Bununla yanaşı, bir çox Atatürkçü ziyalı bunu bəyənmədi. Daha təhlükəlisi isə o idi ki, ordu dəyişikliyi bəyənmədi. İndiki dövrdə bu hal əcaib görünə bilər, amma o zaman sekulyarizmə ciddi təhdid hesab edilirdi.

DP iqtidarının ikinci ciddi qərarı da elə həmin ayda qəbul olundu. İyunun 25-də Şimali Koreya qüvvələri Cənubi Koreya üzərinə hücuma keçdilər. Elə həmin gün BMT Təhlükəsizlik Şurasının iclası keçirildi. TŞ ABŞ-ın irəli sürdüyü qətnaməni qəbul etdi, Şimali Koreya təcavüzünü pislədi və BMT bayrağı altında Cənubi Koreya tərəfdə konfliktə müdaxilə etməyə icazə verdi.

O zaman SSRİ TŞ iclaslarını boykot etdiyindən veto hüququndan yararlana bilmədi. Veto hüququ olan digər dövləti – Çini isə 1971-ci ilə qədər BMT-də Çin Xalq Respublikası deyil, Çan Kay Şinin rəhbər olduğu Homindan hökuməti təmsil edirdi və o da qətnamənin lehinə səs verdi. Bu faktların mövzumuza aidiyyatı olmasa da, oxucularda “SSRİ və Çin niyə veto qoymadı?” sualı yarana biləcəyinə görə xatırladım. Çünki həmin sual cavabını tapana qədər mənə də rahatlıq verməyib.

İkinci dünya müharibəsindən sonra SSRİ-nin bir sıra əsassız tələbləri ilə üz-üzə qalan Türkiyə öz təhlükəsizliyini Qərblə daha yaxın münasibətlərlə təmin etməyə çalışırdı, xüsusən də NATO-ya üzv olmağa can atılırdı. Ortaya çıxan Koreya savaşını Menderes hökuməti ABŞ və NATO ilə hərbi müttəfiqlik üçün bir fürsət kimi dəyərləndirdi.

Sentyabrda 5090 nəfərlik türk hərbi birliyi gəmilərlə Koreya yarımadasına yola düşdü. Oktyabrda konflikt zonasına çatan türklər qısa müddət sonra döyüşlərdə iştirak etdilər. 1953-cü ilin iyuluna kimi davam edən əməliyyatlarda ümumilikdə 15 minə yaxın Türkiyə əsgəri iştirak etdi. Onlardan 721-i həlak oldu, 175-i itkin, 234-ü əsir düşdü.

Koreya müharibəsi Türkiyəyə xarici siyasətindəki əsas məqsədinə çatmağa – NATO-ya üzv olmağa imkan verdi. 1949-cu ildə yaranan hərbi alyansın ilk genişlənməsi 1952-ci ilin fevralında Türkiyə və Yunanıstanın təşkilata qəbul olunması ilə baş verdi. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, SSRİ ilə Qərb arasında bərqərar olan soyuq müharibə səbəbindən ABŞ da Türkiyə ilə müttəfiqlikdə maraqlı idi.

ABŞ-Türkiyə müttəfiqliyinin önəmi prezident Cəlal Bayarın 1954-cü ilin yanvarın sonlarında başlayan ABŞ səfəri zamanı bir daha təzahür etdi. Bir ay (26 yanvar – 27 fevral) davam edən səfərdə Türkiyə prezidenti müxtəlif təşkilatların qonağı oldu, mükafatlara və fəxri adlara layiq görüldü, konqresdə isə ayaq üstündə alqışlarla qarşılandı.

***

Demokrat Partiyanın hakimiyyətə gəlişi Türkiyə iqtisadiyyatının ciddi irəliləyişi ilə müşayiət olundu. Şübhəsiz ki, burada əsas rolu Marşall planı çərçivəsində ABŞ-dan gələn yardımlar oynayırdı. 1948-1951-ci illərdə bu plan çərçivəsində Türkiyəyə 137 milyon dollar yardım edildi (silahlı qüvvələrinin modernləşməsi üçün edilən yardımlar bura daxil deyil). Bu o dövrün kursu ilə böyük məbləğ idi və sonrakı illərdə Marşall planı yekunlaşsa da, ABŞ tərəfindən yardım davam edirdi.

