2017-yə qədər… (ADO – Oda)

ADO-Oda tarixinə qısa baxış etmək istərdim

Elmin Bədəlov
Elmin Bədəlov


ADO-Oda tarixinə qısa baxış etmək istərdim

Böyük bir ixtisarla. Başlayaq 2012-ci ildən. Azərbaycanda bomboz bir teatr mühiti vardı. Bir qrup gənclə bir araya gələrək teatr qrupu yaradıb, müzakirələr, məşqlər edir, ortalığa nəysə çıxarmaq istəyirdik. Mühitə rəng qatmaq istəsək də, bir neçə ay sonra özümüz bozlaşmağa, yorğunlaşmağa başladıq. Günlərin birində Qoqolun “Evlənmə” pyesi ilə başladıq yenidən. Bu sadəcə insanların reaksiyasını yoxlamaq üçün sanki bir test oldu. Maraqla qarşılandı. Hələ də nə etdiyimizi tam aydınlaşdıra bilmirdik. Yenidən çöküş başladı…

Nəhayət, 2013-cü il 15 iyul tarixində daha qəti addım atmaq qərarı verdim, “Oda” adlı ilk müstəqil teatr təsis etdim. Bu işdə mənə çox kömək edən insanlar oldu. Onlar mənimlə birgə əziyyətə qatlaşmaqdan çəkinmədilər. Teatrın ilk tamaşası Rumin dramaturqu Matey Vişnekin “Səncə, döyəcəklər?” pyesi əsasında hazırlandı. Pyesi Azərbaycan dilinə Zamin Hacı tərcümə etmişdi. Tamaşanın quruluşunu İlqar Cahangir üzərinə götürdü. İlk təqdimatdan sonra deyəsən hər şeyin cığıra düşdüyünü hiss edirdik. Çox çəkmədi, cəmi iki ay sonra polis teatrın Topçubaşov 38 ünvanında yerləşən “Zirzəmi” məkanına yetişdi, məni və İlqar Cahangiri bölməyə apardılar. Mediada işıq sürətilə yayılan məlumatlar elə bölmənin qapısından içəri girəndə polislərin özünə fırlanıb çatdı. Polislər hərəsi bir tərəfə dağılışdılar, bizi rütbəsi ən kiçik olan bir polis işçisinin yanında qoydular. O da “sizi tutan olub ki, mediaya məlumat vermisiz? Çıxı,n gedin” – deyib bizi “qovdu”. Davam etdik, “Arzular bağı”, “İntihar”, “İtən vaxt”, “Xəyali qisas”, “Apokalipsis” adlı yeni tamaşalar təqdim etdik. Bu vaxt ərzində xeyli sayda problemlər başımızdan əskik olmadı. Odanın fəaliyyətinin 8-ci ayında maliyyə problemi bizi haqladı.

Qısa fasilədən sonra daha geniş məkanda (Əlövsət Quliyev 115) fəaliyyətimizin 2-ci mövsümünün açılışını etdik. Elə burada da çox çəkmədi. Sanki tarix təkrarlanırdı. Yeni yerdəki fəaliyyətin ikinci ayında qapımızı yenidən polis döydü. Bu dəfə “şortik” söhbəti olmuşdu, naməlum şəxslər tamaşaçımızı döymək istəmişdi. Polis də gəlib yer sahibini hədələmiş, qapının qıfılını dəyişmişdilər.

Üçüncü məkana (Təbriz Xəlilbəyli küç.) köçməli olduq. Yenə də çox çəkmədi. 3 ay sonra yer sahibi bizə qapını göstərdi. Biz də dördüncü məkanımız olan Dilarə Əliyeva 141 ünvanına köçəsi olduq. Yeni məkanımızın sahibəsi bizi dəstəkləyirdi. Bu yerimizdə bir ildən çox qaldıq. Tamaşalarımızın da sayı artırdı. “Bəyaz şedevr”, “MimOda18+”, “Tikanlı məftillər” adlı tamaşalar repertuarımıza əlavə olunmuşdu. Günlərin birində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri gəlib dedilər ki, binanı sökəcəklər, bu səbəbdən məkanı tərk etməliyik. Beşinci məkanımız olan Bəşir Səfəroğlu 155 ünvanına köçdük. Üstündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Dilarə Əliyeva 141 ünvanında yerləşən dördüncü məkanımızı sökən yoxdur. İndi isə maliyyə problemi üzündən məkansızıq. Lakin fəaliyyətimiz dayanmayıb, yeni yer tapana qədər səyyar fəaliyyət göstəririk…

Niyə ADO?

Oda teatrının ən böyük məqsədlərindən biri də ölkədə müstəqil teatrların sayının artması idi. Ancaq Odanın yaranmasından iki il keçməsinə baxmayaraq, müstəqil teatrlar yaranmırdı. Düşündüm ki, yenə özümüz başlamalıyıq. 1 sentyabr 2015-ci il tarixində Oda sözünün tərsi olan “ADO” adında modern bir teatr təsis etdim. Yenə də bu işdə mənə dəstək və kömək olanlar əskik olmadı. Artıq iki müstəqil teatr fəaliyyət göstərirdi. ADO məkanın padvalında, Oda isə birinci mərtəbəsində yerləşirdi. 31 mart 2016-cı il tarixindən isə Oda və ADO teatrları repertuarlarını birləşdirərək ADO teatrı adı ilə fəaliyyətini davam etdirdi. Teatrın yaranma tarixi isə 15 iyul 2013-cü il kimi qəbul olundu. Əsas xətt isə ADO teatrı stili olaraq götürüldü. Belə desək, Oda ADO-nun içində yoğruldu. Ümumi yolumuz yeniləşərək daha modernləşdi və bütövləşdi sanki. Belə desək, Oda elə ADO, ADO da Odadır. İstəsəniz, ADO sözünü bir abvieatura kimi tanıya və açıqlamasını ADO – Azərbaycan Dağınıq Oda teatrı kimi verə bilərsiniz. Bu abvieatura açıqlamasını sonra dəyişmək də olar. Əsas adlar yox, işlər önəmlidir.

