Azərbaycanda Təhsil Tələbə Krediti Fondu yaradıldı

Fondun fəaliyyətinə cari rəhbərliyi üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Source: Specify Source


Fondunun nizamnamə kapitalının məbləği 80 milyon manatdır

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb.

Əhalinin aztəminatlı təbəqələrinin təhsilə əlçatanlığını təmin etmək, bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə imzalanan Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq

edilib.

Sənəddə deyilir ki, fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir.

Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən yeddi üzvdən ibarət Himayəçilik Şurası yaradılır.

Fondun fəaliyyətinə cari rəhbərliyi üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə (Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; Fondun idarəetmə orqanlarının yaradılması; Fondun yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli) həvalə edilir.

Fərmana əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etsin.

Fond hesabına tələbə kreditlərinin verilməsi qaydasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Mərkəzi Banka Fondun vəsaiti hesabına verilmiş kreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etmək tövsiyə olunub.

Təhsil Nazirliyinə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin yaradılmasını təmin etmək, Fondun dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi gündən 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək tapşırığı verilib.

Həmçinin Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət İmtahan Mərkəzi, habelə ali, orta ixtisas və peşə təhsili müəssisələri Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının Elektron Hökumət İnformasiya Sistemi üzərindən cavablandırılmasını təmin etmək üçün bir ay müddətində zəruri tədbirlər görülməyi tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanın 8-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını iki ay müddətində təmin etsin.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanın 8-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını iki ay müddətində təmin etmək tapşırılıb. Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Nizamnamənin 4.1-ci bəndində nəzərdə tutulmuş maliyyələşməni təmin edəcək.

Təhsil Nazirliyinin tabeliyində yaradılacaq Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir.

Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.

Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq.

Fond sərbəst pul vəsaitindən yalnız fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi, təhsil tələbə kreditlərinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlarının əldə olunması, beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklarda depozitlərin yerləşdirilməsi üçün istifadə edə bilər.

Ana səhifəSosialAzərbaycanda Təhsil Tələbə Krediti Fondu yaradıldı