Ağ Evin yeni sahibi Co Bayden: Dünyanı nə gözləyir?

Ermənilərin həlledici ştatlarda böyük çoxluğa, güclü lobbiyə sahib olduğu ABŞ-da bu məntiqlə bütün siyasətçiləri ermənipərəst çıxartmaq mümkündür.

Foto: Meydan TV


ABŞ-ın dünyadakı maraqları üçün əsas təhdid Çindir

ABŞ 46-cı prezidenti Co Baydenin andiçməsindən 10 gün keçib. Ağ Evdəki Oval Ofisdə oturan şəxs dünyanın ən güclü adamı sayıldığından və onun verəcəyi qərarlar bütün dünyaya təsir etdiyindən, Baydenin prezidentliyi dövründə hansı siyasi kursa riayət edəcəyi bütün dünyanı maraqlandıran məsələdir. Eləcə də Azərbaycanı. Dünyanı və bizi maraqlandıran əsas sual budur ki, Bayden dövründə ABŞ siyasəti necə olacaq və dünya siyasətini hansı dəyişikliklər gözləyir?

Eləcə də bir çox başqa sual: Bayden Administrasiyası necə xarici siyasət aparacaq? Qarabağ məsələsində hansı mövqedə olacaq? Rusiyaya qarşı sərt davranacaqmı? Çin, İran və Türkiyə ilə münasibətləri necə olacaq?

Bu və digər suallara cavab axtarmazdan əvvəl, Azərbaycan oxucusu üçün öncə ABŞ-ın xarici siyasət tarixi və xarici siyasətinin necə formalaşması barədə bəzi vacib məlumatları qısa şəkildə vermək istəyirəm.

ABŞ, Birinci Dünya Müharibəsinə qədər dünya siyasətinə qarışmayan, xarici siyasət anlayışı Monro Doktrinasına əsasən qərb yarımkürəsi və Amerika qitəsi ilə məhdudlaşan, dünya liderləri Rusiya, İngiltərə, Fransa və Almaniya üçün uzaqdakı zəngin, amma gücsüz və önəmsiz bir dövlət idi. Təxminən indiki Kanada və ya Avstraliya kimi. Hətta daha zəif.

1908-ci ildə Osmanlıda iqtisadi böhran səbəbindən hökumət səfirliklərinin bir çoxunu bağlamaq qərarı verir. Və bu zaman Bolqarıstan və ABŞ arasından seçim edərkən daha vacib ölkə olduğu üçün(!) Bolqarıstandakı səfirliyi saxlamaq qərarı verilir. Həmin illərdə Fransanın Lissabondakı diplomatlarından birini ABŞ-a göndərdikləri üçün, o, bunu özünə təhqir sayaraq öz diplomatik vəzifəsindən istefa vermişdi. Yəni bu qədər əhəmiyyətsiz dövlət idi ABŞ.

ABŞ-ın dünya siyasətinə qarışması I Dünya Müharibəsi ilə başlayır. İngiltərənin bütün israrları və hərtərəfli fəaliyyətinin nəticəsində, formal olaraq isə "Luzitaniya" adlı ABŞ gəmisinin Almaniya sualtı qayığı tərəfindən vurulmasından sonra müharibəyə girən ABŞ, Avropa müharibəsində həlledici faktor olur və müttəfiqlərinə qələbə qazandırır. Müharibədən sonra Avropa dövlətlərinə nə ənənəvi "məğlub edilən aqressoru parçala və gücsüz et" siyasətinə imkan verməyən, nə də özü nizamın qurulmasında iştirak etmək istəməyən və bununla başda Fransa olmaqla Avropa dövlətlərini Almaniyanın gələcəkdəki revanşizmi qarşısında taleyin ümidinə buraxan ABŞ, beləcə istəmədən də olsa, II Dünya Müharibəsinə aparan yolun döşənməsində iştirak edir.

