Fəxrəddin Hacıbəyli

Источник: Meydan TV

Оглавление: Fəxrəddin Hacıbəyli

Ağalar Quta açıq cavab

Nağılçılıq aradan getməliydi ki, yerinə ağılçılıq gələ bilsin

Əzizim Ağalar!

Mənə ünvanladığın açıq məktubda adlarını sərlövhəyə çıxardığın şəxsiyyətlərin – M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyovun mənim üçün oryentir, etalon və toxunulmaz olmaqları doğrudur. Çünki onların əsasını qoyduqları, banisi və bənnası olduqları, mənsub olduğumuz cameədə bizi fərqli edən dəyərlər mənim üçün toxunulmazdır və hər hansısa bir müzakirəyə qapalıdır. Nədir o dəyərlər, bizim üçüm önəmi, əhəmiyyəti nədir, çəkisi, ölçüsü necə ölçülür, bizi kimlərdən və necə fərqli edib, bu suallara yazının içəriyində cavab verməyə çalışacağam. Amma sonraya buraxmayıb, elə buradaca vurğulamaqdan özümü saxlaya bilmədiyim bir vacib təməl var: o dəyərlər, sənin də yazında etiraf etdiyin kimi, bizi İrandan da, Türkiyədən də irəli apardı, lakin bir addım deyil, xeyli. O şəxsiyyətlərin əsasını qoyduqları bünövrə üzərindəki qurduğumuz divarlar bizi cənubdan, cənubun da ötəsindən, şərqdən, qərbdən, lap elə şimaldan axın edən dini-konfessional assimiliyasiyadan qoruyur və biz yenə də sənin təbirincə desək, o alınmaz qalanın mazğallarında keşik çəkən əsgərlərik. Sənsə, hər kəs razılaşar ki, o divarlar arxasından boy göstərən azsaylı neomaarifçi qarnizonun sərkərdəsiydin. (Bu cümləni ürək ağrısıyla keçmiş zamanda qururam.)

“Divarlarımızı döyən” həmin o düşmən – yeni silahlarla silahlanıb çağdaş maskaya girmiş Orta Əsrlər qaranlığı, cahiliyyət, xurafat, mövhumat bizdən tələb edir ki, arxasına sığındığımız “istehkam divarlarını” sökək, o divarların bünövrəsini qoymuş “mühəndis”ləri də əl-qolu bağlı təhvil verək onlara. “Sərkərdə” isə bu vədlərə inanır, kompromisə gedir, taktiki üstünlük əldə edəcəyi düşüncəsilə strateji yanlışlığa yol verir, başlayıb “müdafə qurğuları”nı dekonstruksiya etməyə... “Qaladakı” bu “əsgər qiyamı”, etirazlar da onu bu meylindən saqındırmaq, ən təhlükəsiz yerin elə bu qala divarları arxası olduğuna ikna etmə cəhdidir.

Məcazı bir yana buraxsaq, sözün gerçək mənasında, ərəb-islam işğalları tarixi, bu kimi “aldadıb ər tutma”larla zəngindir; qaladan çıxın, müqavimət göstərənləri təhvil verin, təslim olanlara toxunmayacağıq. Bu avantüraya gedənlərin hamısının başları ərəb atlılarının ayaqları altında payimal olub.

Səninlə Novruz ərəfəsində Nürnberqdə bir dost evindəki söyləşimizin vaxtı da, yeri də təsadüfi seçilməmişdi. Əvvəla Novruz bayramı, incikliklərin gedərildiyi, küskünlüklərin aradan qaldırıldığı ərəfədir. Vaxt bu Novruz etikasının “aman”ına sığına, incikliyimi ərkə qatıb süslü “bayram xonçası”nda qarşına qoya bilmək üçün seçilmişdi. Özün demiş, “dost acı söylər”. Bəlkə sözümün acılığını bayramın ənənəvi nemətlərinin şirinliyi unutdurar, ummuşdum. Axı yüz acı bir şirinin xatirinə yeyilir. Sevinclər olsun, təxminimdə yanılmadım da. Coğrafi baxımdan Nürnberq həm mənə, həm də sənə neytral ərazidir, üstəgəl də dost evidir... Bir səbəbi də bu idi məkan seçiminin...

