cəbhə bölgəsi

Источник: Meydan TV

Başlıq: cəbhə bölgəsi

Arif Hacılı: Bu, Rusiyanın Ermənistana etdiyi diqtəyə bənzəyir

Rauf Mirqədirov: “İlham Əliyevin 6 iyul bəyanatı ilə hazırkı əməliyyatların əlaqəsi yoxdur”

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12 başlayan və iyulun 13-də davam edən döyüşlər nəticəsində Azərbaycan Ordusu dörd hərbçi itirib.

Atəşkəsin pozulması ətrafında müxtəlif ehtimallar müzakirə mövzusuna çevrilib.

Hadisələr haqqında ilk informasiya yayıldıqdan sonra xarici media və sosial şəbəkələrdə Azərbaycan prezidenti İlham Əliyevin iyulun 6-da verdiyi bəyanat xatırlanıb.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazılığını ifadə edərək Azərbaycanın istənilən an Qarabağ münaqişəsini hərbi yolla həll etməyə hazır olmasını deyib.

İyulun 12-də atəşkəsin pozulmasından sonra dövlət başçısının köməkçisi Hikmət Hacıyev açıqlamasında Ermənistanı üzv olduğu hərbi-siyasi təşkilatların münaqişəyə cəlb etmək cəhdində itiham etdi. Faktiki olaraq söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və orada liderlik edən Rusiyadan gedir.

İyulun 13-də xarici işlər naziri Elmar Məmmədyarov təxminən eyni fikirləri ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə telefon söhbətində təkrar edib:

“Məqsədyönlü şəkildə həyata keçirilən bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədi güdür”, - Elmar Məmmədyarov deyib.

Bu hadisə regional konfliktə çevrilmək təhlükəsi ilə üzləşib. Belə ki, iyulun 12-də Türkiyə Xarici İşlər Nazirliyi bəyanat verərək, Azərbaycanın yanında olduqlarını bildirib. İyulun 13-də Türkiyə XİN rəhbəri Mövlüd Çavuşoğlu da bəyanatla çıxış edərək, Ermənistana xəbərdaqlır edib.

“CNN Türk”ün məlumatına görə, M.Çavuşoğlu deyib:

“Ermənistan ağılını başına yığsın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.

Rusiya XİN öz növbəsində tərəfləri təmkin olmağa çağırıb. Yayılan bəyanatda deyilir ki, Rusiya durumun sabitləşməsi üçün yardım göstərəcək.

Bəyanatda Rusiya XİN regionun təhlükəsizliyi üçün təhdid olan vəziyyətin yenidən gərginləşməsini yolverilməz olduğunu vurğulayıb:

“Tərəfləri təmkinli olmağa və atəşkəs rejimini ciddi şəkildə gözləməyə çağırırıq”, - bəyanatda bildirilib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas isə Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırıb.

Vəziyyəti Meydan TV-ə şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin tənqidə layiq olduğunu hesab edir. Arif Hacılı deyib ki, həmsədrlər problemin həlli yox, münaqişənin konservləşdirməsi ilə məşğuldur. Eyni zamanda, həmsədrlərdən Fransa və Rusiya Ermənistanı açıq şəkildə dəstəkləyirlər. Ona görə Minsk qrupu münaqişə həllində arbitr rolunu oynaya bilməz:

“Bu baxımdan təklif etdik ki, tərkib dəyişilsin. Rusiya, ABŞ və Türkiyədən ibarət həmsədrlər institutu yaradılsın. Yaxud tərkib genişləndirilsin, Polşa və Türkiyə də ora daxil edilsin”.

Arif Hacılı İlham Əliyevin 6 iyul açıqlaması ilə dünənki döyüş əməliyyatı arasında hansısa əlaqənin olduğunu düşünmür.

Arif Hacılı

Arif Hacılı

Источник: Meydan TV

“Əməliyyat Qarabağda yox, iki dövlətin sərhədində başlayıb. Bu, daha çox Ermənistanın Rusiyanın diqtəsi və daxili problemlərdən diqqəti yayındırmağa bənzəyir. Hətta Ermənistanın yaydığı görüntülərdə əməliyyatın birinci onlar tərəfindən başladığını görmək mümkündür”.

Beynəlxalq birliyin reaksiyasına gəldikdə, Müsavat başqanı bidirib ki, qeyri-adi açıqlama olmadı. Türkiyə həmişəki kimi Azərbaycanın mövqeyini dəstəklədi.

“Minsk Qrupunun həmsədrləri hələ bəyanat verməsə də, indidən onların hansı ifadələr işlədəcəyini söyləmək olar. Həmsədrlər hər iki tərəfə hərbi əməliyyatı dayandırmağı təklif edəcək və öz işlərini bitmiş sayacaqlar”.