II Dünya Müharibəsindən əvvəl, İngiltərənin ABŞ-ı "daha bir mənasız dünya müharibəsinə sala bilməməsi üçün" olduqca sərt qanunlar qəbul edən konqresin və ABŞ-ın dünya müharibəsinə girməsinin Hitlerin dünya hökmranlığının qarşısını almağın yeganə yolu olduğunu düşünən prezident Franklin Ruzveltin qarşıdurmasında, Ruzvelt qalib gəlir və ABŞ dünya müharibəsinə girir. Lakin bu dəfə həm Ruzveltin ölümü, həm də müharibədən dərhal sonra başlayan soyuq müharibə hər şeyi dəyişdirir, ABŞ-ın Avropa və dünya siyasətindəki rolunu qalıcı və daimi edir.

Müharibəyə qədər zəif silahlanmış 136 minlik orduya sahib olan ABŞ, müharibədən sonra Avropada və Şərqi Asiyada onlarla hərbi bazası, silahlı qüvvələri olan, nüvə silahına sahib tək dövlət olur və dünyanın iki supergücündən birinə çevrilir. İmperialist Avropa dövlətlərinin müharibədən sonra dünya siyasətinin gənc iştirakçısı olan ABŞ-ın iqtisadi potensialı və hərbi gücü qarşısındakı zəifliyi demokratik (o vaxt bunun mənası "kommunist olmayan" idi) dünyanı ABŞ patronajlığını qəbul etməyə məcbur edir. Avropada amerikan maliyyəsi ilə yenidənqurma başlayır, İngiltərə və Fransa müstəmləkələrinə (əksəriyyətinə) müstəqillik verməyə məcbur edilir və beləcə bizim bu gün yaşadığımız müasir dünya düzəni yaradılır.

Müharibədən sonra, sovetlərin Şərqi Avropadakı vəhşilikləri amerikalıları cavab addımlarına məcbur edir, beləcə soyuq müharibə başlayır. Və düz 45 il davam edir.

Lakin ironik şəkildə, SSRİ-nin Polşa, Macarıstan və Çexoslovakiyada demokratik hökumətləri barbarcasına yıxmasının alovlandırdığı soyuq müharibə, demokratiya üçün o qədər də uğurlu dönəm olmur. Soyuq müharibənin sərt qarşıdurmasındakı siyasi şərait ABŞ-ı kommunizm təhdidi qarşısında qala saydığı sərt hərbi diktaturaları dəstəkləməyə, demokratiyanı dəstəkləməyi SSRİ məğlub edilənədək təxirə salmağa sövq edir.

Soyuq müharibənin sərt atmosferində ABŞ İranda, Braziliyada, Vyetnamda ciddi səhvlər edir, tarixi üçün qara ləkə sayılacaq "Kondor" əməliyyatını həyata keçirir.

SSRİ çökdükdə və soyuq müharibə bitdikdə isə bunu tələskənliklə "xeyir və şər arasındakı münaqişədə xeyirin tarixi zəfəri" olaraq görən ABŞ diplomatiyası, bu dönəmdə çox böyük səhvlər buraxır. SSRİ-nin varisi olan və yeni yaranan gənc Rusiya dövlətinə dəstək verilir, onun yaxın keçmişdə hökm etdiyi ərazilərdə (Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı və s.) törətdiyi əməllərinə göz yumulur.

Və Rusiya bir neçə ildən sonra özünə gəldikdə, müasir dünyamızın siyasi reallıqlarını yaradan proses başlayır. Qərb gözlərini açanda artıq Rusiya əzəmətini bərpa etmiş, ağ və qırmızı çarlar dönəmində dəyişməz qalan 300 illik işğalçı siyasətinə geri qayıtmışdı.

ABŞ-ın dünya siyasətinə girişi, rolu və müasir siyasi sistemin necə formalaşması ilə bağlı bu kiçik tarixi qeyddən sonra indi gələk ABŞ-ın xarici siyasətinin və həlledici qərarlarının necə formalaşmasına.