Avropa renessansına Albrext Düreri bəxş etmiş bu gözəl alman şəhəri, nə yazıq ki, tarixə nasional sosializmin “Parteitag”larının, məşəl yürüşlərinin keçirildiyi, məğlubiyyətdən sonra isə məhkum edildiyi, nazi cinayətkarlarına edam səhbasının qurulduğu şəhərdir. Məşhur “Nürnberq prosesi” bu şəhərdə baş tutub, bu yer bir növü ideyaların dartışıldığı yerdir. Yadındadırmı, “Kaizerburg”u (Kayzer qalasını) gəzərkən, dostlardan bizi bir yerə aparmasını xahiş edirdim? Gec oldu, gəzinti hesabladığımızdan uzun sürdü, yorulduq, gedə bilmədik. Səni bax həmin prosesin keçirildiyi məşhur turistik yerə – “Justizpalast”a (Ədalət sarayına) götürmək istəyirdim. İstərdim bir oranı da görək, söhbətimizi birbaşa akt zalında olmasa da, elə o həndəvərdə davam edək, sənə “edam səhbasını” o yörədə qurum. Sən özün də belə simvolikalara, əlamətlərə əhəmiyyət verənsən. Alınmadı ora baş çəkməyimiz. Söhbətimiz qaldı axşama, dostumuzun “Fichtestrasse” (Yohan Qotlib Fixte) ilə “Feuerbachstrasse” (Ludviq Andreas Feuerbax) küçələrinin kəsişməsindəki ünvanına. Bu ünvanda, bu adlarda da bir subliminallıq var. Simvolikanın pisi, yaxşısı olmaz. Olmasın “Justispalast”, olsun Fixte-Feuerbaxştrasselər. Hətta, bir az da dəqiqləşdirmə etsək, biz söhbət edərkən sən kəsişmənin Fixteştrasse, mənsə Feuerbaxştrasse tərəfində durmuşduq. Bu qədər əlamətlər, subliminallıq yetər məncə. Gələk söhbətimizin əsas məğzinə. Amma qısaca bir qeydim var...

Əzizim Ağalar! Yazın bir fəlsəfə mühazirəsi, fəlsəfə öyrəncisinə mütaliə üçün ədəbiyyat təqdim edirmişcəsinə zəngin, sıradan bir publisistin başını gicəlləndirəcək qədər terminolojilərlə yüklüdür. Sənin arxanca o labirintə baş vurmaq, illərini fəlsəfəyə həsr etmiş qocaman bir filosofa “qafa tutmaq” qaza gəlib öz daylağını Qıratın arxasınca daşlığa, tikanlığa sürmək və yaxud bir cadukunun, içinə qızmar tiyan qoyulmuş təndirinə əyilmək demək olardı. Fəlsəfə ilə həvəskar səviyyədə ilgim var, bu sahənin professionalı deyiləm. Mənim işim publisistikadır, daha doğrusu, ədəbi publisistika.

Gəl, atı daşlığa-tikanlığa sürməyək, “atüstü söhbət” üçün ən uyğun mühit yovşanlı boz çöllükdür.

İndi vahim bir təftişçilik tendensiyası baş qaldırıb, maarifçi cərəyanı, maarifçiləri, tənqidi realizmi təftiş etməklə məşğuldurlar. Əsas arqumentləri də odur ki, Axundov, Mirzə Cəlil, Sabir və digər tənqidi realistlər inkarçılıq yolu tutub, xalqın mənəvi dəyərlərini aşağılayıb, bəziləri hətta bir az da irəli gedib iddia edirlər ki, maarifçilər xalqı təhqir edib və bu özünütənqid toplumda natamamlıq kompleksi yaradıb. Olsun! İnkarı (ediblərsə) inkar dialektikanın qanunudur. O ədiblər özlərini büt elan etməmişdilər. Onlar özlərindən öncəkiləri təftiş ediblər, gərəkdir ki, onlardan sonrakılar da eyni ənənəni davam etdirsinlər, onları diskussiyaya çıxarsınlar.

