AFFA qanunsuz olaraq İlham Əliyevin təbliğatı ilə məşğul olur?

Futbolçuların çəkildiyi videoçarx müzakirə mövzusuna çevrilib

Source:
Futbolçuların təbliğat videosundan screenshot
Futbolçuların təbliğat videosundan screenshot


Futbolçuların çəkildiyi videoçarx müzakirə mövzusuna çevrilib

“Biz qalib gəlməyi arzulayırıq və qələbənin sirrini biləni dəstəkləyirik. Biz ölkəmizdəki sabitliyin təminatçısını dəstəkləyirik. Biz davamlı inkişafı, güclü iqtisadiyyatı dəstəkləyirik. Ölkə idmanının ən böyük təəssübkeşini dəstəkləyirik. Biz gələcəyimizə səsə veririk, biz İlham Əliyevi dəstəkləyirik”.

Bu cümlələr futbol üzrə Azərbaycan yığma komandasının üzvlərinə – Cavid İmamverdiyev, Namiq Ələsgərov, Rahib Məmmədov və Qara Qarayevə məxsusdur. Onlar aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləriilə bağlı hazırlanan videoçarxda İlham Əliyevə dəstək olublar. Dəstək

videosu

“Qarabağ” klubunun və yığma üzvü Qara Qarayevin “Facebook” səhifəsində paylaşılıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi “Facebook” səhifəsi Qarayevin səhifəsində olan videoçarxı yayımlayıb.

AFFA-nın rəsmi saytında federasiyanın nizamnaməsi var. Nizamnamənin “Ümumi müddəlar” hisssəsində “AFFA-nın hüquqi statusu, baş qərargahı və ona üzvlük” maddəsinin ikinci bəndində qeyd olunur ki, AFFA, siyasət və din məsələlərində neytraldır. O, hər hansı formada siyasi, dini, cinsi, etnik, irqi və ya başqa ayrı-seçkiliklərə qarşıdır və bu hərəkətlərə yol vermiş şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görür. O, demokratiya, şəffaflıq və könüllülük prinsiplərinə əsaslanır.

Nizamnamənin 16-cı maddəsində , “Üzvlərin öhdəlikləri” hissəsinin “h” bəndində etnik, cins, dil, din, siyasət əsasında və ya hər hansı başqa səbəbdən ölkəyə, şəxslərə və ya şəxslər qrupuna qarşı ayrı-seçkiliyə yol verilməsinə imkan verməməsi qeyd olunur.

Qara Qarayev
Qara Qarayev

MeydanTV-nin əməkdaşı futbolçu Qara Qarayevlə əlaqə saxlayıb. Onunla olan söhbəti olduğu kimi təqdim edirik:

– Qara bəy, səhifənizdə İlham Əliyevin təbliğatı ilə bağlı video paylaşılıb. Necə oldu bu video ərsəyə gəldi?

– Sən kimsən ki, bunu məndən soruşursan?

– Mən jurnalistəm.

– Jurnalistsən, mən bu haqda danışmıram!

– Niyə danışmırsız, bilmək olar?

– Qardaş, danışmıram mən bu haqda. Sevə-sevə dəstəkləmişik, bu qədər!

– Burda qeyri-adi nəsə yoxdur, suz sualları cavablandırırsız.

– Deyirəm də, öz seçimimizdir. Sevə-sevə də dəstəkləmişik.

– Bəs bilirsiz ki, AFFA və onun üzvləri siyasətə qarışmır? Bu haqda AFFA-dan heç nə deməyiblər sizə?

– Bizə deyiblər, biz də dəstəkləmişik. Hər kəsin bir seçimi var. Biz də dəstəkləmişik, başqa heç nə yoxdur bunda.

– Dəstək videoçarxında çəkilməyi AFFA-dan deyiblər sizə?

– Yox, bizə belə deməyiblər. Zatən bizim özümüzün də könlü var idi çəkilməyə, təklif olandan sonra da biz sevə-sevə qəbul elədik. Zatən özümüz də fərdi olaraq belə bir şey edəcəkdik, amma komanda şəklində etdik.

– Yığma komandada elə azarkeşlər var ki, onlar İlham Əliyevi dəstəkləmir. Bəs fikirləşmirsiz ki, futbolsevərlər pis olur?

– Qardaş, sən nə istəyirsən məndən? Niyə qatırsan bu məsələləri? Bu, bizim seçimimizdir. Heç kim qabağımıza qoya bilməz ki, sən bunu niyə, nə üçün etmisən.

Firuz Abdulla
Firuz Abdulla

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamanetinin rəhbəri Firuz Abdulla Meydan TV-yə deyib ki, videoçarxın AFFA-ya aidiyyatı yoxdur, futbolçular onu şəxsi səhifələrində paylaşıblar. Jurnalistin AFFA-nın rəsmi səhifəsinin videoçarxı yayımlaması ilə bağlı sualına F. Abdullanın cavabı belə olub:

“AFFA-nın səhifəsi onların paylaşımını paylaşıb. Bu, “Facebook” səhifəsidir, AFFA-nın rəsmi səhifəsi deyil ki. Sosial şəbəkə sosial platformadır, rəsmi saytda paylaşılsaydı, bəlkə də hansısa qanun pozuntusu ilə bağlı düşünmək olardı, amma bu rəsmi saytda paylaşılmayıb, sosial şəbəkədə paylaşılıb. AFFA təşkilat olaraq mövqeyini nümayiş etdirməyib, futbolçular paylaşıb”.

