Alcanlılar: Zərdabda heyvan otarmağa bir qarış otlaq sahəsi qalmayıb

Kəndlilərin deməsinə görə, kənd bələdiyyəsi 24 il əvvəl onlara ayrılmış otlaq sahəsini ayrı-ayrı adamlara verib

Source: Azadliq Radiosu

“Əsas məşğuliyyətimiz heyvandarlıqdır. Otlaq sahəsi olmayan kənddə isə heyvandarlığın inkişafından söhbət gedə bilməz. İlham Əliyev məmura tapşırır ki, heyvandarlığı, əkinçiliyi inkişaf etdirmək üçün kəndliyə hər cür şərait yaratsın, ancaq məmur, bələdiyyə neynir, tutub kəndlinin əlindən axırıncı qarış otlaq sahəsini də alır ki, heyvanını otarmağa yer tapmasın. Kəndli də çarəsiz qalıb, “bir halda ki, otlaq sizindir, bizim heyvan otarmağa yerimiz yoxdur, götürün, heyvanlar da sizin olsun”, deyib, heyvanlarını da dəyər-dəyməzinə məmura satır”.


“İki kəndin heyvanını otarmağa yer tapmırıq”

Zərdabın Alcanlı kənd sakinləri kənddəki otlaq sahəsinin əllərindən alınaraq ayrı-ayrı adamlara verildiyini deyirlər. Onların sözlərinə görə, 20 ildən çoxdur ki, bu proses gedir və hazırda iş o yerə çatıb ki, heyvanları otarmağa sahə qalmadığından, kəndlilər onları tövlələrdə saxlamaq məcburiyyətində qalıblar. 1-ci Alcanlı kəndinin sakini Qədir Xəlilov danışır:

“Bu problem həm 1-ci, həm də 2-ci Alcanlı kəndlərinin sakinlərinə aiddir. 1996-cı ildə Zərdabda pay torpaqları bölgüsü aparılarkən hər ailəyə düşən pay torpağından kəsib kəndin örüş sahəsini yaratdılar. Hər iki kəndin sakinləri heyvanlarını ümumi otlaq sahəsinə buraxırdı. Bələdiyyələr fəaliyyətə başlayandan sonra otlaq sahələrimiz hissə-hissə satılmağa başladı. Satıla-satıla bir də baxdıq ki, heyvanlarımızı otarmağa bir qarış da yer qalmayıb. İndi hektarlarla otlaq sahəsi 5-6 nəfərin əlindədir. O sahələrdə yalnız onların heyvanları otlaya bilər”.


“Bir köçkün 30 hektara yaxın sahəni zəbt edib”

Kənd sakinlərinin deməsinə görə, elə təkcə Kəlbəcər köçkünü olan bir şəxs 20 ildən çoxdur ki, 30 hektara yaxın torpaq sahəsini ələ keçirib. Bu azmış kimi, kənd sakinlərini məhkəməyə verib, ona zərər vurduqlarını iddia edib. Məhkəmə prosesi davam edir. Bundan əvvəlsə Zərdab Rayon Məhkəməsi ayrı-ayrı sahibkarların iddiaları əsasında 1-ci Alcanlı kəndinin 11 sakininə qarşı ümumilikdə 40 min manat civarında cərimə qətnamələri çıxarıb. 2-ci Alcanlı kəndinin sakinlərindən 5 nəfəri isə ümumilikdə 5000 manat cərimələnib.

“Otlaq sahələri bələdiyyə yaranandan sonra hissə-hissə zəbt olunmağa başladı. Bizim dolanışığımız heyvandarlıqdan çıxır. Heyvanı olmayan kəndli acından ölməyə məhkumdur. Üç övladım var, onları heyvandarlıqdan gələn gəlirlə böyüdürdüm, indi əlim hər yerdən tamamilə üzülüb. Yem bahadır, heyvanlara gündəlik yem almaq heç ağılasığan iş deyil. Qalmışıq bir ovuc məmurun əlində. Bələdiyyə icra hakimiyyətinə, icra hakimiyyəti polisə, polis prokurorluğa – hamısının beli bir-birinə bağlıdır. Kimdən kimə şikayət edəsən ki? Qatıblar xalqı qarşılarına, qovduqca qovurlar”, – kənd sakinləri deyir.


“Başqalarının otlaq sahəsinə heyvan buraxıb, cərimələnirlər”

Alcanlı bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, otlaq sahələrinin satılması ilə bağlı deyilənlər əsassızdır. Yay və qış otlaq sahələri və biçənəklər əhalinin mal-qarası üçün ümumi istifadəyə, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan sahələr əhalinin istifadəsinə müddətsiz, hüquqi və fiziki şəxslərin icarəsinə isə on ildən on beş ilədək müddətə verilir. Alcanlıdakı otlaq sahələriin də bir hissəsi əhalinin istifadəsində, bir hissəsi icarədədir. Sakinlərsə icarədə olan sahələrə də öz heyvanlarını buraxırlar. Nəticədə məhkəməyə verilərək cərimələnirlər.


Zərdabın bir neçə kəndində eyni durum mövcuddur

Otlaq sahələri ilə bağlı problem təkcə 1-ci və 2-ci Alcanlı kəndlərində deyil. Zərdabın daha bir neçə kəndinin sakinləri də otlaq məsələsində əziyyət çəkirlər. Ötən il rayonun Şahhüseynli, bu il Çallı kəndlərinin sakinləri də Meydan TV-yə müraciət ediblər. Şahhüseynlilər bildiriblər ki, onların istifadəsində olan 700 hektardan çox örüş sahəsi hissə-hissə əllərindən alınaraq rüşvət müqabilində ayrı-ayrı adamlara verilib. Çallı sakinləri isə örüş sahələrinin əllərindən alınmasına etirazlarını bu ilin fevralında magistral yolu bağlamaqla bildiriblər. Həmin vaxt polis bir neçə sakini şöbəyə aparıb, xəbərdarlıq edərək sərbəst buraxmışdı. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı isə etiraz yerinə gələrək sakinlərə söz vermişdi ki, ən qısa zamanda məsələni araşdırıb problemi həll edəcək. Bu yaxınlarda Meydan TV-yə zəng vuran Çallı sakinləri bildiriblər ki, 3 aydan çox keçməsinə baxmayaraq, icra başçısı problemlə hələ də maraqlanmayıb.

Ana səhifəSosialAlcanlılar: Zərdabda heyvan otarmağa bir qarış otlaq sahəsi qalmayıb