Əziz dostum, bilirsən və bir daha əmin ol ki, mən də bu xalqın bir nümayəndəsiyəm, nə artıq, nə əskik, bu toplumun bir zərrəsiyəm, hankı səmtə, hankı yana hey uçsam da dərdindən hali, mövcud olan qüsuratına da qailəm. Qarabağda doğulmuşam, türk-müsəlman ailə ənənələriylə tərbiyə olunmuşam. Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığıyla ilk tanışlığım da 10-11 yaşıma təsadüf edir. Amma and olsun ki, nə o zaman, nə də indi özümü o ədiblərin yaradıcılığıyla aşağılanmış, təhqir olunmuş sayıram. Çünki onların personajlarının yerində, satirasının, gülüşünün hədəfində olduğumu düşünmürəm. Gözlərim bərəlmir, ol səbəbdən ki, qarşıma qoyulmuş o ayinədə özümü əyri görmürəm.

Sənin adlarını ümumiləşdirib cəm halında “axundovlar, mirzəcəlillər, sabirlər, hacıbəyovlar” kimi xarakterizə etdiyin maarifçi cərəyanı, realist sənətkarları mən təkcə Mirzə Cəlilin şəxsiyyətində personalizə edəcəyəm və bundan sonra mətndə əsasən onun adına, həm də yaradıcılığına istinad edəcəyəm.

Mirzə Cəlilin(lərin) yaradıcılığa başladıqları dövr, o dövrün həll edilməli problemləri başqaydı. Zaman fərqliydi. Bütün bəşəriyyət durmadan irəli addımlayır, mədəni inkişafa can atır, “əcnəbi göydə balonlarda gəzir, sənsə hələ avtomobil minmirsən”. Sən (şərti olaraq sən) it boğuşdurmağa, xoruz döyüşdürməyə, hamamda yatmağa, mütrüb nəğməsi, dərviş nağılına qulaq asmağa qaçırsan. Onlarınsa dərdi, qayğısı başqaydı. Çağı yaxalamaq-yaxalatmaq, zamanla ayaqlaşmaq, qaçanı qovmaq həyəcanında idilər. Xoruz döyüşünün antik kulturayla fəlsəfi bağlılığı, dərviş nağılının mistik bədii-estetikasını izah etməyə zamanları yox idi. Ya sən sürətlə irəliyə şütüyən çağı yaxalayıb, onunla həmahəng olursan, birgə addımlamağa çalışırsan, ətrafında baş verən mədəni-kültürəl sıçrayışdan bəhrələnirsən, sabaha can atanlarla ayaqlaşırsan, ya da öz qəbih məşğuliyyətlərinə davam edirsən; adına adət-ənənə, inanc dediyin əllaməçiliyin ədəbi-fəlsəfi yozumçuluğuyla başını girləyirsən, qüsuruna sığal çəkib, öz ayıbına vurulub “qara qoçun belinə atlayıb” əski çağın qaranlığına dönürsən. Quyunun dibində qarşındakı seçənəklər çox deyildi... Ya ağ qoçun, ya qara qoçun belində minməlisən...

Əzizim Ağalar! İddia edirsən ki, Mirzə Cəlil(lər) xoruz döyüşünün bədii estetikasını, kültürəl mahiyyətini anlamır, anlam verə bilmədiyi üçün də bunu lağ obyektinə çevirir, gülüş hədəfinə çıxarırdılar. Oysa bu adətin izləri qədim Şumerə gedib çıxır... Maarifçilər mənəvi dəyərləri öz ağılçı standartlarının “Prokrust yatağına” soxurlar.

