Ana Kürün başı dərddə…

“Artıq iribuynuzlu heyvanların tələf olması halları müşahidə edilir”.

Source: Specify Source


Neftçala sakinlərinin iddiasına görə, Xəzərin Kürə axın etməsinin səbəbi 3 il əvvəl çayda təmizlik işlərinin düzgün aparılmaması, həmin işlər görülərkən texniki məsələlər həll ediləndə küləyin istiqamətinin nəzərə alınmamasıdır

“Çayın kənarında bir ovuc suya həsrət qalmışıq. Kürün başına gələnləri ölkədə uşaqdan böyüyə az qala hamı bilir. Min hektarlarla əkin sahəmiz, həyətyanı sahələrimiz, heyvanlarımız, insanlarımız susuzdur. Sadə kəndli də anlayır ki, deyilən sözlər, verilən vədlər vaxt qazanmaq güdür. Ancaq bu gün məsələyə təkcə Kürətrafı rayonların məsələsi kimi baxanlar vaxt gələcək özləri də zərərini hiss edəcəklər”.

Neftçala sakinləri ölkə başçısından Kürün dərdinə çarə qılmasını tələb edir. Son 1 ayda çayda kritik durum yaranıb. Çayda suyun səviyyəsi sürətlə aşağı düşüb, ətraf rayon və kəndlər içməli suyu pulla alır, əkin sahələri isə susuzluqdan məhv olur.

reg_neftclara_susuzluq.jpg
“İnsanımız isə 25-30, bəzi yerlərdə isə 80-100 manata içməli su gətizdirirlər”


Kürü kim “dəli” etdi?

Təxminən 4500 il tarixi, 1515 kilometr uzunluğu olan Kür Qafqazda çaydır. Öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir. Neftçala rayonu ərazisində Xəzərə tökülür. Əsrlərdir ki, Kürətrafı ərazilərdə yaşayanlar çayın suyundan həm məişətdə, həm də kənd təsərrüfatında istifadə edir. Ancaq son illər Kürün “bəxti gətirmir”. Rəsmi qurumlar çayın səviyyəsinin azalmasını havaların quraqlıq keçməsi ilə əlaqələndirsə də, Kürətrafı ərazilərdə yaşayan əhali səbəbin çaya olan kənar müdaxilələrdən qaynaqlandığını iddia edir. Neftçala sakini Saday Fərəcli danışır ki, hazırda Xəzərin Kürə axmasının səbəbi də elə təxminən 3 il əvvəl çayda aparılan təmizlik işləri zamanı yol verilmiş səhvlərdir:

“Kür çayı uzun bir yol qət edib Neftçala rayonu ərazisində Xəzərə qovuşur. Son bir neçə ildə Kürdə suyun azalması nəzərə çarpacaq qədər hiss edilirdi. Bunun üçün də çayın lildən təmizlənməsi üçün müxtəlif layihələrin icrasına başladılar. Rayonun Kür Qarabucaq kəndində Fövqaladə Hallar Nazirliyinin Dib Dərinləşdirilmə İşləri İdarəsi yaradıldı. 3 il əvvəl çayın lildən təmizlənməsi üçün Aşağı Qaramanlı, Qədimkənd, Birinci Qaralı və Kür-Qarabucaq kəndlərində işlər görüldü. Həmin vaxt lildən təmizləmə zamanı Kür çayının axını, külək istiqaməti nəzərə alınmadı. Baxmayaraq ki, kəndlilər bunu anlayırdı, ancaq iş icraçıları deyirdi, müdaxilə etməyin, işimizə mane olmayın. Sonradan özləri də etiraf etdilər ki, işi düzgün aparmayıblar”.

reg_neftcala_kur_
Xəzərin Kürə axmasının səbəbi də elə təxminən 3 il əvvəl çayda aparılan təmizlik işləri zamanı yol verilmiş səhvlərdir


“Milyonları göyə sovurub, Kürün anasını ağladıblar”

Saday Fərəcli deyir, həmin vaxt Fövqəladə Hallar Nazirliyinin layihə icra edənləri Aşağı Qaramanlı ərazisində yerləşən adadakı yaşıllığı məhv ediblər:

“Boş sahələr olduğu halda Qırmızı Kitaba düşmüş ağaclardan ibarət 17 hektar ərazini iri texnikalarla düzləyib lilin tökülməsi üçün yerlər düzəltdilər. Minlərlə ağac məhv edildi. Kürün Aşağı Qaramanlı ərazisindən keçən tarixi qolunun qarşısını bağladılar. Sonralar həmin tarixi qol elə tarixə qovuşdu. Daha sonra Kürün dənizə tökülən hissəsində lilin təmizlənməsi işi görüldü. Bu gün də yerli icra orqanları etiraf edir ki, qazıntı işləri düzgün aparılmadığı üçün Xəzər Kürə tökülür. Kür çayına yersiz müdaxilə və indi insanımız çıxılmaz vəziyyətdə qalıb”.

