Azərbaycanda qadağan olunmuş kitab

Bu gün də əksər avtoritar rejimlər öz ölkələrində azadlıq küləyinin əsməsinin qarşısını almaqla məşğuldular

Source: Meydan TV


Bu gün də əksər avtoritar rejimlər öz ölkələrində azadlıq küləyinin əsməsinin qarşısını almaqla məşğuldular

21-ci əsrdə, ilin-günün bu vaxtında, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasında, Avropa Şurasının üzvü olan ölkədə kitab qadağan olunur. Deməli, ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” kitabının çapı Dini Qurumlar İş Üzrə Dövlət Komitəsi tərəfindən yasaqlanıb. Halbuki, kitabda ölkə konstitusiyasına və qanunvericiliyə zidd heç bir şey yazılmayıb. Orda radikallığa, ekstrimizmə, zorakılığa, bölücülüyə heç bir çağırış olmadığı halda, bu kitab niyə qadağan edilməlidir ki?! Əksinə, kitabın qadağan olunmasının özü ölkə vətəndaşının konstitusion haqlarını pozur.

Ümumiyyətlə, Elşad Mirinin “Youtube”dəki videolarından davamlı olaraq yararlanaraq, çoxlu məlumat əldə edirəm. Adam əsl maarifçidir. O, insanların uydurduqları dini ehkamları öz məntiqli və tutarlı mülahizələri ilə sıradan çıxarır. Ənənəvi, daha doğrusu, təhrif olunmuş dinin dediklərini təkzib edir və daha praktik və faydalı məsələlərə işıq salır. Mirinin dediklərini təhlil edəndə, müsəlmanların niyə hələ də inkişaf etmədiyini daha yaxşı anlamaq olur. Əslində onun yasaqlanmış kitabında məhz Azərbaycanda cahilliyin və xurafatın çoxalmasında əsas rol oynayan nüansların İslamda olmadığı ilə bağlı fikirlər yer alır. “İslamda yoxdur” kitabında qeyd edilir ki, İslam dinində sehr, siğə, huri, azyaşlıların evləndirilməsi, seyidlik, ölüyə Quran oxutdurulması, peyğəmbərlərin məsumluğu kimi məsələlər yoxdur.

Komitənin qadağa ilə bağlı açıqlaması isə absurd söz yığınından ibarətdir. Kitabla bağlı komitənin dinşünaslıq ekspertizasının rəyində yazılıb ki, orada ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər yer alıb. Həmin fikirlər isə, əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır.

Guya ölkədəki müsəlmanlar kitabda yazılanları oxumağa hazır deyillər. Kimin nəyi oxuyub-oxumadığına sizmi qərar verəcəksiniz?! Bəli, təzadlarla dolu ölkədə yaşayırıq. Elə bil körpə uşaqlarıq ya da başqa planetdən gəlmişik bura. Yer kürəsinə uyğunlaşmaqda çətinlik çəkirik, pis və yaxşını ayırd edə bilmirik, höküməti də şəxsi təlimçi kimi tutmuşuq ki, bəs, biz, nəyə hazır olub-olmadığımızı bilmirik, sən özün bizi yönəlt, yediyimiz-içdiyimizə, geyim-keçimimizə, gülüb-ağlamağımıza nəzarət et. Amandır, birdən çaşıb yersiz nəsə oxuyarıq, nəyisə düz eləmərik bütün beynimiz pozular.

Dünyada çoxlu sayda kitablar var ki, vaxtı ilə müxtəlif yerlərdə qadağan olunub. Qadağaların əsas motivləri siyasi, dini və seksual xarakterli olub. İndi dünya dəyişib. Əksər ölkələrdə senzura aradan qalxıb, müstəqillik özü ilə bərabər ədəbiyyat sahəsinə də azadlıq gətirib. Bu gün əvvəllər qadağan olunan kitabların siyahısına baxdıqda heyrət edirəm. İçində azca azadlığa çağırış edən, total nəzarətə qarşı çıxan nə ədəbiyyat var idisə, SSRİ-də həmin kitablar qadağan olunmuşdu. İnsana bəxş olunmuş ən şirin və təbii nemət olan azadlıq totalitar, avtoritar rejimlər üçün həmişə zərərli virus kimi tanınıb. Fərdin, toplumun azadlığı məhz qapalı rejimlər üçün dağıdıcı virus rolunda olub.