Realistlərin ədəbi yaradıcılığını nəzərdən keçirdikdə, gəldiyimiz qənaət bunun əksini sübut edir: Əslində onlar, kulturamızı, ənənələrimizi öz “yatağı”na uyğunlaşdırmaq üçün “kəs-doğra-çıxdaş et” və ya “dart uzat-deformasiya et” standartı tətbiq edən əlahəzrət ”Prokrust”u öz əcaib vərdişindən əl çəkməyə məcbur edirdilər.

Qoy, kulturamızdakı bizi qədim Şumerə bağlayan bu tip elementlər bir kənarda qalsın, demək bunlara gülərək, ələ salaraq da keçinmək olarmış və bəlkə də uğurun açarı elə bu tip əməllərin inkarı, ələ salınmasındaymış. O zaman bizə çağdaş dünyayla səsləşmək, günün o zamankı tələblərinə ayaq uydurmaq gərəkli idi. Qədimləşmək, öz kökünü hansısa ölü kulturayla əlaqələndirmək yarışı indiki dövrün tələbidir. Və bu bəhs bizə olsa-olsa qonşuluğumuzdakı hind mənşəli toplumla yarışda epizodik öncəlik qazandırar. Başqa heç bir dərdimizə məlhəm ola bilməz. Məgər görmürsənmi qonşuluğumuza “fil belində gələnləri” özünəvurğunluq, özünü təftişə qapalı tutmaq, burnudiklik hansı hala salıb, onları necə bir xəbis, xudpəsənd və bədbəxt topluma çevirib?! “Ən qədimlik” azarı, “ən ağıllılıq” mərəzi, böyüklük maniyası, acgözlük, təminolunmazlıq bir kulturanı nə kökə sala bilər, “sol yanımız”dakı qonşuya nəzər salmaq kifayətdir... Bu öz bağrından mirzəcəlillər, sabirlər çıxara bilməməyin, özünütənqidə qapalılığın sonucudur... Bunca qəddarlıq, əzazillik, quduz köpəklər kimi ətrafını, baş-başa qaldıqda özü-özünü yeməsi, gülüş, məsxərə yerinə çevrilməsi bir xalqın başına gələ biləcək ən böyük faciədir. Natamamlığı boş ver, bu antiaxundovçu nağılçıların uydurması, öz antimaarifçi çıxışlarına taxdıqları maska, məşruluq qazandıran bəhanədir. Natamamlıq duyğusu olan xalq Qara Qarayev, Səttar Bəhulzadə, Yusif Məmmədəliyev, Fərman Salmanov, Kərim Kərimov, Xudu Məmmədov və b. yetişdirə bilməzdi...

O dövr gəncləşmə, yeniləşmə, yeni ideyalar arxasınca getmək əsri idi. Avropadan əsən maarifçilik havasıyla nəfəs almadan, minillik tabuların sakrallığnı sındırmadan, cəmiyyətdə kök salmış nadanlığa, geriçiliyə gülmədən toplumu qabaqcıl ideyalara meylləndirə bilməzdin. Nağılçılıq aradan getməliydi ki, yerinə ağılçılıq gələ bilsin. Bu isə əl-ayağa dolaşan vərdişlərlə, it boğuşdura-boğuşdura, xoruz döyüşdürə-döyüşdürə edilə bilməzdi. Dövr xoruzların yox, qabaqcıl ideyaların, ağılların döyüşdürüldüyü dövr idi.