ABŞ siyasəti ilə bağlı əksəriyyət "ABŞ-da dövləti prezident idarə etmir" fikrini daşıyır. Bu, əslində müəyyən qədər elə bu cürdür. Lakin bunu edənlərin kimliyi əsas mübahisə mövzusudur. Amma bunlar heç bir halda qaranlıq zirzəmilərdə gümüş kasalarda qan içib, ayin oxuyan maskalı adamlar, ya masonlar deyillər.

Eləcə də, prezidentin olduqca böyük gücə və təsir imkanlarına malik olmasını da gözardı etmək olmaz.

ABŞ-da xarici siyasət qərarları prezidentin kabinetində hazırlanmır. Bu işə Dövlət Departamenti və onun Strateji Planlaşdırma İdarəsi baxır. Prezidentin işi bu qərarlar hazırlanandan sonra başlayır: hazırlanan qərarlardan birini seçir. Amma bu dəfə də təkbaşına və dilədiyi kimi qərar vermir. Onu əhatə edən məsləhətçilər ordusunun, siyasi isteblişmentin, ordunun və elitanın mövqeyi nəzərə alınır.

Əlbəttə, tarixdə bunları etməyən, çox vaxt heç nəyi və heç kimi nəzərə almadan qərarları təkbaşına qəbul edən prezidentlər də olub.

Bu məsələdə ağla ilk gələn, Franklin Ruzveltdir. Biznes elitasına və pullu sinfə nifrət edən, Henri Uolles kimi siyasi isteblişmentin nifrət etdiyi siyasətçini vitse-prezident təyin edən, ətrafındakı hər kəsin fikrinin ziddinə ABŞ-ı II Dünya Müharibəsinə soxan Ruzvelt, sadəcə çox güclü idi və düz ölümünədək ona qarşı gələ biləcək heç kim yox idi. Eyni dəst-xətti, saymazlığı nümayiş etdirən Kennedi isə hamının bildiyi kimi öldürüldü.

Bu tərzə uyğun gələn başqa prezidentlər də olub, amma ümumilikdə götürəndə, ABŞ-da prezident sahib olduğu gücə və hakimiyyətə baxmayaraq, xarici siyasətlə bağlı qərarları təkbaşına vermir. (Ağ evdə qərarların qəbul edilməsi prosesi ilə bağlı Kennedinin müşaviri olmuş Artur Şlezingerin (oğul), müvafiq olaraq Eyzenhauerin və Niksonun dönəmində Dövlət katibi olmuş Con Fester Dallesin və Henri Kissincerin, eləcə də Karterin milli təhlükəsizlik müşaviri Bzejinskinin xatirələri prezidentin hakimiyyətinin və qərarları qəbul etməkdəki müstəqilliyinin konturları barədə təsəvvür yaratmağa kömək edə bilər).

Əgər, dəyərli oxucu bütün bu xatirələri oxumağı vaxt itkisi hesab edirsə, sizdə təsəvvür yaratmaq üçün başqa bir örnək misal çəkə bilərəm. Müqayisəli örnək.

ABŞ-da xarici siyasət qərarları aşağı və orta səviyyələrdə "tam bişirilir" və prezidentin işi əksər hallarda bu qərarlardan birini seçib "yemək"-dən ibarət olur. Sistemin mükəmməl işləməsi, bəzən çox maraqlı nəticələrə gətirib çıxarır. Məsələn, Ronald Reyqan ABŞ tarixində prezident olmuş bütün şəxslər arasında, heç bir mübaliğəsiz demək olar ki, siyasi cəhətdən ən naşı və bəsit təsəvvürləri olan lider idi. Lakin sistem o qədər mükəmməl çalışır ki, sadəcə insiativləri və seçimləri hesabına Reyqan ABŞ tarixinin ən uğurlu prezidentlərindən biri olur.

Bunun tam tərsi, Riçard Nikson ABŞ siyasətinin ən intellektual və təcrübəli liderlərindən biri idi, Eyzenhauerin dövründə vitse-prezident olmuşdu. Lakin özünə həddindən artıq güvənən Nikson, bildiyiniz kimi, ABŞ tarixinin ən uğursuz prezidentlərindən biri olur və "Uotergeyt" qalmaqalından sonra istefa verir.