Arif Hacılı hesab edir ki, hakimiyyət münaqişənin həlliylə bağlı daha qlobal konsepsiya hazırlamalıdır. Onun sözlərinə görə, hazırda nə konsepsiya, nə yol xəritəsi olmadığından diplomatik və hərbi təşəbbüskarlıq Ermənistanda və Rusiya tərəfindədir.

“Ona görə Azərbaycan Ermənistanın hər hansı diplomatik və hərbi addımına cavab verməklə siyasət aparır. Halbuki, Azərbaycan əraziləri işğaldadır. Ancaq problemin həlli üçün Azərbaycanın böyük potensialı var. Sadəcə, hökumət daha çox maddi imkanlarını yaxşılaşdırmaq, korrupsiya fəaliyyətini genişləndirmək barədə düşünür”.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirədirov hesab edir ki, Rusiyanı münaqişəyə cəlb etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeganə alət deyil. O qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli müqavilələr var, bu müqavilələr 2008 və 2010-cu illərdə Dmitri Medvedevin prezidentliyi zamanı imzalanıb. Müqavilələrə əsasən Ermənistana hər hansı təhlükə yaranarsa, Rusiya KTMT-nin qərarı olmadan, yardım göstərə bilər.

Rauf Mirqədirov sadalanan bəyanatlara istinad edərək bildirib ki, oxşar bəyanatlar Ermənistanda da səslənir.

“Söhbət heç də ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtinadan getmir. Ermənistan danışıqların aparılması istiqamətində həmsədrlər institutunu yeganə alət sayır, digər formatların əleyhinə çıxır. Amma militarist əhval-ruhiyyə Ermənistanda da süni şəkildə artırılır. Əgər Azərbaycan prezideninin 6 iyul bəyanatını əsas götürsək, açıqlamanın dünənki atəşkəs pozuntusuna aidiyyatı yoxdur. Söhbət Azərbaycan-Ermənistan sərhədindən yox, məhz Dağlıq Qarabağdan, işğal altındakı ərazilərin azad olunmasından gedirdi. Bu mənada dünən atəşkəsin pozulmasının torpaqların azad olunmasına aidiyyatı yoxdur”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Источник: arxiv

Rauf Mirqədirov deyib ki, bölgədə mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi durum yaranıb.

“Ermənisanda bu mürəkkəblik siyasi müstəvidə özünü göstərir. Müxalif liderlərindən birinin həbsi cəhdi, Konstitusiya Məhkəməsi ilə Baş nazirin qarşıdurması və s. Azərbaycanda siyasi müstəvidə vəziyyət gərgin olmasa da, sosial şəbəkələrdə narazılığın yüksək olması görünür və hər iki ölkənin hakimiyyəti də bunları gözəl dərk edir. İstisna deyil ki, tərəflərdən biri cəmiyyətin diqqətini daxili və pandemiya ilə bağlı yaranan problemlərdən yayındırmağa çalışır”.

Hikmət Hacıyevin və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapan məqama gəlincə, o deyib ki, atəşkəsin pozulması səbəbini Rusiyanın regional siyasətində axtarılmalıdır.

“Əgər Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Rusiyanın KTMT və yaxud Ermənistanla ikitərəfli müaviləni əsas gətirib münaqişəyə qatılması müəyyən əsaslandırma, ciddi səbəb və vaxt tələb edəcək. Çünki hərbi əməliyyatlar Azərbaycan ərazisində gedəcək. Ən ciddi arqument dinc əhaliyə təhlükə yaranması ola bilər, bunu da əsaslandırmaq lazımdır”.

O xatırladıb ki, Gürcüstan 2008-ci ildə avqust əməliyyatını keçirəndə, Rusiya qoşunları Abxaziyanın içərisindəydi, həm də onların vətəndaşları vardı. Siyasi icmalçı deyib ki, sərhəddə baş verən münaqişədə isə Ermənistanın birbaşa təhlükəsizliyi gündəmə gəlir, KTMT və Moskva ilə ikitərəfli müqavilənin alətlərini işə salmaq daha asandır və məntiqidir.

“Azərbaycan XİN və prezidentin köməkçisi Rusiyanın adını birbaşa çəkməsə də, Moskvanın münaqişəyə qatılması ehimalını vurğulayırlar. Fikir verin, Ermənistan xarici işlər naziri KTMT-nin iclasının çağrılmasını istəyir. Bu, bir tərəfdən belə bir təhlükənin reallığını göstərir. Biz bunu ciddi nəzərə almalıyıq. Amma Qazaxıstan və Belarusun olduğunu nəzərə alsaq orada dəqiq hansısa qərarın qəbul ediləcəyi inandırıcı deyil. Mən atəşkəsin pozulmasında səbəbkarın Azərbaycan olduğuna inanmaq istəməzdim. Çünki bunun uzağa gedən və ağır nəticələri ola bilər”.

Münaqişənin qısa tarixi:

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ian3qy

Самое читаемое