Bu gün də əksər avtoritar rejimlər öz ölkələrində azadlıq küləyinin əsməsinin qarşısını almaqla məşğuldular. Onlar hər tərəfi hasarlayır, bütün dəlmə-deşikləri bərk-bərk qapayırlar ki, birdən içəri azadlıq küləyi girər və həmin qapalı yerin sabitliyini pozub, sonra da rejimi soyuqdan dondurub öldürər.

Bəzən içəridən də kimsə öz enerjisindən həmin küləkdən yaradıb, ətrafa paylayır. Belələrini lap qapalı, qaranlıq yerə salıb, cəmiyyətdən təcrid edirlər ki, başqalarını öz küləyi ilə “xəstələndirməsin”. Çox vaxt da onun özünü də necəsə xəstələndirib, zərərsizləşdirirlər.

Bütün hallarda azadlıq insan təbiətinin bir parçasıdır və kimsə bu təbiətə qarşı çıxanda da, təbiət onu cəzalandırır. Suyun, küləyin qarşısını almaq bəzən çox çətinləşir. Çünki içəridən çürümə gedir. Hardasa, nəyinsə materialında vaxtın ya səriştəsizliyin təsiri ilə keyfiyyət ölməyə başlayır. Bu da təbii şəkildə küləyin içəri keçməsinə səbəb olur. Nəticədə qala kimi iri və əzəmətli bəndlər, hasarlar, divarlar güclü küləyin təsiri qarşısında duruş gətirə bilməyib, darmadağın olurlar.

Qadağan olunan şeyə həmişə maraq yaranır. İnsanın psixologiyası belə qurulub. Uşaqlıqdan bunu görmək, rahat müəyyən etmək mümkündür. Valideynlərimizin bizə israrla qadağa etdiyi hər şeyə qarşı şiddətli maraq göstəririk. Bu sayaq marağın kökündə nəfs durur. Nəfs – yaradılışdan insan bədəninin bütün istəklərinin məcmusudur, o, istəklərə nəzarət edən bir gücdür. Nəfs daima maqnit kimi onu cəlb edən şeyləri özünə çəkmək istəyir. Bir mənada nəfs elə insanın özüdür, onun əxlaq, tərbiyə kriteriyalarıdır. İnsan nəfsinin haqlı istəkləri var və onları təmin etmək bizim borcumuzdur. Ümumiyyətlə, bəzilərinin dediyi kimi, “nəfsi öldürmək” kimi bir anlayış doğru deyil. Sadəcə, nəfsi mənəvi dəyərlərin və iradənin gücü ilə tərbiyə etmək, daim nəzarət altında saxlamaq mümkündür. Bu da azad və şəxsi seçim ilə olan nəzarət olmalıdır.

Azadlıq olan sivil ölkələr öz cəmiyyətlərini bu cür sağlam dəyərlərlə formalaşdırıb nəzarətdə saxlaya bilirlər. Onlar istədikləri şeylərə sırf xoşlarına gəlmədiyi üçün kor-koranə, acığa qadağa qoymurlar. Vətəndaşlarına azadlıq, keyfiyyətli təhsil, müstəqil iqtisadi imkanlar verərək idarə edirlər. Həmin ölkələrdəki hökümətlər bilirlər ki, ilin-günün bu vaxtı hansısa kitabın satışını qadağan eləmək onları necə nüfuzdan sala bilər.

Ümid edək ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi verdiyi yanlış qərardan vaz keçər və senzuranı aradan qaldırıb ölkəmizin adını “kitaba senzura qoyan” ölkələr siyahısına düşməsinə zəmin yaratmaz.

Ana səhifəMənim FikrimcəAzərbaycanda qadağan olunmuş kitab