ABŞ-ın xarici siyasətində, prezident həlledici səsə malik şəxsdir. Bir çox halda həlledici qərarları qəbul edir. Lakin bu qərarların hazırlanması və qəbul edilməsi prosesləri ilə bağlı, çox qarışıq və geniş çevrələrin rəyləri də nəzərə alınır.

Diqqətlə nəzər saldıqda onu görə bilərik ki, ayrı-ayrılıqda verilən tarixi qərarları nəzərə almasaq, soyuq müharibədən sonrakı dönəmdə bir-birini əvəz edən demokrat və respublikaçı prezidentlərin hakimiyyətləri dönəmində, ümumi siyasi xətt dəyişilməz qalıb və Trampı çıxmaq şərtilə bütün prezidentlər üçün prezidentliyə namizədlik vaxtı verilən vədlərin bir çoxunu yerinə yetirmək prezident postuna yiyələndikdən sonra mümkünsüz olub. Bunda isə ən önəmli faktor, şübhəsiz ki sistem idarəetməsinin mövcudluğudur.

Gələk bu günümüzə. Trampın ABŞ siyasətinin betonlaşmış ənənələrinə və onilliklər boyu formalaşmış xarici siyasət kursuna faktiki olaraq müharibə açdığı 4 illik prezidentlik dönəmindən sonra Co Baydenin prezident kreslosuna əyləşməsi ilə siyasi isteblişment gücü təsadüfi adamın əlindən aldı.

Bəs bundan sonra dünyanı nə gözləyir?

Başlayaq Rusiyadan. Rusiya, müasir dünyada, II Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq nizam üçün ən böyük təhlükədir. Putinin hakimiyyətinin ilk illərində, başda ABŞ olmaqla qərb dünyası, vaxtilə Hitlerə, ardınca Stalinə qarşı etdiyi eyni səhvi etdi: Rusiyanın niyyətləri ilə özünü aldadan Qərb yekunda onun imkanları ilə üzbəüz qaldı; Putinin ölkəsinin əzəmətini bərpa etmək istəyən milli lider olduğunu düşündülər və ona qarşı heç nə edilmədi. Putin əzəməti bərpa edəndən və 300 illik imperialist siyasətə qayıdandan sonra isə artıq müqavimət göstərməyin qiyməti qərb üçün qat-qat artmışdı. Lakin yekunda nizama qarşı pozucu davranışlar edən Rusiyanı cəzalandırmaq qərarı verən qərb, buna baxmayaraq, hələ də Rusiya qarşısında hərbi güc nümayiş etdirməkdən yayınır. Buna, əsas səbəb Rusiya ilə qonşu olan Avropanın hərbi zəifliyidir və bu zəifliyi aradan qaldırmaq üçün artıq bəzi addımların ayaq səsləri gəlməkdədir.

Üstəlik, Rusiya daxilində də siyasi vəziyyət dəyişib və Putinin hakimiyyəti möhkəmliyini itirib. Əlbəttə ki, sadəcə Navalnıya və xalq etirazlarına görə yox. Rusiyada siyasi dəyişiklik üçün xalqdan əvvəl hesablaşmaq gərəkən başqa faktorlar var: QRU, FSB, elita və s. Lakin artıq hiss olunur ki, Rusiyada post Putin erasına hazırlıq gedir. Bu, həm də Putinin şəxsi sağlamlıq durumuna görə ola bilər.

Necə olmasından və çar taxtına kimin çıxmasından asılı olmayaraq, Rusiya imperialist siyasətindən əl çəkəsi deyil. Ən yaxşı halda qərblə uzun müddətdir davam edən konfrontasiyanı bitirmək üçün Suriya və şərqi Ukrayna məsələlərində sövdələşməyə gediləcək.

Əslində, bu, ABŞ üçün ən məqbul variantdır. Rusiyanı zəiflətmək müəyyən qədər ABŞ-ın marağında olsa da, onu parçalamaq və yerində yeni, təcrübəsiz dövlətlərin yaranması ABŞ və qərb üçün arzuolunmaz nəticə olardı.