Yardım ilk növbədə Türkiyənin kənd təsərrüfatının mexanikləşdirilməsinə sərf olundu. Əgər 1944-cü ildə Türkiyədə cəmi 956, 1948-ci ildə isə 1750 traktor var idisə, 1955-ci ildə onların sayı 40282 idi. Türklərin “biçerdöver” dedikləri kombayn 1948-ci ildə 994 ədəd ikən, 1953-cü ildə 4458 ədəd oldu. Nəticədə əkilən torpaq sahəsini həcmi və toplanan kənd təsərrüfatı məhsullarını miqdarı xeyli artdı. 1953-cü ildə bugda istehsalına görə Türkiyə dünyada dördüncü yerə çıxdı.

Bu illərdə əsas taxıl istehsalçıları olan ABŞ və Kanada Koreya müharibəsinin daha böyük konfliktə çevrilə biləcəyindən çəkinərək başqa ölkələrə taxıl satmır, özləri üçün ehtiyat yığırdılar. Nəticədə türk buğdası üçün bazar yarandı, üstəlik qiymətlər artdı. 1950-1954-cü illərdə Türkiyə iqtisadiyyatı hər il orta hesabla 13% həcmində artım göstərir. 1950-ci ildə adambaşına 434 lirəyə bərabər olan milli gəlir 1953-cü ildə 555 lirəyə qalxdı.

Menderes hökuməti dövründə Türkiyədə avtomobil yollarının çəkilməsinə xüsusi önəm verilir. Əl əməyini xeyli dərəcədə texnikanın əvəz etdiyi bu sahədə istifadə olunan müxtəlif texnikanın sayı 1948-ci ildə 536 idisə, dörd il ərzində on dəfədən çox artaraq 5567-yə çatırdı. Bayar-Menderes iqtidarının sonuncu ili olan 1960-cı ildə isə bu rəqəm 11687-yə bərabər idi.

1950-ci ildə yol çəkilişinə 94,5 milyon lirə xərclənmişdi, bunun da 25, 38 milyonunu ABŞ yardımı təşkil edirdi. 1953-cü ildə ABŞ yardımının 15 milyon lirəyə düşməsinə baxmayaraq, ümumi xərclər 227 milyona lirəyə yaxın məbləğ təşkil edirdi. 1949-1960-cı illərdə Türkiyədə ümumi uzunluğu 48491 metr olan 1255 körpü çəkildi.

menderes-bayar.jpg
A.Menderes və C.Bayar

Bu dövrə qədər Türkiyədə uzaq məsafəyə yük daşıması dəniz və dəmiryolundan sonra əsasən dəvələrlə həyata keçirilirdisə, indi onları yük maşınları əvəz edir. 1948-ci ildə dəvə sayı 108 852 idisə, 1957-ci ildə iki dəfə azalaraq 54587-yə düşdü. Əvəzində yük maşınlarının sayı az qala 3,5 dəfə artdı. 1948-ci ildəki 10596-dan 1957-ci ildə 35070-ə çıxdı.

Belə hal yükdaşıma xərclərini xeyli azaltdı. İndi kənd təsərrüfatı məhsullarını bir yerdən digərinə daşımaq xeyli ucuz başa gəlirdi. Eyni zamanda sərnişindaşımada da qiymətlər endi. 1949-cu ildə Ankaradan İstanbula getmək 18 saata və 15 lirəyə (1 dollar 2,9 lirəyə bərabər idi) başa gəlirdi. Cəmi iki il sonra bunun üçün 14 saat və 10 lirə kifayət etdi.