Bir dövr qapanmadan, onu xarakterizə edən mentallaşmış-sakrallaşmış-tabulaşmış elementlər rədd edilmədən yeni dövr başlamaz. Makedoniyalı İskəndərin “Avesta”nı oda atması ona izah verə bilməməsindən deyil, bir avanqardist akt idi. Məğlub etdiyi əski İran ənənəsinin rədd edilməsi, Zərdüşt inancının yazılı mətnini, demək həm də bütövlükdə həmin mədəniyyətin özünü odda yandırmaq, silib atmaq, yasaqlamaq istəyi idi. Bununla “yandırılmış”, “rədd edilmiş” mədəniyyət getməliydi ki, ellinizmə, yunan mədəniyyətinə yol açılsın, o, ayaq basdığı yeni arealda oturuşa, qəbul edilə bilsin. Xəlifə Ömərin İskəndəriyyə kitabxanasını yandırması da (lap bu real tarixə söykənməyib, uydurma olsa da) bu amala söykənirdi; basılmış mədəniyyət və onunla bağlı olan nə varsa, izi silinməlidir ki, yenisinin yolu üzərində maneə olmasın. Əskiləri rədd etmənin, gülüş, lağ hədəfinə çevirmənin – “yandırmanın” psixoloji aspekti bundan ibarətdir.

Bakının mərkəzində M.F.Axundovun adına kitabxana var. Kültürümüzdə kitabın, kitabxananın Axundovun adıyla bağlılığı da, geriyə can atan əski qaramatçılığın birbaşa Axundov adına hücumu da bu baxımdan təsadüfi deyil, kodları bundan ibarətdir; geriçiliyi, əski vahiməni yandırıb, ərşə qaldırılmış alovuyla qaranlığı aydınladan ideya babasının özünü oda vermək... Budur o taydan-bu taydan azıb-təzib pənahımıza sığınanların, Arazın bu tayına həmlə edən müasir “şeyxnəsrullahlar”ın Axundov, Mirzə Cəlil, Sabir psixozunun əsl səbəbi.

Əzizim Ağalar! Bir anlıq təsəvvür edək; Mirzə Cəlil(lər) olmasa idi(lər) mənzərə necə olacaqdı? Bəlkə daha yaxşı olardı, bəlkə də daha pis... Bəlkə onların yerində başqa ad və yaradıcılıq temperamentində biriləri olacaq, o boşluq doldurulacaqdı və bu halda mənzərə daha fərqli olacaqdı. Bəlkə də... Tarix həvəskarıyam, amma onun alternativinin yox, gerçəyinin... Tarix “bəlkə”lərin, təxəyyül məhsulu fantaziyaların, “elə olmasaydı, belə olardı” improvizələrinin yox, gerçəklikdə baş vermişlərin, yaşanmışların məcmusudur. Biz o dünənin davamı, bu günü, reallığıyıq. Biz Mirzə Cəlilin qızdırıb yumşaldıb zindanda döydüyü, çəkicləyib formaya, qəlibə saldığı, soyuq şok verib bərkitdiyi, əskinin yeni halıyıq. Biz onların məhsuluyuq. Biz, istisnalar olsa da daha “novruzəlilər” deyilik, marifçilərin düzdüyü “adlamacdan” keçdik, o mərhələni arxada qoyduq.

Mirzə Cəlil(lər) qarşımıza qoyulmuş, bizə qüsurlarımızı, nöqsanlarımızı göstərən saf bir ayinə, güzgüdür,... Ki, biz “adam içinə çıxmadan”, qüsuratımızı başqaları bizdən öncə aşikar edib, bizi gülüş, lağ yerinə çevirmədən o ayinənin qənşərinə keçək, özümüzü qoyaq qarşımıza, baxaq gül cəmalımıza və gülməli ayıbımıza özümüz gülək, təhər-töhürümüzə əl gəzdirək, çəki-düzən verək... Sabir bunu belə ifadə edirdi; “Nə üçün qaraldırsan a qare gözünü, Yoxsa əyri görürsən bu ayinədə özünü?”. “Ayinə” aldatmaz, nəyin var, necəsənsə eləcə, gizlətmədən – pisi pis, əyrini əyri, düzü “həmvar” göstərər. Bəs belə isə, qüsuratı düzəltməkmi, yoxsa onu bizə göstərdiyinə görə vurub ayinəni sındırmaqmı?... Məgər qüsurlarımız yox idimi, Mirzə Cəlil(lər) haqsız idilərmi? Deyildilər! Çalışdım yazıda çeynənmiş fikrlərdən uzaq durum, amma birini burada qeyd etmədən keçə bilməyəcəyəm; üzünə tüpürüləsi əməllərimiz yox idimi? Var idi! O vaxt da var idi, elə indi də yetərincədir...

