“Aslan Qurbanovun həyatı təhlükə altındadır”

“Ona görə də hansısa məhkuma ehtiyacı olan dərmanın verilməməsi haqda deyilənlər həqiqəti əks etdirmir”.

Source: arqument.az


Yaxınları məhbusun səhhətinin pisləşdiyini deyirlər

Həbsdəki bloger Aslan Qurbanovun ailə üzvləri onun həyatının təhlükə altında olduğunu iddia edir. Yaxınları deyir ki, onun separatçı kimi təqdim olunub, məhv edilməsindən ehtiyatlanırlar. Üstəlik, Aslan Qurbanov epilepsiya xəstəliyindən əziyyət çəkir.

“Uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir. Həbsdə də işgəncələrə məruz qalıb. Hökm qüvvəyə minməmiş cəzaçəkmə müəssisəsinə köçürüblər. Köçürən kimi də “karsa” salıblar. Orada vəziyyəti pisləşib, ondan sonra çıxarıblar. Biz onun həyatına görə narahatıq. Bu narahatlıq da əsassız deyil. Bundan əvvəl pis təcrübələr olub. Novruzəli Məmmədovun müəmmalı ölümü və s. Epilepsiya xəstəsinin dərmanlarını almaq üçün xüsusi arayış olmalıdır. Bizə içəridən o arayışı vermirlər. Ona görə həmin dərmanları çox çətinliklə əldə edə bilirik. Əldə etdiklərimizi də aparıb çatdıra bilmirik. Bu, adamın həyatını təhlükə altına atmaq deməkdir”, – Aslan Qurbanovun yaxınları bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bildirib ki, bütün məhkumların qanunda nəzərdə tutulan hüquqları təmin olunur: “Düzdür, məhkumların müayinə və müalicə məsələsi Tibb Baş İdarəsinin səlahiyyətindədir. İstər bu idarə, istərsə də biz Penitensiar Xidmət olaraq, bütün məhkumların sağlam olmasında maraqlıyıq. Ona görə də hansısa məhkuma ehtiyacı olan dərmanın verilməməsi haqda deyilənlər həqiqəti əks etdirmir”.

Aslan Qurbanovu 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun 7 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Hökmə əsasən, Aslan Qurbanov Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələriylə təqsirli bilinib.

İddia olunur ki, bloger “Facebook”, “İnstagram” kimi sosial media platformalarındakı hesablardan dövlət əleyhinə təbliğat aparıb, milli ayrı-seçkilik ehtiva edən paylaşımları olub. Bloger talışların hüquqlarının pozulması, onların ayrı-seçkiliyə məruz qalması haqda həqiqətə uyğun olmayan materialların yayımında ittiham olunur.

Məhkəmənin hökmündə göstərilib ki, o, özünü qismən təqsirli bilir. Amma yaxınları onun ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyir. Apelyasiya şikayətinə də hökmün ləğv olunmasını, ona bəraət verilməsini istəyib. O vurğulayıb ki, nə Azərbaycan dövlətinə zərbə vurub, nə də belə bir niyyəti olub.

Aslan Qurbanovun apelyasiya şikayətinə iyunun 9-da Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyilə baxılacaq.

Azərbaycan Talışları İctimai Şurası Aslan Qurbanovun həbsi ilə bağlı bəyanatında bildirib ki, o, “Instagram” səhifəsində əsasən, tanınmiş talış müğənnilərinin mahnılarını, talış yazarların şeir və hekayələrini paylaşırdı, talış əsilli qəhrəmanların təbliğatını aparırdı: “O, talış mədəniyyətini, ədəbiyyatını təbliğ edirdi. Bunu ayrı-seçkilik, dövlətçiliyə qarşı addım kimi dəyərləndirmək düzgün deyil”.

Ana səhifəSiyasət“Aslan Qurbanovun həyatı təhlükə altındadır”