Rusiyanın Avropaya və ABŞ maraqlarına qarşı təhdidini neytrallaşdırmaq qərb üçün əsas hədəfdir. Bayden dövründə buna nail olmaq uğrunda siyasət aparılacağını düşünürəm.

Lakin konfrontasiya gec-tez bitəcək. Çünki Rusiya heç bir halda dünya liderliyi uğrunda ABŞ-la rəqabət aparacaq dövlət deyil. Rusiya, indiki elmi və iqtisadi potensialı ilə, ən yaxşı, qismən demokratikləşəcəyi halda I Aleksandr dövründəkinə bənzər şəkildə, sistem daxilində Avropa liderliyinə iddia edə bilər. Əslində, Avropaya qarşı təhdidləri olmayan, qismən demokratikləşən Rusiya da Avropa üçün kifayət qədər cəlbedici ölkədir.

ABŞ-ın dünyadakı maraqları üçün əsas təhdid Çindir. Və Tramp dövründə başlayan qarşıdurmanın Baydenin dövründə sona çatacağını gözləmək sadəlövhlük olardı. Çin, elmi, iqtisadi, hərbi və insan potensialı ilə ABŞ-ın dünya liderliyindəki əsas rəqibidir. Orta və uzunmüddətli perspektivdə Çin böyük ehtimalla ABŞ xarici siyasətinin əsas hədəfi olacaq. 21-ci əsrdə insanlığa sığmayan vəhşiliklər edən və uyğurlara qarşı faktiki olaraq soyqırım törədən Çinə qarşı ABŞ siyasəti, həm maraqlar, həm də dəyərlər baxımından xeyli sərtləşəcək.

Bayden Administrasiyasının İrana qarşı siyasəti də maraqla gözlənilir. Sanksiyaların yumşalmasından sonra qısa dövr ərzində özünə gələn və regionda alovlu dini ekspansionizm siyasətinə başlayan İran, Tramp dönəmində sanksiyaların bərpası ilə xeyli zəiflədildi. Bayden dönəmi üçün dünyanın nüfuzlu siyasi mərkəzləri İrana qarşı yumşalma gözləsə də, mən bu məsələdə Baydenin Obama siyasətinə qayıdacağını düşünmürəm. Obamanın yumşaq siyasətinin İranın əl-qolunu açdığını və müttəfiqlərinə qarşı necə təhdidlər yarada bildiyini görən ABŞ siyasi isteblişmentinin, hətta Bayden israrlı şəkildə yumşalma siyasəti tətbiq etmək istəsə belə, buna rahat şəkildə icazə verəcəyi inandırıcı deyik. Amma Baydenin özü də İrana qarşı çox da yumşaq siyasət göstərəcəyi ilə bağlı siqnallar vermir. Xüsusilə onun dövlət katibi Blinkenin son günlər İranla bağlı verdiyi bəyənatlar olduqca maraqlıdır və diqqətlə izlənməlidir.

Baydenin Türkiyəyə qarşı necə siyasət aparacağı də maraqla gözlənilir. Senatorluğu və namizədliyi dönəmində Türkiyəyə və Prezident Ərdoğana qarşı sərt bəyənatlar verən Baydenin, prezidentlik dönəmində Türkiyəyə qarşı nəinki bəyənatlarındakı qədər, ümumiyyətlə sərt davranacağını düşünmürəm. İlk növbədə ona görə ki, kifayət qədər odioz və hiyləgər siyasətçi olan Ərdoğan Bayden dövründə sərt ritorikanın və ABŞ-la konfrontasiyanın nə ilə nəticələnəcəyini gözəl anlayır və bunun qarşısını almaqda xeyli maraqlı görünür.

Daxildəki populist kütlə üçün "Ey, Amerika" qışqırıb özünü Amerikaya meydan oxuyan siyasətçi kimi göstərməyinə çox da önəm vermək lazım deyil. Ərdoğan, artıq geriyə addım atmağa hazır olmağı ilə bağlı mesajlar verməkdədir.

