Adil Qeybulla: Unutmayın ki, qorxu da immuniteti aşağı salır

Adil Qeybulla əlavə edir ki, bu infeksiya ətrafında yaranmış ajiotaj onun mahiyyətinə qəti adekvat deyil. Həkim şayiə xarakterli informasiyalara inanmamağı tövsiyə edir:

Adil Qeybulla, Foto: Meydan TV


“Vaksin illüziyasına qapılmayın”

“COVİD-19 pandemiyası dünya düzənini, siyasi və iqtisadi coğrafiyanı dəyişməyə doğru hədəflənir. Bunun arxasında həm də ciddi maraqların dayandığı göz önündədir. Təəssüf ki, bu məsələlər bizim iradəmiz xaricindədir”.

Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla belə deyir. Bildirir ki, əgər infeksiya kaskad effekti almasa, reinfeksiya olmasa, yaxın 2 aydan sonra infeksiya haqda keçmiş zamanda danışmaq mümkün olacaq:

“Mənə bir həkim kimi olan çoxsaylı zənglərdən görürəm ki, insanlar panika və təşviş içindədirlər. Kütləvi psixoz durumu yaranıb”.

Həkim insanları təşviş keçirməməyə çağırır. O, insanlarda düzgün təsəvvürlərin yaranması hər il dünyada qripdən ölən insanların statistikasından danışır:

“Hər il dünyada qrip infeksiyası (H1N1) fonunda ölüm halları (ya yanaşı xəstəliklərdən, ya da virusun yaratdığı birbaşa bakterial və septik ağırlaşmalardan) COVİD-19-dan dəfələrlə çox olur. Koronavirusların digər təhlükəli növləri sayılan SARS və MERS – COVID-19-dan daha ağır gedişə malik olub. Yüksək ölüm faizinə malikdir. Uyğun olaraq 11 faiz (SARS) və 35-50 faiz (MERS)”.

Adil Qeybulla deyir ki, COVİD-19 hər 4 adamdan 1-də tam asimptomatik (subklinik formada) keçir. Xəstəlik yüngül gedişli soyuqdəymə əlamətlərilə, həyati təhlükəsiz bakterial və ya virus pnevmoniyası ilə, kəskin respirator distres sindromu ilə, ağciyər çatmazlığına gətirən ağır atipik pnevmoniya ilə və bu fonda yaranmış septiki şok və poliorqan çatmazlığı ilə müxtəlif gedişlərlə müşahidə oluna bilər. Yoluxma üçün ekspozisiya (təmas) müddəti və buna bağlı virus yüklənməsi də xüsusi önəm kəsb edir. Həkimlər arasında ölüm hallarının bir səbəbi də bununla izah olunur”.

Həkim bildirir ki, xəstəliyin gizli dövrü, orta hesabla 14 gün, son məlumatlara görə, bəzən 28-29 günə qədər tərəddüd edə bilər. Xəstəliyin spesifik müalicəsi və profilaktik vasitəsi (vaksin) yoxdur:

“Vaksin illüziyasına qapılmayın. Vaksin yaradılıb sənaye istehsalına buraxılına qədər virus canlı aləmi tərk edəcək. İnfeksiyadan dünyasını dəyişənlərin təhlili göstərir ki, əksər hallarda infeksiya yaşlı və yanaşı ağır xəstəlikləri (co-morbid vəziyyət) olanlar arasında bir provakasiya rolunu oynayıb. Onsuz da dünyada hər il insanlar bu patologiyaların ağırlaşmasından ölürlər”.

Adil Qeybulla əlavə edir ki, bu infeksiya ətrafında yaranmış ajiotaj onun mahiyyətinə qəti adekvat deyil. Həkim şayiə xarakterli informasiyalara inanmamağı tövsiyə edir:

“Qətiyyən qorxmayın və əndişə keçirməyin. Unutmayın ki, qorxu da immuniteti aşağı salır. Qorxu heç nəyi həll etmir. Əksinə, laqeyd də qalmaq olmaz. Ehtiyatlı və diqqətli olmaq isə şərtdir. Dünya təcrübəsi göstərdi ki, sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə əməl etmək virusun canlı hüceyrələrdə bəslənmə şanslarını itirir. Əlləri isti su altında 30 san tez-tez diqqətlə yumaq, canlı insanla təmaslardan qaçmaq (sosial izolyasiya, antikommunikasiya), maska taxmaq, immun sistemi gücləndirmək, fiziki fəallığı artırmaq əsas görəcəyimiz işlər olmalıdır”.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 70 minə yaxın şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.


Aprelin 2-də

isə ayın 5-i saat 00:00-dan 20 aprel saat 00:00-dək hərəkət məhdudiyyəti ilə bağlı növbəti qərar qəbul edildi. Yeni qərara əsasən, sadə insanlar yalnız 3 halda evdən çıxa biləcəklər. Tibbi zərurət yarandıqda, ərzaq almaq üçün, poçt xidmətlərindən istifadəyə görə, yaxın qohumunun dəfnində iştirak etmək üçün. Üstəlik, onlar yaşayış yerini tərk etmək üçün icazə almaq üçün 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız izin verildikdən sonra çıxa biləcəklər.

Ana səhifəSosialAdil Qeybulla: Unutmayın ki, qorxu da immuniteti aşağı salır