AXCP: Prezidentin çıxışı milli ruhun oyanışından narahatlığın ifadəsidir

AXCP ölkə ictimaiyyətini və beynəlxalq təşkilatları İlham Əliyevin öz rəqiblərinə qarşı böhtan xarakterli bu aqressiv çıxışına həssas yanaşmağa səsləyir

Foto: Azərbaycan Xalq Cəbhəsi Partiyası


“Yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul müşavirəsində etdiyi çıxışla bağlı bəyanat yayıb.

AXCP hesab edir ki, ölkə başçısının məlum çıxışı dövlət adına utancdı, düşməni sevindirmək cəhdidi, növbəti repressiya dalğasının başlanacağının anonsudur və milli ruhun oyanışından narahatlığın ifadəsidir.

Bəyanatda xatırlanıb ki, cəbhə bölgəsində döyüşlər başlandığı gündən AXCP, Milli Şura orduya dəstək

verib

:

“AXCP sədri Əli Kərimli açıq şəkildə bəyan etdi ki, hakimiyyətə tənqidlərimizi daha yaxşı günlərə saxlayırıq və bu günlərdə dövlətin-ordunun yanındayıq. Hökumətin gözü arxada qalmasın, bütün resursları erməni təcavüzkarları ilə savaşa səfərbər etsin. Əli Kərimlinin bu bəyanatı böyük ictimai rəğbətlə qarşılandı və təsadüfi deyil ki, sosial şəbəkələrdə çox geniş şəkildə yayıldı. Əslində, əsas müxalifət qüvvəsinin bu mövqeyini hakimiyyət də təqdir edilməliydi. Ancaq ölkə başçısı İlham Əliyev tamam əks mövqe sərgilədi və açıq şəkildə müxalifəti düşmən elan etdi”.

Bəyanatda iddia olunur ki, İlham Əliyev əsas diqqəti şəhidlərdən, cəbhədən, Qarabağdan yayındıraraq, müxalifətə qarşı yönəltməklə düşmənin maraqlarına xidmət etmiş olur:

“Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdır. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı”.

AXCP hesab edir ki, Milli Məclis binasına bir qrupun daxil olması və polis avtomobilinin aşırılması hakimiyyət orqanlarının ən azı xəbərdar olduğu hazırlanmış təxribat idi və əsas məqsəd müxalifəti bu təxribata bulaşdıraraq, repressiyalara əsas yaratmaq idi. Hakimiyyətin çirkin planı alınmadı, müxalifət sağlam mövqe nümayiş etdirdi. Ancaq buna baxmayaraq, hakimiyyət mahiyyətini gizlədə bilmədi:

“İlham Əliyev insanların böyük kütləviliklə meydana çıxmasından, milli ruhun oyanışından narahat oldu. O hesab edir ki, əsas müxalifət qüvvəsini sıradan çıxarmaqla mümkün xalq etirazlarının qarşısını ala bilər. Amma ötən gün baş verənlər göstərdi ki, ən yaxşı təşkilatçı, ən böyük qüvvə xalqın özüdür”.

AXCP ölkə ictimaiyyətini və beynəlxalq təşkilatları İlham Əliyevin öz rəqiblərinə qarşı böhtan xarakterli bu aqressiv çıxışına həssas yanaşmağa səsləyir:

“Bu çıxış göstərir ki, yenidən əsas müxalifət partiyasına qarşı repressiyalar başlayacaq, qondarma cinayət işləri açılacaq, hüquqsuzluq növbəti fazasına keçəcək. Buna görə də beynəlxalq təşkilatlar da, ölkə ictimaiyyəti də hakimiyyətin bu çirkin ssenarisinə biganə qalmamalı, adekvat reaksiya verməlidir”.

Prezident İlham Əliyev dünənki müşavirədə ona AXCP-nin və bəzi təşkilatların 14 iyul gecəsi təxribat hazırladığı haqqında məlumat verildiyini

deyib

:

“Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe – beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq”.

Ana səhifəSiyasətAXCP: Prezidentin çıxışı milli ruhun oyanışından narahatlığın ifadəsidir