Ayrılan milyonlar və ya fövqəladə sınaqdan çıxa bilməyən FHN

“Hadisə baş verəndən 10 saat sonra qəza yerinə yetişən qurumun nəyi Xüsusi Riskli Xidmət adlanır?”

Source:

“Günəşli” yatağındakı yanğıından ayyarımdan çox vaxt keçir. Dekabrın 4-də baş verən güclü qasırğa10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxardı, nəticədə yanğın baş verdi. Rəsmi məlumatlara görə, hadisə zamanı 32 nəfər xilas edildi, 7 nəfər həlak oldu, 23 nəfər itkin düşdü. Bu, 2015 ci il ərzində baş verən ikinci böyük yanğın idi.

Ondan öncə mayda Azadlıq prospekti, 200/36 ünvanında yerləşən binada baş verən yanğın nəticəsində 15 nəfər dünyasını dəyişdi, 60-dan çox şəxs müxtəlif dərəcəli xəsarətlər aldı. Hər iki hadisədə Fövqəladə Hallar Nazirliyinin (FHN) işi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu və tənqid edildi. Ayrıca məsələ həm də 40 gün ötməsinə baxmayaraq, “Günəşli” yatağında yanğının söndürülə bilməməsi ilə bağlıdır. FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər davam edir. Bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini fasiləsiz olaraq davam etdirir. Amma sonunda yenə də yanğının söndürülməsi üçün Amerikadan mütəxəssis gətirildiyi də bildirilir.

Fövqəladə Hallar Nazirliyi 10 ilə yaxındır yaradılıb. Nazirliyin ardıcıl kecirdiyi təlimlərlə bağlı kütləvi informasiya vasitələrində xəbərlər verilir. Amma ötən il baş verən yanğınlar təlimlərin yetərli olmadığını göstərdi. Söhbət sadə xilasedicilərin işindən yox, ümumilikdə kompleks xilasetmə işlərinin yetərsizliyindən gedir. Təkcə keçən 6 ildə 4 böyük hadisə – Kür daşqınları, Zaqatala-Balakən bölgəsində zəlzələ, 2015-ci ilin mayında yanan bina və “Günəşli” özülündə yanğın.

Bu hadisələrin ən çox yaratdığı qalmaqallarla bu araşdırmada ortaya çıxan rəqəmləri müqayisə etmək mümkündü.

Öncə bu suala cavab axtaraq: Fövqəladə Hallar Nazirliyinin saxlanması ölkə büdcəsinə hansı məbləğə başa gəlir?


Büdcə

Büdcədən FHN-ə ayrılan pulların təyinatı müxtəlifdir. O rəqəmləri cəmləyib, son 8 il üzrə ümumiləşdirilmiş rəqəmləri təqdim edək. Nazirliyin yaradılmasından sonra büdcədən ilk ayrılma 112 milyon 536 min 247 manat olub.

Son 5 il ərzində ən çox ayırmalar 2015-ci ildə olub, təxminən 175 milyondan bir qədər artıq. Ümumən 8 ildə isə büdcədən FHN üçün təxminən 8 ilə 2 milyard 39 milyon 688 min 917 manatdan çox pul ayrılıb. İllər üzrə ayrılan vəsaitlə aşağıdakı cədvəldə tanış ola bilərsiz:


Təbii fəlakətlərə ayrılan milyonlar və məhkəmələrdə bitən FHN-vətəndaş qarşıdurmaları

Əslində illər üzrə büdcəya baxanda aydın olur ki, hər il büdcədən nazirliyin inzibati və digər xərclərinə ayrılan məbləğdən əlavə, ölkədə baş vermiş təbii fəlakətin və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər üçün də ayırmalar nəzərdə tutulub. Hətta 2013-cü ildə bu məbləğ 140 milyon manat olub.

2012-ci il, mayın 7-də res­pub­li­kanın şi­mal-qərb böl­gə­sin­də baş ver­miş zəl­zə­lə nə­ti­cə­sin­də Za­qa­ta­la, Ba­la­kən və Qax ra­yon­la­rın­da ya­şa­yış ev­lə­ri­nə, so­sial və inf­rast­ruk­tur ob­yekt­lə­ri­nə cid­di zi­yan dəy­di.

