Abbas Hüseynovun aclıq aksiyasına başladığı bildirilir

Penitensiar Xidmət isə A.Hüseynovun aclıq etməsi və cərimə kamerasına salınması haqda deyilənləri təkzib edir.

Source: Foto: arxiv


Məhbus cəzaçəkmə müəssisəsinə sovqatın buraxılmamasına və qiymətlərin bahalığına etiraz edir

“Müsəlman Birliyi” Hərəkatının üzvü, 2015-ci ilin noyabrında Nardaran hadisələrinə görə həbs olunan Abbas Hüseynovun aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib. Deyirlər ki, A.Hüseynov koronavirus təhlükəsinə görə cəzaçəkmə müəssisəsinə sovqat buraxılmaması və müəssisənin daxilindəki ticarət köşkündə qiymətlərin bahalığına etiraz edir.

Yaxınlarının bildirdiyinə görə, tək A.Hüseynov deyil, onun saxlandığı 8 saylı Cəzaçəkmə Müəssisəsində bır sıra başqa məhbuslar da etiraz edir: “Onlara verilən yeməklər çox keyfiyyətsizdir, ona görə ailələr məcbur olub aparırdı. Üç aydır ki, evdən gətirilənləri buraxmırlar, öz dükanlarında satdıqları da çox bahadır. Abbas və digər məhbuslar da deyir ki, necə olur, evdən gətirilən ərzaqda koronavirus ola bilər, bunların dükana gətirdiklərində yox? İstifadə edirlər ki, məhbusların başqa çarəsi yoxdur, qiymətləri də lap qaldırıblar”.

Yaxınları əlavə edib ki, A.Hüseynov etiraz aksiyasına görə cərimə kamerasına (“kars”) salınıb.

Penitensiar Xidmət isə A.Hüseynovun aclıq etməsi və cərimə kamerasına salınması haqda deyilənləri təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov cəzaçəkmə müəssisələrinin daxilindəki dükanlarda qiymətlərin bahalığı haqda deyilənlərlə də razılaşmır. Bildirir ki, qiymətlər elə adi mağazalardakı kimidir. Amma alış-veriş zamanı hesablaşma nağdsız aparılır. Yəni məhbusun hesabındakı vəsaitdən çıxılır.

A.Hüseynov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Nardaranda keçirdiyi xüsusi əməliyyat zamanı Taleh Bağırzadə və digərləri ilə birlikdə həbs olunub. T.Bağırzadə və A.Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran hadisələri zamanı həbs olunanlar ittihamların yalan olduğunu, həbs edilərkən işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir.

Ana səhifəSiyasətAbbas Hüseynovun aclıq aksiyasına başladığı bildirilir