Mirzə Cəlil yaradıcılığı bizim vicdanımızın bizə çıxardığı hökmdür, bizi özümüzlə baş-başa qoyan özmühakiməmiz, içimizdən gələn pıçıltıdır... Onu qapamaq, susdurmaq, qulaqardına vurmaq yox, onu sadəcə dinləmək lazımdır. Heç aləmə car çəkməyə gərək də yoxdur ki, “ay haray, siz də bilin vicdanımız bizə hansı hökmü kəsib, daxilimizdən bir səs bizə nələri pıçıldamaqdadır”. Sadəcə dinləmək...

Mirzə Cəlili nihilist, qatı inkarçı, cəmiyyətdə ancaq neqativləri görən, ümumi əxlaqi dəyərləri aşağılayan biri kimi təqdim etmək doğru deyil. Onun personajları hamısı “zırrama” deyil, bütün tipləri zavallı “novruzləli”, “məhəmmədhəsən”, mərdüməzar “xudayarlar” deyil. Hətta axtarsan bu personajlarda da müsbət əlamətlər görmək mümkündür. Qəhraman Yüzbaşı (”Kamança”) qəzəbli olsa da, musiqidən təsirlənib kövrələn sentimental qəhrəmandır. O adam öldürmək üçün əldən-ayaqdan da getmir. Yüzbaşı ona görə qəzəblidir ki, o, özünü başlamadığı, istəmədiyi bir konfiliktin içərisində bulub.

Məhəmmədhəsən əminin (“Danabaş kəndinin əhvalatı”) ən ülvi arzusu – Kərbəla ziyarətinə getmək üçün pul toplayıb aldığı ulağın kəndin katdası Xudayarın zavalına gəlməsiylə – alt-üst olsa da, “naçalnik”ə sadəcə eşşəyinin itdiyini, “Heydərxan körpüsü”nün tikintisinə aparıldığını deyir, kadtadan şikayət etmir. Zavallı və qorxaq olduğu üçün deyil, bunu mərdüməzarlıq, nadürüstlük, ziyarətə hazırlaşan mömin birisinin zəvvar əxlaqına zidd davranış saydığı üçün...

Ədib Xudayarın kadtalığının və bəyliyin ona haradan yetişdiyini sual olaraq qoyur. Cavab da bu olur ki, Xudayar o zaman bəy və kadta oldu ki, onun anasını yanında çavuşluq etdiyi yerli məmur – “qlava” siğə etdi. “Qlava”nı pristav, pristavı isə naçalnik təyin edir. Naçalnik də rus-çar məmurudur. Ədib beləliklə, “danabaşlar”da kadtalıq edən “sonradanbəy xudayarlar”a mənsəbin haradan yetişdiyinə işarə edir, baş verən rəzalətin əsl səbəbini ədəbi priyomla oxucusuna çatdırır. Başqa bir hekayədə “naçalnikin dostu” “Qapazlı” kəndinin bəyi və mülkədarı, naçalnikin itinə salam verməyi, çaxırı iri tutumlu stəkanda içməyi özünə fəxr bilən, naçalnik və digər qonaqlara “fanatik müsəlman” olmadığını isbat etmək üçün daha çox içən, içdikcə özünü itirən “məclis yaraşığı” yaltaq və yaramaz Qurbanəli bəydir. “Danabaş” və “Qapazlı” kəndi “xudayarların” kadtalıq, “qurbanəlilərin” bəylik etdikləri başıqapazlı ümumi Qafqaz, Azərbaycandır. “Konsulun arvadı” hekayəsində hadisənin baş verdiyi konsulxana məkan olaraq təsadüfi seçilməyib. Arvadlarından birinin öldüyündən xəbərsiz olan konsul bu xəbəri aldıqda əhvalını belə pozmadan başsağlığına gələnləri bu bəd xəbəri ona gətirdikləri üçün qınayır; “Ay cəhənnəmə vəfat edib, gora vəfat edib! Rəhmətliyin uşaqları (bizə işarə idi) hələ adlarını müəllim qoyub, amma gör nəyə məşğuldurlar”. Personaj olaraq konsul təmsil etdiyi formasiyanın harın başçılarının, konsulxana da həmin “konsulların” hərəmxanaya çevirdikləri sarayın ümumiləşdirilmiş, tipikləşdirilmiş obrazıdır...