Ərdoğanın, ABŞ-la münasibətləri yoluna qoymaqda maraqlı olduğunu, xüsusilə S400 məsələsində geri addın atacağını və Türkiyə-ABŞ qarşıdurmasının yekunlaşacağını düşünürəm. Əksi, Türkiyə üçün iqtisadi fəlakət olardı…

Gələk Qafqaz və Azərbaycanla bağlı məsələyə. ABŞ-ın xüsusilə Tramp dövründə, Qafqazda Rusiya patronajlığını qəbul edən siyasəti, bu bölgə üçün çox böyük çətinliklər yaratdı. Rusiyanın bölgədəki hegemoniyasının ABŞ tərəfindən tanınması Baydenin seçilməsi ilə gücü yenidən əlində tutan siyasi isteblişment tərəfindən çox böyük səhv kimi qiymətləndirilir və artıq yeni administrasiya bu səhvi düzəldəcəyi istiqamətində siqanallar verməkdədir.

Yeni prezident Baydenin ermənipərəst olması ilə bağlı yayılan söz-söhbətlərə o qədər də önəm vermək lazım deyil. Ermənilərin həlledici ştatlarda böyük çoxluğa, güclü lobbiyə sahib olduğu ABŞ-da bu məntiqlə bütün siyasətçiləri ermənipərəst çıxartmaq mümkündür. Bayden hətta ermənipərəst olsa belə, o, ABŞ-ın prezidentidir və ABŞ-ın maraqlarından kənar xarici siyasət apara bilməz. ABŞ-ın maraqları isə ilk növbədə onun özünün qurduğu dünya nizamını qorumaqdır. Bu nizamın əsas prinsiplərindən biri də ərazi bütövlüyü və işğala qarşı müqavimətdir…

ABŞ Bayden dönəmində Qafqaza yenidən qayıdacaq və buradakı siyasətdə yaxından iştirak edəcək. Bu, düzgün qiymətləndirsək, bizim üçün çox böyük imkandır. Ərazimizə özünü zorla soxuşduran işğalçı rus ordusunu hansısa formada tarazlaşdırmaq, yaxşı olardı ki, onu hansısa beynəlxalq hərbi missiya ilə əvəz etmək üçün ABŞ-ın regiondakı əsas müttəfiqi olmaq və dəstəyini almaq Azərbaycan üçün çox önəmlidir. Əliyev administrasiyası bu dönəmdə ABŞ-la aktiv şəkildə işləməlidir. Və mütləq şəkildə bizi dünyada nüfuzdan salan, demokratik dövlətlərin dəstək verməsini mümkünsüz edən insan haqları və siyasi azadlıqlar məsələlərində Prezident Əliyev addımlar atmalıdır. Bu, artıq sadəcə insan haqları deyil, həm də ölkəmiz üçün milli təhlükəsizlik məsələsidir.

Ölkəmiz və dünya ilə bağlı gözləntilərdən sonra yekun olaraq onu deyə bilərəm ki, Baydenin hakimiyyəti dövründə Tramp dönəmində formalaşan qeyri-sabit siyasi atmosferin sonlanacağını və yenidən normal siyasət qaydalarının işləyəcəyini, xarici siyasətdə daha aktiv, NATO müttəfiqləri, demokratiya və insan haqları məsələlərində daha həssas və diqqətli bir ABŞ siyasəti proqnozlaşdırıram.

Əlbəttə ki, bu yazdıqlarım özünü siyasi ekspert saymayan bir diletantın xarici siyasətlə bağlı bəsit proqnozlarıdır və reallaşmaya da bilər. Bu yazı ABŞ və onun xarici siyasəti ilə bağlı Azərbaycan oxucusunda kiçicik də olsa ilkin təsəvvürlər formalaşdırmaq cəhdidir.

Proqnozlarım isə subyektivdir və hansı dərəcədə reallaşacağını həyat göstərəcək. Necə deyərlər, yaşayarıq, görərik.

Ana səhifəXəbərlərAğ Evin yeni sahibi Co Bayden: Dünyanı nə gözləyir?