Pre­zi­dent İl­ham Əli­ye­vin tap­şı­rı­ğı­na əsa­sən, zəl­zə­lə­nin nə­ti­cə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı məq­sə­di­lə dəy­miş zi­ya­nın müəy­yən­ləş­di­ril­mə­si və ara­dan qal­dı­rıl­ma­sı ilə əla­qə­dar Fövqəladə Hallar Nazirliyində ko­mis­si­ya­lar ya­ra­dıl­dı və mü­va­fiq təd­bir­lər hə­ya­ta ke­çi­ril­di. Contact.az saytının yaydığı məlumata görə, İlham Əliyevin göstərişinə əsasən, Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb. Sonra əlavə olaraq ölkə ərazisində baş vermiş fövqəladə halların aradan qaldırılması üçün 2012-ci il dövlət büdcəsindən 300 milyon manat və Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci ildəki sərəncamı ilə 100 milyon manat vəsait ayrılıb.” (

Mənbə

)

Yazıda eyni zamanda xüsusi qeyd olunur ki, ilk günlər FHN xilasedici funksiyalar daşıyan təşkilat kimi hərəkət edərək, 10 min ailəni çadır, ərzaq və digər yardımla təmin edirdisə, sonradan vəziyyət kəskin şəkildə dəyişdi. Operativlik bəhanəsi ilə yüksək vəzifəli məmurlara yaxın inşaat şirkətləri tendersiz seçildi. İşlərə az ixtisaslı ucuz işçi qüvvəsi cəlb edildi. Əmək müqavilələri bağlanmadı, əmək haqqı isə müvafiq rəsmiləşdirmə olmadan ödənilir, fəhlələr mənzil və yeməklə təmin edilmir. İnşaatla bağlı sənədlər şəffaf deyil. Bu fonda inşaatçıların etiraz və intihar halları qeydə alınıb. “Kür daşqını zonasında da olduğu kimi, bir kvadrat metr mənzilin qiyməti ən az iki dəfə artırılaraq, 600 manat və daha çox göstərilib ki, bu da açıq-aşkar vəsaitlərin mənimsənildiyini göstərir. Bu, “AZ Dizayn İnşaat” şirkətinin Bakıda təklif etdiyi qiymətlərlə müqayisədə görünür. Bu şirkət hər kv. metri 335 manatdan sanitar qovşağı və mərkəzi isitmə sistemi olan evlər tikməyi təklif edir. FHN-in tikdiyi evlərdə isə sanitar qovşaq və mərkəzi isitmə sistemi yoxdur. Kür daşqını zonasında da eyni vəziyyət müşahidə olunurdu, burada rəsmi ekspertiza FHN-in inşaat təşkilatlarının qiymətləri hədsiz artırdığını müəyyən edib. Lakin Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Baş Prokurorluq nəzdində Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Ramiz Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyası sui-istifadə və milyonlarca vəsaitin mənimsənilməsi faktlarını görmür”.

Halbuki fəlakətin və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər üçün 2013-cü ildə dövlət büdcəsində ayrılan vəsaitin öncəki illərdən 10 dəfə çox olması bu bölgədə zərərçəkənlərə yardım üçün nəzərdə tutulmuşdu. Son 8 il üzrə isə ölkədə baş vermiş təbii fəlakətin və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan ümumi məbləğ təxminən 1 milyard 98 milyon manat həcmindədir. Bu ayırmalarla aşağıdakı cədvəldə tanış ola bilərsiz. (mənbə:budget.az)

2010-cu ilin yazında Kür-Araz daşqınları zamanı da FHN -in fəaliyyətində problemlər qeydə alınmışdı, qurumun vətəndaşlarla məhkəmə prosesləri Avropa Məhkəməsinə qədər uzanıb.

