Anası: Vəkilin əleyhinə danışmayan Yunis Səfərov elektrik işgəncəsi ilə hədələnir

“Rus dilində təhsil alan oğluma latın qrafikası ilə ərizə verib, məcbur edirlər ki, köçürsün kağıza”

Source:
Yunis Səfərov
Yunis Səfərov


“Rus dilində təhsil alan oğluma latın qrafikası ilə ərizə verib, məcbur edirlər ki, köçürsün kağıza”

“Oğlum Yunis Səfərovun ağır işgəncə, fiziki və psixoloji təsir, həddən artıq ağır şərtlər altında həbsdə (əslində əsirlikdə) saxlanılması hər kəsə məlumdur. Oğlumun öldü-qaldısından belə xəbər tuta bilmirik. Oğluma verilən işgəncələr öz bəhrəsini artıq verib. Hətta soyadını belə kiril əlifbası ilə yazan, təhsilini rus dilində alan, Rusiya vətəndaşı olan oğluma Baş Prokurorluq latın qrafikasında yazılmış ərizə aparıb və onu məcbur edib ki, həmin ərizənin hərflərini olduğu kimi köçürsün kağıza”.

Bu sözləri ictimaiyyətə müraciətində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı olmuş Elmar Vəliyevə sui-qəsdə təqsdirləndirilən Yunis Səfərovun anası Leylaxanım İsmayılova deyir.

“Beləliklə, oğluma ərizə yazdırıblar, guya vəkil Elçin Sadıqov ona təsir edib ki, işgəncə barədə ifadə versin, əslində isə o, işgəncəyə məruz qalmayıb. Bunların hamısı keçən həftənin sonu baş verib. Oğlum bunu yazmaqdan imtina edəndə onu yenidən “Bandotdel”ə (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) aparıb elektrik işgəncəsi verməklə hədələyiblər.

Bununla prokurorluq Elçin Sadıqova qarşı saxta ərizə yazdırmaqla yanaşı, oğlumun işgəcəyə məruz qalması ilə bağlı özlərinin cinayətlərini ört-basdır etməyə çalışır. Eyni zamanda ölkədə insanlara və vəkillərə belə bir düşüncə aşılayır ki, məhbusları vicdanla müdafiə etməyin, onları istənilən vaxt sizin əleyhinizə çevirə bilərik. Hamı başa düşür ki, onların əlində olan əsiri hər şeyə məcbur edə bilirlər. Əsirləri belə hallara məcbur edənlər utansınlar. Heç erməni əsirliyində olan Dilqəmlə Şahbazı vəkillərinə qarşı ərizə yazmağa məcbur etmədilər, bunlar oğlumla ermənilərdən də betər rəftar edirlər. Ermənilər heç olmasa icazə verirlər ki, Şahbazla Dilqəm ailələrinə məktub yazsınlar, ancaq bizdə ona da icazə vermirlər”.

Leylaxanım İsmayılova deyir ki, oğlunu heç məhkəmə iclaslarına da gətirmirlər:

“Mənə verilən məlumata görə, oğlum pis vəziyyətdədir, sonuncu işgəncələrdən sonra onu yenə də gizlədirlər.

Deyirlər ki, guya dövlət hesabına təyin edilmiş vəkil oğlumun hüquqlarını müdafiə edir. Halbuki, dövlət hesabına vəkil oğlumla heç vaxt, bir saniyə belə konfidensial görüşməyib, oğlumun hüquqlarını heç vaxt müdafiə etməyib, bunun üçün heç bir addım atmayıb. Sonra da deyir ki, Yunis Səfərov mənə işgəncəyə məruz qalması barədə heç nə deməyib. Axı siz nə vaxt Yunis Səfərovla müstəntiqsiz görüşə getmisiniz?! Heç vaxt. O, özünü müstəntiqdən betər aparır”.

Ana Vəkillər Kollegiyasını “Baş Prokurorluq yanında Vəkillər Kollegiyası” adlandırıb:

“Baş Prokurorluq yanında Vəkillər Kollegiyası Gəncə hadisələri ilə bağlı prokurorluqdan əvvəl təqsirləndirici bəyanat verib və nəticə də göz qabağındadır. Oğlumun vicdanlı vəkillə müdafiə olunmasının qarşısı alınır və oğluma olmazın işgəncələr verilməklə vicdanlı hüquqi müdafiənin əleyhinə ərizə yazdırılır.

Baş Prokrurorluq və onun yanındakı Vəkillər Kollegiyası araşdırmır ki, həmin sənəd hansı üsulla əldə edilib, bu sənədin istintaqa göndərilməsi və hansı şəraitdə alınması ilə bağlı hansı sübutları vardır. Rüstəm Usubovun bütün təqdimatları həm məhkəmələrdə, həm də Vəkillər Kollegiyasında birmənalı olaraq təmin edilir və ölkədə qorxaq, kölə, prokurorluğun forpostu olan vəkilliyin yaranması üçün əlindən gələnləri edirlər.

Xahiş edirəm ki, ölkə rəhbərliyi oğluma qarşı işgəncələri, qanunsuz təsirləri, onun vəkilinə qarşı əsassız təqibləri dayandırsın, belə halların qarşısını alsın”.

Leylaxanım İsmayılova bir müddət əvvəl də oğluna vəkilinin əleyhinə ifadə verməsi üçün işgəncələr verildiyini

demişdi.

Vəkillər Kollegiyası vəkil Elçin Sadıqov haqqında intizam icraatına başlayıb.

“Həm konfidensial görüşüm dinlənilib, həm də barəmdə intizam icraatı başlanılıb”, – deyə vəkil öz “Facebook” səhifəsində qeyd

etmişdi.

Bu il, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb. Hadisə ilə bağlı Rusiya vətəndaşı, əslən gəncəli olan Yunis Səfərov həbs edilib.

Ana səhifəXəbərlərAnası: Vəkilin əleyhinə danışmayan Yunis Səfərov elektrik işgəncəsi ilə hədələnir