Arif Alışanovun sürücüsünə: O qızın meyitini torbalarda daşıyan sən deyildin?

Təqsirləndirilən şəxs məhkəmə zalından çıxarılıb

Source:
Arif Alışanov
Arif Alışanov


Təqsirləndirilən şəxs məhkəmə zalından çıxarılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov və yaxınlarının öldürülməsinə cəhd ittihamı üzrə məhkəmə prosesi iyunun 29-da davam etdirilib.

Məhkəmədə Şamaxıda fəaliyyət göstərən notariat kontorunun rəhbəri Yaşar Eyyubov ifadə verib. O bildirib ki, AzTV sədrinin öldürülməsinə sifariş verməkdə günahlandırılan Şücayət Əkbərov həbs olunandan sonra Şamaxı polisinə notarius dəvət olunub. İdarədə Şücayətdən həyat yoldaşı Səlimə Sadıqovanın adına etibarnamə alınıb.

Bir müddət sonra S.Sadıqova notariat kontorunda AzTV-nin əməkdaşı Camal Nəbiyevə etibarnamə verib. Həmin etibarnamə əsasında Camal Nəbiyev Şücayət Əkbərov və ailəsinin əmlaklarını Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərovun, bacısı qızı Nilufər Cəfərovanın adına keçirib.

Arif Alışanovun Şamaxının Nağaraxana, Mədrəsə, Çuxuryurd və başqa kəndlərində aldığı onlarla torpaq sahələrinin alqı-satqısı da həmin notariat kontorunda həyata keçirilib.

Şahid Y.Eyyubov etibarnamələrin verilməsi zamanı təzyiq olmadığını desə də, S.Sadıqova onun söylədiklərini təkzib edib. Bildirib ki, Şücayət Əkbərovun həbsindən sonra AzTV sədrinin yaxınlarından ibarət 7 nəfər məcburi şəkildə notariusa apararaq, Alışanovun adamı olan Camal Nəbiyevin adına etibarnamə verməyi tələb ediblər. S.Sadıqovanın sözlərinə görə, onu övladlarını da həbs etməklə hədələyib, bu yolla əmlaklarını əllərindən alıblar: “İndi yaşamağa evim də yoxdur, küçələrdə qalmışam”.

Bu zaman Şücayət Əkbərov deyib ki, Şamaxı notariusunda Arif Alışanovun təkcə sürücüsünün adına 111 alqı-satqı müqaviləsi başlanıb. AzTV sədri təkcə torpaqlara 7 milyon manat pul verib. Onun sözlərinə görə, alınan torpaq sahələri Alışanovun sürücüsü Hacı Babayevin adına keçirilib.

Hacı Babayev də məhkəmə zalında olub.

“Arifin özü ilə Şamaxıya gətirib, sonradan öldürdüyü qızın meyitinin doğranmış hissələrini torbalara doldurub daşıyan sən deyildin?”, – deyə Şücayət Əkbərov Alışanovun sürücüsünə səslənib.

Bu zaman tərəflər arasında gərginlik yaranıb. Vəziyyət o həddə çatıb ki. hakim prosesdə fasilə verməli olub. Həmçinin göstəriş verilib ki, Şücayət Əkbərov məhkəmə zalından çıxarılsın, çünki xəbərdarlıqlara məhəl qoymur.

Fasilədən sonra proses Şücayət Əkbərov olmadan, digər üç nəfər təqsirləndirilən şəxsin – Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun iştirakıyla davam etdirilib.

Daha sonra Qoçalı Cəbiyevin vəkili onun tibbi ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, müvəkkili həbs olunarkən məruz qaldığı işgəncələr nəticəsində səhhətində ciddi problemlər yaranıb: “Ona istintaq dövründə birinci qrup əlillik təyin edilib. Halbuk, həbs olunana qədər sağ-sağlam adam idi. Məhkəməyə də Penitensiar Xidmətin Müalicə Müəssisəsindən gətirilir. Xahiş edirəm, tibbi ekspertiza təyin olunsun. Ekspert qarşısında suallar qoyulsun ki, birinci qrup əlilliyin yaranma səbəbi nədir? Bu adam belə vəziyyətdə qapalı şəraitdə saxlanıla, məhkəmə qarşısına çıxarıla bilərmi?”

Vəsatətin müzakirəsi növbəti məhkəmə iclasına saxlanılıb.

Daha sonra məhkəmədə istintaq zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Şücayət Əkbərovla Qoçalı Cəbiyev və Zöhrab Şirinov arasında keçirilmiş üzləşmənin videogörüntüləri nümayiş etdirilib. Üzləşmədə Qoçalı Cəbiyev təsdiqləyir ki, Şücayət onlara AzTV-də çalışan Arif adlı şəxslə düşmənçiliyi olduğunu deyib, onun öldürülməsini istəyib. Bu məqsədlə Qoçalı tanışı Zöhrabı da cəlb edib. Arif Alışanov Şamaxıya gələndə onun olduğu maşını vurub dərəyə salmaq üçün “Niva” markalı avtomobil də alınıb. Zöhrab Şirinov qəzanı törətsə də, plan baş tutmayıb. Qoçalı Cəbiyevin sözlərinə görə, Şücayət onlara silahlar paylayıb. Arif Alışanov Şücayətgilə gələndə onu öldürməyə qərar verilib. Həmin vaxt o, qızı Nigarla gəlib, plan yenə baş tutmayıb.

Üzləşmədə Şücayət Əkbərov deyilənləri təkzib eləməyib.

Məhkəmədə isə onlar bildiriblər ki, üzləşmədən əvvəl işgəncəyə məruz qalıblar, onlardan çəkiliş zamanı elə ifadə vermək tələb olunub.

Şücayət Əkbərovun vəkili üzləşmə zamanı Zöhrab Şirinovun yanında vəkilin olmamasına diqqət çəkiblər. Bildiriblər ki, vəkilsiz üzləşmə qanun pozuntusudur.

Məhkəmə prosesi iyulun 4-nə qədər təxirə salınıb.

Təqsirləndirilən şəxslər Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynova qarşı CM-nin 29.120 (qəsdən adam öldürməyə cəhd), 228 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Şücayət Əkbərov həm də CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İddia olunur ki, o, Alışanovun etibarından sui-istifadə edərək, torpaq sahələri, texnika almaq üçün verdiyi 6 milyona yaxın pulu ələ keçirilib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir. Şücayət Əkbərov bildirir ki, Arif Alışanovun Şamaxıya özü ilə gətirdiyi qızlardan birini öldürməsini bildiyi üçün AzTV rəhbəri onu şərləyib təcrid etmək məqsədi güdür.

Ana səhifəXəbərlərArif Alışanovun sürücüsünə: O qızın meyitini torbalarda daşıyan sən deyildin?