1950-ci illərin birinci yarısında bir neçə su elektrik stansiyaları və su dəryaçaları istifadəyə verildi. 1953-cü ildə ABŞ-ın ayırdığı 25 milyon dollar kredit əsasında Seyhan su anbarı və su elektrik stansiyasının tikintisinə başlanıldı. Süni suvarma traktor sayının artması ilə yanaşı əkin sahələrinin çoxalmasında ciddi rol oynadı. 1950-1960-cı illərdə Türkiyədə elektrik istehsalı 3,5 dəfə artdı.

Bu illərdə Türkiyə əsasən kənd təsərrüfatı ölkəsi olsa da sənayedə də nəzərəçarpacaq irəliləyiş baş verir. Oxucuları rəqəmlərlə çox yormadan sadəcə onu qeyd edim ki, 1953-cü ildə sənaye istehsalı indeksi 1948-ci illə müqayisədə 168% təşkil edirdi.

Amma bu ürəkaçan rəqəmlərin arxasında ciddi nöqsanlar dururdu. DP müxalif olduğu dövrdə təbliğ etdiyi iqtisadiyyatın liberallaşdırılmasını cüzi şəkildə həyata keçirdi, etatizm siyasəti xeyli dərəcədə davam etdirildi. Türkiyə iqtisadiyyatı əsaslı dərəcədə xarici yardımlardan və kreditlərdən asılı vəziyyətə düşdü.

Xarici ticarətdə idxalla ixrac arasındakı fərq birincinin xeyrinə artırdı. 1950-ci ildə 22,7 milyon dollar təşkil edən bu fərq beş il sonra səkkiz dəfə artaraq 184,3 milyon dollara bərabər idi. Belə ölkənin valyuta ehtiyatlarının tükənməsinə və xarici borcunun artmasına səbəb olurdu. 1950-1960-cı illər Türkiyə Cümhuriyyətinin xarici borcunun ən sürətlə artdığı dövr oldu: 775 milyon lirədən 10 milyard 24,7 milyon lirəyə qalxdı. Bu problemlər DP iqtidarının sonrakı illərində öz təsirini göstərəcəkdi.

***

Menderes hökumətinin ilk illəri ictimai-siyasi həyatın xeyli dərəcədə mülayimləşməsi ilə əlamətdardır. Mütərəqqi mətbuat qanunu qəbul edildi, bir sıra işçi hüquqlar təmin edildi, əhalinin sosial müdafiəsi qismən yaxşılaşdırıldı.

Hakimiyyətə gəldikdən iki ay sonra DP böyük bir amnistiya qanunu qəbul etdi. Nəticədə siyasi baxışlarına görə həbs olunan xeyli sayda insan azad edildi. Onların arasında 1938-ci ildə 28 il 4 aylıq həbs cəzasına məhkum edilən və bunun artıq 12 ilini çəkən məşhur şair Nazim Hikmət də vardı.

Amnistiya Cinayət Məcəlləsinin əksər maddələrinə şamil edildi. Hətta ölüm hökmləri 20 il, ömürlük həbs isə 15 il həbs cəzası ilə əvəz edildi. O dövrün Cəza işləri genel müdirinin verdiyi proqnoza əsasən, amnistiya məhkum olunan, haqqında həbs qəti imkan tədbiri seçilən və ya həbssiz ittiham olunan 40-45 min adama şamil ediləcək, həbsxanalarda cəmi 3 min dustaq qalacaqdı.

Amma 1954-cü il seçkiləri yaxınlaşdıqca Menderes iqtidarı müxalifətə qarşı daha avtoritar davranmağa başladı. 1953-cü il iyulunda Millət Partiyasının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. 1954-cü ilin yanvarında isə “dini esasa dayanan ve gayesini saklayan bir cemiyet olduğu” hökmü ilə partiya rəsmən qadağan edildi. Partiyanın parlamentdəki yeganə təmsilçisi olan Osman Bölükbaşı təcili olaraq yeni partiya yaratmağa başladı və ona Cümhuriyyətçi Millət Partiyası (CMP) adını verdi.