Dövlət Proqramından kənarda qalan sakinlərdən 119-u FHN-ə qarşı məhkəmə iddiası qaldırıb: “2010- cu ildə baş vermiş Kür-Araz daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən

420 milyon manat

vəsait ayrılıb. Təmir, bərpa və tikinti işlərinin aparılması, zərərçəkənlərə müvafiq kompensasiyaların verilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Vəsaitlərin xərclənməsində korrupsiya, ayrı-seçkilik, məmur özbaşınalığı və s. kimi ciddi qanun pozuntuları qeydə alınıb. İddiaçıların hüquqlarını “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı qoruyur. (

Mənbə

)


Tenderlər

Tender.gov.az saytına əsasən nazirlik bu məbləğlərdən sadəcə 20 milyona yaxın bir hissəsini tenderlərə sərf edib. Nəzərə alın ki, tenderlər barədə məlumatı sadəcə 2015-ci ilin birinci yarısına qədər əldə edə bilmişik. Onun da təxminən 6 milyon manatı Maddi Texniki Təhcizat İdarəsinin, təxminən 1 milyondan çox vəasit də Dövlət Yanğından Mühafizə İdarəsi və Dövlət Yanğın Nəzarəti Xidmətinin tenderləri üçün sərf olunub. 20 miyondan qalan məbləğ dəftərxana materialları, təmir-tikinti kimi digər işlərə sərf olunub. Təəssüf ki, nazirlik xilasediclilər üçün və bu istiqamətdə alınan qurğular və texnika barədə sadəcə ümumi məlumat verir, onların məbləğləri barədə sayta informaisya yerləşdirmir. Yəni bu istiqamətə yönəldilən vəsaitlərin xərclənməsi şəffaf deyil.

Mənbə: tender.gov.az

Əslində hər iki yanğından sonra istintaq qrupu həm də FHN nin yetərlilik və zamanında yetişmək məsələsini də araşdırmalıydı. Məsələn, 2015-ci ilin mayında yanan binada yuxarı mərtəbələrə su vurulması problemi vardı, sonra əlaqədar orqanlar bunun üçün zəruri texnikanın olmamasını bildirmişdilər. Halbuki 2009-cu ildə Prezident üçün təşkil olunan sərgidə, FHN öz texnikasını nümayiş etdirərkən hər iki yanğının söndürülməsindən ötrü zəruri olan texnika da nümayiş olunurdu.


Ekspert rəyi

Ümumiyyətlə, nazirlikdən verilən məlumatlarda bir neçə dəfə bildirilib ki, hava şəraitinin pis olması “Günəşli” yatağındakı yanğını söndürməyə mane olur. “Dövlət büdcəsinə 4 milyarda yaxın manata başa gələn (sadəcə müəyyən etdiyimiz məbləğlərə əsasən. FHN hər il dövlət investisiya qoyuluşu üzrə də vəsait alır) nazirlik hava şəraitinin ümidinə qalacaqdısa, onu saxlamağa ehtiyac varmı” sualına iqtisadçı ekspert Natiq Cəfərli cavab verir: “Azərbaycanda büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməməsi həmişə bu nazirliyin işində də özünü büruzə verib. Əsas məsələ hesabatlılığın olmamasıdır ki, bu da iqtisadi problemdən çox, siyasi problem, idarəetmə qüsurudur. Vəsaitlərin xərclənməsi hesabatlı olmalı, şəffaf aparılmalıdır, bu, olmadıqda problemlər də yaranır. Məsələn, qonşu Gürcüstanda oxşar struktura ayrılan vəsait bizdən 10 dəfəyə qədər azdır, amma fövqəladə hadisələr zamanı fəaliyyətin effektivliyi daha yüksəkdir, çünki parlament və cəmiyyət qarşısında hesabatlılıq var.

Ekspert hesab edir ki, vəsaitlər məqsədyönlü istifadə olunmayıb:

Ayrılan vəsaitin məqsədyönlü istifadəsi, öncədən müəyyən olunmuş indikatorlara görə ölçülməlidir. FHN-nin belə indikatorları yoxdur. Son illərdə ölkədə dəfələrlə təbii və texnogen fəlakətlər olub, həmin hadisələr zamanı insan təlafatlarının çox olması, vaxtında və effiktiv müdaxilələrin olmaması onu deməyə əsas verir ki, nazirliyin işi qənaətbəxş deyil”.

