”Azərişıq”-ın ”ağıllı sayğac”ları

Osman Gündüzün şəxsi arxivi
Osman Gündüz
Osman Gündüz

“İşıqpulu” məsələsində texniki problem və ya kütləvi saxtakarlıq olubmu?

“Ağıllı sayğac”larla bağlı qısa bir araşdırma aparandan sonra qənaətim budur ki, son aylarda “Azərişıq”-ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar var.

Yəni mediada müzakirə mövzusuna çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf edib, “ağıllı sayğac” bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü olaraq da sərfiyyatı düz hesablamayıb.

İlk öncə təəssüf edirəm ki , bu qədər narazılıqlardan sonra indiyədək də sahə üzrə heç bir ekspert, sahə üzrə bir ictimai qurum normal bir araşdırma aparıb mediada bunu paylaşmayıb. Əvvəllər peşəkar jurnalist araşdırmaları da olurdu. Bilmirəm, bəlkə də olub, o da mənə rast gəlməyib.

“Azərişıq” isə hələlik problemi RİYAZİYYAT üzərinə gətirməklə izah etməyə üstünlük verir.

Şübhələr isə problemin riyaziyyatla deyil, ELEKTRONİKA, FAKTURA, İNSAN AMİLI VƏ YA KƏNAR MÜDAXİLƏ ilə əlaqəli ola biləcəyini deyir.

Ümumiyyətlə, qısa araşdırmada görmək olar ki belə bir problem çox yerlərdə olubmuş. “Ağıllı sayğac” lara qarşı ciddi ittihamlar çox olub. Hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub.

Köhnə sayğaclardan “ağıllı sayğac” ın əsas fərqi odur ki, onun sadəcə yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni “Azərişıq”-a ötürülür. Sistem elə qurulub ki, “Azərişıq” uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir.

Buradan belə qənaətə gəlmək olar ki, sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problem aşağıdakı səbəblərdən yarana bilər :


1.

“Ağıllı sayğac ”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni sərfiyyatı sadəcə düz hesablamır.


2.

“Azərişıq”-ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir faktura sistemə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu)


3.

İnsan amili rol oynayıb. Yəni manual olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.


4.

Ola bilər ki “Azərişıq”-ın real faktura sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də manual olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də, əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.


5.

Sosial mediada bəzən səslənir ki, bu, “Azərişıq” tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Dərhal qeyd edim ki, bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür.

Beləliklə, bir daha qeyd etmək istərdim ki, yuxarıdakılar mənim versiyalarımdır. Sahə üzrə peşəkarlar, aidiyyatı dövlət qurumları daha dəqiq diaqnoz qoya bilər.

Düşünürəm ki, “Ağıllı sayğac”ın düz işləməsini Standartlaşdırma üzrə müvafiq dövlət qurumu müstəqil ekspertləri də cəlb etməklə qısa bir zamanda yoxlaya bilər.

“Azərişıq”-ın faktura sistemi, ötürmə kanalları və kənar müdaxilələrlə bağlı vəziyyəti isə fikrimcə, XDMX, VXSİ Dövlət Agentliyi və digər aidiyyatı dövlət qurumlarının müstəqil ekspertlərlə birgə audit etməsi daha doğru yanaşma olardı.

Məhz bu formada araşdırma nəticəsində əldə olunan informasiya güvənli hesab oluna bilər.

Ana səhifəAnalitika”Azərişıq”-ın ”ağıllı sayğac”ları