CHP-yə qarşı isə 1953-cü ilin dekabrında “Haksız iktisap yasası” qəbul edildi. Bu qanuna görə, CHP-nin bütün mülkü, hətta “Ulus” qəzeti belə haqsız əldə olunması bəhanəsi ilə əlindən alınırdı. Müəyyən qədər əsası olan belə bir qanunun parlament seçkilərinə 5 ay qalarkən qəbul olunması ədalətin bərpasından çox siyasi rəqib üçün handikap yaratmaq təsiri bağışlayırdı. Hətta Celal Bayar da öz xatirələrində həmin qanunun əleyhinə olduğunu yazırdı.

“Haksız iktisap yasası” palamentdə müzakirə olunarkən gərgin anlar yaşandı. DP-dən olan deputatlar hay-küy salaraq CHP lideri İsmət İnönüyə danışmağa imkan verməyəndə paşa özünün məşhur sözlərini dedi: “Tarix kürsüsündən halınızı seyr edirəm. Suçluların təlaşı içindəsiniz. İşıqdan qorxursunuz”.

***

Parlament seçkiləri mayın 2-nə təyin olunmuşdu. Demokrat partiyanın seçkilərdə qələbə qazanacağı şübhə doğurmurdu. Çünki yuxarıda sadaladığım problemlər hələ özünü göstərmirdi, üzdə olan isə həyat səviyyəsinin yüksəlməsi, gəlirlərin artması, mətbuata və dini etiqada basqıların azalması idi. Buna görə də Demokrat Partiyasının nüfuzu çox yüksək idi.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası üçün seçkilərdə mübarizə aparmaq olduqca çətin idi. Hətta indiki dövrdə belə seçicini idxalın ixracdan xeyli çox olması, xarici borcun ratması kimi xəbərdarlıqlarla müraciət etmək effektli deyil, altmış altı il öncənin Türkiyəsində isə heç deyildi. Buna görə də CHP-lilər qələbə çalmaqdan çox heç olmasa parlamentdəki təmsilçiliklərini artırmaq barədə düşünürdülər. Amma buna da nail olmadılar.

Onu da demək lazımdır ki, DP özünün müxalifət dönəmində tez-tez səsləndirdiyi “tərəfsiz prezident” tələbinə özü əməl etmədi. Cəlal Bayar seçki kampaniyasında ciddi surətdə iştirak etdi və DP-nin təbliğatını apardı.

1954-cü il seçkilərində DP Türkiyədə indiyə qədər heç bir siyasi partiyanın üstələmədiyi rekorda imza ataraq 58,4% səs topladı və parlamentdəki 541 yerdən 503-nə yiyələndi. Partiya ölkənin 64 vilayətindən 59-da qalib gəldi.

CHP isə yalnız dörd vilayətdə qalib gəldi: partiyanın iki alınmaz qalası olan Malatya və Qarsda, eləcə də Sinopda və Tuncelidə. Səs faizi ilk baxışda bərbad görünməsə də (35,1%), seçki sisteminin özəlliyi üzündən (bu barədə əvvəlki məqalədə bəhs etmişdim) partiya yalnız 31 mandat və ya parlamentdəki yerlərin 5,7%-ni qazandı.

CMP isə yalnız bir vilayətdə, Osman Bölükbaşının doğma vilayəti olan Kırşehirdə qalib gəldi. Bu qələbə partiyaya 5 mandat qazandırdı. Partiya ümumən ölkə üzrə isə səslərin 5,3%-i toplanıldı. Seçkidən sonra Menderes bunu Kırşehirə bağışlamayacaq. Daha iki yeri isə müstəqil namizədlər qazandı.

Beləliklə, Demokrat Partiyası 1954-cü il seçkilərindən möhtəşəm qələbə qazandı. Partiya səslərin 58,4%-ni, parlamentdəki yerlərin isə 93%-ni qazandı. Türkiyə tarixinin çoxpartiyalı dönəmində heç bir partiya belə əzici çoxluğa malik olmayıb və yəqin ki, olmayacaq. Partiya öz şöhrətinin zirvəsində idi. Təəssüf ki, bu uğur DP iqtidarınən, xüsusən Baş nazir Adnan Menderesin başını döndürdü.

Ana səhifəXəbərlərBayar-Menderes iqtidarı: yüksəliş