İkinci əsas məsələdə FHN-in fəaliyyəti nə qədər effektlidir? Məsələn, “Günəşli” yatağında təhlükəsizlik tədbirlərinə tam əməl olunurdumu? Ölkədə yanğın təhlükəsizliyi sisteminin tamlığına nəzarəti FHN edir, bütün ölkədə, o sıradan sənayedə. Necə olur ki, nazirlik dükana girib siqnalizasiya, yanğınsöndürən balonun olub-olmamasını yoxlayır, neft-qaz çıxarılan yerdə isə təhlükəsizlik tədbirləri tam yerinə yetirilmir? Mülki-müdafiə sistemi başqa ölkələrdə necə təşkil olunur? Bu sualları hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb:

“Əgər bu gün güc strukturları arasında ən böyük ixtisarlar aparılmalı qurum varsa, bu, əlbəttə ki, Fövqəladə Hallar Nazirliyidir, desəm, yanılmaram. Dövlət büdcəsindən müdafiə və təhlükəsizliyə ayrılan milyonlarla maliyyə vəsaitinin əhəmiyyətli hissəsini bu qurum sadəcə göyə sovurur. Burada olan generalların sayı və onların hər ay dövlətdən aldıqları məvaciblərlə Azərbaycanın ucqar rayonlarından bəzilərini ay ərzində maliyyələşdirmək olar. Sadəcə bəzi bəlli vəzifəli şəxslər zamanında imkanlardan istifadə edərək, ştatları şişirdərək, FHN haqqında monstr bir dövlət qurumu obrazı yaratmağa nail oldular və çox təəssüflər olsun ki, bu acınacaqlı mənzərə bu gün də davam edir. Amma gəlin bu qurumun üzərinə düşən vəzifələri yerinə yetirməsinə ədalətlə diqqət yetirək. Elə sonuncu “Günəşli” yatağında baş vermiş çoxsaylı insan itkisi ilə bağlı qurumun Xüsusi Riskli Xidmətinin ortaya qoyduğu nəticə sadəcə utandırıcıdır. Mən əsla o qurumda çalışan və vəzifə borcunu vicdanla yerinə yetirən oğulların işinə kölgə salmaq istəmirəm. Amma nazirliyin cavan, hələ bığ yeri düz-əməlli tərləməmiş general rütbəli şəxsinin faciənin üstündən bir neçə gün keçdikdən sonra televiziya ekranlarına çıxaraq az qala sevincək şəkildə özlərinin qəhrəmanlıqlarından danışmasını yada salmaq kifayətdir ki, bu qurumun dövlət büdcəsini necə göyə sovurduğunun canlı şahidi olasan”.

Hərbi ekspert hesab edir ki, bu qurumda ixtisarlar aparılmalıdır: “Hadisə baş verəndən 10 saat sonra qəza yerinə yetişən qurumun nəyi Xüsusi Riskli Xidmət adlanır, mən şəxsən bunu hələ də anlaya bilməmişəm. Amma buradakı generalların sayı durmadan artır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən uzun illər sonra FHN yaradılıb. Məgər bu qurum yaranmamışdan əvvəl ölkəmizdə işlər getmirdi ki, bu böyda nəhəng bir nazirliyi yaratmaqla dövlət büdcəsinin xeyli hissəsini hər ilfaktiki dağıdırlar? Ötən il dövlət başçısı bu qurumun Material Ehtiyatları Agentliyinin tərkibində bəzi ixtisarların aparılması haqqında sənəd imzaladı. Hesab edirəm ki, bu proses davam etdirilməli və FHN əməlli-başlı “qaydaya salınmalıdır”. Şəxsi heyətin sayının azaldılması yolu ilə dövlət büdcəsinə külli miqdarda qənaət etmiş olarıq. Hesab edirəm ki, FHN ilə bağlı lazım olan addımı mütləq atmalıdırlar. Bu nazirliyin mərkəzi aparatının rəhbər şəxslərinin, hətta idarə və şöbə rəislərinin istifadə etdikləri xidməti maşınların sayı və qiyməti adamı heyrətə gətiməyə bilməz. Ən sonda, Binəqədi rayonunda məlum yanğın hadisəsində həyatını itirmiş 15 nəfərdən çox vətəndaşımızın da ölümünü mən bu qurumun vicdanına yazmaq istərdim. Çünki bu qurumun vəzifəli şəxslərinin məsuliyyətsizliyi və vəzifə borclarına səhlənkar yanaşmalarının acınacaqlı sonluğu idi ki, biz bu qədərə günahsız insanımızı itirdik. Yeri gəlmişkən, bu qurumun fəaliyyətsizliyi nəticəsində ölkə başçısının o təhlükəli bina üzlükləri ilə bağlı göstərişləri Gəncə şəhərində hələ də yerinə yetirilməyib. Nədi, hörmətli FHN naziri Kəmalləddin Heydərovun tabeçiliyində olanlar gözləyirlər ki, mütləq bir faciə, yanğın olsun, ondan sonra binaların üzünə çəkilmiş o “bombalar” yığışdırılsın? Bir sözlə, demək istəyirəm ki, keçmiş postsovet respublikaları içərisində Azərbaycanda FHN ən şişirdilmiş, həm ştat vahidlərinə, həm də mənasız maliyyə xərclərinə sahib olan dövlət qurumudur”.