Mirzə Cəlil “Xatiratım” əsərində “Molla Nəsrəddin”i hansı zillətlə ərsəyə gətirdiklərindən söhbət açır və Tiflisdəki sansor (senzura) idarəsindəki mənzərəni belə təsvir edir: “...O vaxt sansor idarəsində türk şöbəsində türklərdən bir kəs yox idi. Ancaq iki nəfər şəxs idi: biri erməni Kişmişov, o biri yenə erməni Qaraxanov idi”.

Həmin əsərin bir başqa yerində Mirzə jurnalın çapına gərəkən doqquz manatı Ömər Faiq Nemanzadənin məsləhət bildiyi bir həmyerlimizdən necə almasını nəql edir: “Pulumuz heç yox idi: heç bu min ədəd məcmuənin pulunu – ki, doqquz manat eləyirdi, – tapa bilmirdik. Yadımdadır ki, bu pulu mən yavıq dostumuzdan istədikdə o, pulu verməyə bu şərti qoydu ki, mən onu məcmuənin məzmunundan hali edim. Mən başladım əl yazılarımı oxumağa. Baş məqaləni oxudum. Pullu dostumuz qulaq asdı və dinmədi. Elə ki, keçdim abunə şərtlərinə və o yerə gəldim ki, idarədən müştərilərə nəsihət verilir ki, murdar poçt xidmətçilərinin rütubətli əllərindən ehtiyat eləsin, dindar dostumuz burada başını aşağı saldı. Mən duydum ki, iş xarabdır və dostumuz pul verməyəcək. Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızısaqqal rəfiqim məni bu yerdə dayandırdı və xahiş etdi ki, mən dəxi özümə əziyyət verməyim. Puldan da yana qəti cavab verdi ki, onun nə indi daxılında (bu söhbət onun dükanında idi) doqquz manat tapılar, nə də bu tez vaxtda cəm ola bilər”.

Qəzet-jurnal çap eləmək belə qəliz, zaman elə natərəs idi ki, Mirzə jurnal çap edib millətini aydınlatmaq istəyirdi, amma pulu yox idi. Pulu olanlarsa özləri zəlalət və qaranlıq içində idilər; nə aydınlanmağa, nə də aydınlatmaq istəyənlərə əl tutmaq qeyrətində deyildilər.

Və də, biz hələ pullu “qırmızı saqqallılarımız”a qəzetin, jurnalın nə demək olduğunu, əhəmiyyətini qandırmağa çalışdığımız vaxtlarda, ermənilər bu məsələnin önəmini özləri üçün nəinki çoxdan həll eləmişdilər, hələ Tiflisdəki qəzet idarələrində “sansor”luğa yüksəlib türk dilində gələcəkdə çıxacaq jurnalı “qayçılamaq” görəvini üstlənmişdilər. Mirzə Cəlil bunları ürək ağrısıyla yazırdı...

Müəllif: Fəxrəddin Hacıbəyli

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/rmceah

Самое читаемое