Jurnalist Firuz Abdullaya xatırladıb ki, futbolçular videoçarxda yığma komandanın formasını geyinib və prezidentə dəstək olublar. Federasiya rəsmisi cavabında deyib ki, eyni məntiqlə milli komandanın formaları idman mağazalarında satılır. İstənilən insan formanı alıb, istənilən ictimai yerdə istənilən hərəkətə yol verə bilər:

“AFFA buna görə məsuliyyət daşımayacaq. Futbolçular da öz davranışlarında müstəqildilər”.

“Komanda.az” saytının baş redaktoru Rəşad Ergünün sözlərinə görə, birmənalı olaraq beynəlxalq futbol təşkilatları – FİFA və UEFA futbolun siyasətə qarışdırılmasına qarşı çıxır:

“Futbol, futbolçu, məşqçi hansısa fərdin, partiyanın, liderin təbliğat maşınının vintilinə çevrilə bilməz. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Kataloniya məsələsinə görə oyunlar vaxtı pencəyinin yaxasına sarı lent taxmışdı. Ona bir neçə dəfə xəbərdarlıq edildi, sonra isə İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırıldı. Baxın, ingilislər futbolu siyasətə qarışdırdığı üçün məşqçini cəzalandırır, bizdə isə cəza verməli olan qurum – AFFA özü qaydaları kobud şəkildə pozur. Nizamnaməsinin əksinə olaraq təbliğat materialı yayır. AFFA-nın cəzasını kim verməlidi? FİFA, UEFA. Təbii ki, bu təşkilatların Azərbaycanda, Azərbaycan futbolunda baş verən rüsvayçılıqlardan xəbərləri varsa…”.

O hesab edir ki, Azərbaycan futbolunda 5-6 klub eyni cibdən – AFFA-dan maliyyələşir, bu, özü də birbaşa reqlament pozuntusu, hətta cinayətdi:

“Buna görə AFFA-ya, Azərbaycan futboluna cəza verilirmi? Ona görə də, inanmıram ki, AFFA daha bir qaydanı kobud şəkildə pozmasına görə cəza alsın. Dəfələrlə olub ki, FİFA hansısa dövlət yerli futbol federasiyasının işinə müdaxilə etdiyinə görə xəbərdarlıq edib, cəza verib. Milli futbol federasiyaları nədi? Milli futbol federasiyasını təmsil edəni ölkədə FİFA-nın, UEFA-nın bir şöbəsi, filialı kimi düşünün. Bəs bizdə necədi? FİFA hansısa dövlət yerli futbol federasiyasının işinə müdaxilə etdiyinə görə cəza verir, bizdə isə AFFA siyasətə burnunu soxur, futbolçuları məcbur edir ki, kiminsə təbliğatının bir parçasına çevrilsin. Bu, birbaşa qaydaların, reqlamentin pozulması deməkdi. Hər bir milli futbol federasiyasının da nizamnaməsində onların siyasətə qarışmayacağı, neytral mövqe tutacağı haqda bəndlər olur. AFFA bu nizamnaməyə də tüpürür”.

Xalid Ağalıyev
Xalid Ağalıyev

Hüquqşunas Xalid Ağaliyev deyir ki, AFFA-nın öz nizamnaməsində də deyildiyi kimi, qeyri-hökumət təşkilatıdır və qeyri-hökumət təşkilatlarının fəaliyyəti qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunla tənzimlənir:

“Həmin qanunun 2-ci maddəsi belə durumların məzmununu ifadə edir. Həmin maddə deyir ki, qeyri-hökumət təşkilatı prezident, parlament, bələdiyyə seçkilərində iştirak edə bilməz, siyasilərə yardım göstərə bilməz. QHT seçkilərdə nələri edə bilər, bu da qanunda dəqiq ifadə olunub: Müşahidə edə, exit-poll həyata keçirə bilər. Ümumiyyətlə, qanunvericilik aydın şəkildə göstərib ki, QHT-nin məqsədi onun təsis sənədlərində aydın ifadə edilməlidir, fəaliyyəti də məhz həmin məqsədlərə yönəlik olmaldır. Biz dəfələrlə hansısa QHT-nin məqsədlərindən kənara çıxması əsası ilə müvafiq dövlət qurumu tərəfindən cəzalandırılmasının şahidi olmuşuq. AFFA-nın nizamnaməsi də onun məqsədlərini ifadə edir, ancaq qeyd olunan məsələ, seçkidə dəstək və sair orda yoxdur. Ona görə də qeydiyyat orqanı olan Ədliyyə Nazirliyi buna qiymət verməlidir”.

Ana səhifəXəbərlərAFFA qanunsuz olaraq İlham Əliyevin təbliğatı ilə məşğul olur?