Neftçalalılar deyir, iş icraçıları işlərini həmişə yarıtmaz görüblər – Kür daşıb ətraf kəndləri basanda da, məcrasından aşağı düşüb fanton qurğularının su ötürmək qabiliyyətini sıfıra endirəndə də… Saday Fərəcli danışır:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su təmizləyici qurğunun istifadə olunması üçün lazım olan avadanlıqlar: idarətmə sistemi (M.Gerlin,Almaniya), avtomatik filtirlər (Clack,ABŞ), lil və qumtutucu filtirlər (Etatron,İtaliya), kimyəvi təmizləmə sistemi (Aqualine,Belçika), aktiv karbin filtri (Aqualine,Belçika), dalğıc nasosu və hidrafor (Wilo,Almaniya), xlor təmizləyici nasos (Seko,italiya) ultrabənövşəyi zərərsizləşdirmə sistemi (Siemens,Almaniya), modulda komplektləşdirilib (Arıtma,Türkiyə). Əlavə olaraq bulaqların hazırlanması istifadə olunan sment, kubik, ağ lay, krantlar, yeraltı plastik borulan, işçilərin əmək haqqısını hesablayanda ortaya milyonlar çıxır. Bir sözlə, milyonları göyə sovurub Kürün anasını ağladıblar”.

reg_neftcala_kur_2.jpg
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su təmizləyici qurğunun istifadə olunması üçün lazım olan avadanlıqlar


Qənaət, ehtiyat tədbirləri görülmədi

Şikayətçilər deyir ki, bu ilin martından bəzi xəbər saytlarında Kürün suyunun kəskin azalması və yaxın vaxtlarda quruma təhlükəsinin olması ilə bağlı həyəcan təbili çalınıb. Ancaq rəsmi qurumlar məsələyə münasibət bildirməyib və qabaqlayıcı tədbirlər görülməyib. Qənaət nəzərə alınmayıb, əhali ehtiyat su ilə təmin olunmayıb. Fanton qurğularını günün 24 saatı çalışdırmaqla normadan artıq vurulan sular kollektorlara, oradansa xüsusi nasoslara Xəzərə axıdılıb. İndisə insanlar su qablarını içməli su ilə doldurmaq üçün uzun-uzadı növbələrə dayanır.


Neftçala sakini Əliağa Bəşirov danışır

:

“Baxmayaraq ki, Kürün sahilində yaşayırıq, elə əvvəllər də içməli suyun maşınını 70 manatdan alırdıq, çünki Kür çirklənmişdi, suyundan illər əvvəlki kimi adamlar istifadə edə bilmirdik. Ancaq son 1-2 ayda vəziyyət lap ağırlaşıb. Əvvəl çayın səviyyəsi həddindən aşağı düşdü, sonra da dedilər, Xəzər Kürə tökülür. Bunun qarşısı alınmasa, Kürətrafı rayon və kəndlərdə bircə yaşıl ağac qalmayacaq, əkin sahələri məhv olacaq, torpaqlar şoranlaşacaq. Xəzərin suyu ilə suvarma işi aparmaq olmaz. Heyvandarlıq məhv olacaq, o suyu heyvana vermək olmaz. Tələb edirik ki, ölkə başçısı bu məsələni şəxsi nəzarətinə götürsün, alimlərimiz, aidiyyəti qurumlarımız çıxış yolu tapsınlar”.

reg_neftcala_kur
Fanton qurğularını günün 24 saatı çalışdırmaqla normadan artıq vurulan sular kollektorlara, oradansa xüsusi nasoslara Xəzərə axıdılıb


“Gecikmiş tədbirlər hələ ki, fayda vermir”

Saday Fərəcli isə deyir, rayonun mərkəz hissələrində sudan ancaq gündəlik tələbat üçün, təmizliyə istifadə edilirsə, kənd yerlərində bu, belə deyil. Kənd yerlərində həyətyanı sahələrdə müxtəlif ağac və tərəvəzlər əkilir, bu da həmin ailənin istifadəsi və müəyyən qədər məhsulun bazara çıxarıb ailə büdcəsinə xeyir vermək demək idi:

“Bundan əlavə, bildiyimiz kimi kənd yerlərində toyuq-cücə, mal-qara üçün də su vacib amildir . Artıq neçə gündür həyətyanı sahələrdə mövsümi əkilən tərəvəzlər, heyvanlar susuzluqdan əziyyət çəkir. İnsanımız isə 25-30, bəzi yerlərdə isə 80-100 manata içməli su gətizdirirlər. Artıq iribuynuzlu heyvanların tələf olması halları müşahidə edilir”.

reg_neftcala_su_gotururler.jpg
“Heyvandarlıq məhv olacaq, o suyu heyvana vermək olmaz”

Neftçala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, çayda suyun səviyyəsinin aşağı düşməsi və küləyin təsirilə Xəzər dənizinin suyunun çaya daxil olması nəticəsində rayonda içməli su qıtlığı yaranıb. Buna görə də qurumda Operativ Qərargah yaradılıb və “Azərsu” ASC tərəfindən təhkim olunmuş su maşınları içməli su qıtlığı yaranan ərazilərə su daşıyır. Qurumdan bildirilib ki, iyunun 9-dan Xəzər dənizinin suyunun Kür çayı boyunca axınının qarşısının alınması məqsədilə isə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC rəhbərliyi lazımi tədbirləri görür.

Neftçala sakinləri isə deyir, görülən tədbirlər hələ ki, effekt vermir. Məsələn, Kürün dənizə axınını bərpa etmək üçün Mingəçevir su anbarından axan suyun həcmi artrılsa da, faydasız olub. Buna qədərsə ümidlər Mingəçevirdən buraxılacaq suya imiş. Ümidlər nəticəsiz qaldığına görə, artıq Aşağı Qaramanlı və Kür Qarabucaq kəndlərində əkin sahələri üçün nəzərdə tutulmuş fantonların istifadəsi dayandırılıb. İyunun 29-da isə kənd sakinləri çayın Kür Qarabucaq kəndindən Salyan istiqamətində axan çayın suyunun dəniz suyu olduğunu müşahidə ediblər.

Ana səhifəBölgəAna Kürün başı dərddə…