Milli Şuranın sədri Cəmil Həsənli isə hesab edir ki, baş verən faciələrə düzgün siyasi qiymət verilməyib:

“Artıq 2016-cı ildir. Siz deyin, 19 may hadisəsinə görə kim məsuliyyətə cəlb olundu? Hamı bilir ki, yanğına davamsız üzlükləri kimsə gətirib çəkə bilməzdi binalara. Bunun arxasında böyük güclər var. Korrupsioner, monopolist dairələr var. Hamısı məsuliyyətdən kənarda qaldı. Və 19 may hadisəsinə düzgün siyasi qiymət verilmədiyi üçün dənizdəki hadisə baş verdi. Şübhəsiz ki, bu, təbii fəlakətdir. Amma hökumətin təbii fəlakətə qarşı tədbirləri olmalıdır. Necə olur ki, Neft Daşlarında işləyən bir nəfər də xarici vətəndaş ziyan çəkmir? Ziyan çəkən ancaq Azərbaycan vətəndaşlarıdır. Bu, bilavasitə hökumətin səhlənkarlığının, bacarıqsızlığının, Azərbaycan vətəndaşlarına etinasız münasibətinin nəticəsidir”.


Fövqəladə Hallar Nazirliyinə ünvanlanan suallar


Araşdırma aparılarkən FHN-nə də müəyyən suallar ünvanlandı. Ancaq nazirlikdən sorğuya hələ cavab verilməyib. Biz həmin sualları dərc edirik. Əgər nazirlik bu sualları nə zamansa cavablandırsa, onu da dərc etməyə hazırıq:

1. Zaqatala-Balakən zəlzələsi və Kür daşqınları üçün xərclənən vəsaitdən əlavə, təbii fəlakətlərə görə ayrılan məbləğlər hara xərclənib, şəffaflığı təmin olunubmu?

2. FHN-ə ayrılan pullarla bağlı dövlət audit yoxlaması aparılıbmı? Aparılıbsa, nəticəsi?

3.Təbii fəlakət bölgələrindəki işlər barədə Milli Məclisə hesabat verilirmi? Verilibsə, qənaətbəxş hesab olunubmu (tarixlər)?

4.FHN-də vəzifəsinin öhdəsindən gələ bilməməyə görə kimlərsə cəzalanıbmı?

5.FHN ekstremal hallarla bağlı planları barədə ictimaiyyətə açıqlama verirmi?

6. Türkiyədəki zəlzələdə göstərdikləri işlər niyə burda da nümayiş olunmur?

7. “Günəşli” özülündəki yanğın və eləcə də 19 may 2015-ci ildə baş verən hadisə zamanı gecikməyə görə cinayət məsuliyyətinə cəlb olunan olubmu?

8. Yuxarıda qeyd olunan hər iki yanğında texnika problemi yaşandı. Bu texnikaların təminatında hansı əngəllər var?

9. Baş Prokurorluq bugünə qədər olan təbii fəlakətlər zamanı FHN-in işi ilə bağlı hər hansı araşdırma aparıbmı? FHN belə bir istintaqa cəlb olunubmu?

Ana səhifəAraşdırmaAyrılan milyonlar və ya fövqəladə sınaqdan çıxa bilməyən FHN