Bundan sonra ADO deyəcəyimiz teatrı necə başa düşək?

Zaman keçirdi, ora-bura “sürgün” olunsaq da, problemlərlə mübarizə aparsaq da, repertuarımıza yeni tamaşaların əlavə olunması ləngimirdi. “STOP”, “Ağ-Qara”, “GOTT və ya Cənnətin işğalı”, “yağış, yağış, yağış” və başqa tamaşalar repertuarımızı zənginləşdirməkdə idi. Bunlardan əlavə, teatr heyəti Fransa, İran, Türkiyə və Gürcüstanda tamaşalar göstərib, görüşlər keçirib. Eyni zamanda teatrın tamaşaları Fransanın “Oriak” festivalının, İranın “Təbrizim” küçə teatrları festivalının qalibi olub.

Təsisçisi olduğum teatrın uğurlarını, tarixi yolunu yazmaq mənə çox qürur verir. Ən əsası da bu teatrın bir təsisçisi olubsa, dəstəkçilərinin, tamaşaçılarının, mənimlə birgə çiyin-çiyinə çalışanların, böyük məsuliyyətin altına çəkinmədən girənlərin sayı çoxdur və artmaqdadır.

Ancaq teatr fəaliyyətimizin dördüncü ilində olmağımıza baxmayaraq, bizi başa düşməyənlərin, tənqid, təhqir edənlərin sayı da azalmır. Məsələlərə azacıq aydınlıq gətirmək də bizim üzərimizə düşür.

ADO Azərbaycanda modern, kreativ teatr ənənəsini formalaşdırır. Ötən illərə nisbətdə yolunu daha da qətiləşdirib. Özünə fərqli bir teatr ənənəsi seçsə də, bu teatrın demək istədikləri, məqsədləri daha genişdir. Bütün bunlar sadəcə olaraq bir vasitə və yoldur. Biz içimizdəki azadlıq ruhunu müxtəlif vasitələrlə simvolizə edir, şüurların formalaşmasında rol oynayır və məqsədimiz uğrunda irəliləyirik. Bizi təhqir edənlərin sayı azalmasa da, bəzən özümüz də hiss etmədən məqsədə doğru irəliləyirik. Arxaya dönüb baxdıqda, geridə qoyduğumuz illərə nəzər saldıqda görürük ki, bizim etdiyimiz dəyişikliklər buna misaldır. Elə bizim başlatdığımız “müstəqil teatrların yetişməsi” ənənəsi öz bəhrəsini verdikcə, prosesin düzgün getdiyinə əminliyimiz artır. Çünki biz başa düşürük ki, mədəniyyətin, teatr mühitlərinin inkişafı üçün müstəqil teatrlarının sayının artması çox faydalı olacaq. Onların keyfiyyətli, yaxud keyfiyyətsiz tamaşa göstərməsindən söhbət getmir. Əsas sayın artmasıdır. Say artdıqca mühit yaranacaq və buradan ən yaxşıları həmişə üzdə olacaq. Bu, tarixən belə olub.

4 illik fəaliyyətimiz dönəmində 4 dəfədən çox bu teatrı bağlayıblar. Ancaq hər dəfə qısa zaman keçmədən teatrın fəaliyyətini bərpa etmişik. Teatrın fəaliyyətini süni əngəllərlə dayandıranda “fahişəxana bağlandı” deyibən sevinənlər fəaliyyətimizi bərpa edəndə sanki yasa batardılar. Əslində onlar anlamırdılar ki, bu teatrı bağlamaq üçün onun yerini əlindən almaq, polislə hədələməklə, binanın işıqlarını kəsməklə heçnəyə nail olmayacaqlar. Çünki ADO binadan, rekvizitlərdən, yaxud gözlə görünən nələrdənsə ibarət deyil. ADO azadlıqdan ibarətdir. Bəzilərinə üzdə “fahişəxana” kimi görünən bu teatr daxildən azadlıq hayqırışından ibarətdir. Bunları teatrın tamaşalarına diqqətlə baxanda görmək olar.

Yuxarıda Azərbaycan Dağınıq Oda teatrı (ADO) kimi təqdim etdiyimiz addakı “dağınıq” sözünə diqqət çəkmək istəyirəm. Teatrın repertuarındakı tamaşalara baxsaq, bu dağınıqlığı görmək olar. Bu dağınıqlığın kökündə də sərbəstlik dayanıb. O sərbəstlikdə ki, bir çox janr cilalanır və sanki bir “aksiya” janrına çevrilərək öz əksini tapır. Əgər tamaşalara diqqətlə fikir versək, biz orada sürrealizm, ekzistensializm, realizm, bədənlərin danışığı, bəzən də absurda qədər gedib çıxan elementlərə rast gəlmək olar. Bu elementlərin sayını artırmaq da olar. Ancaq bütün məsələlərin kökündə məqsəd dayanır. Biz məqsədimizi yaradıcılığa çevirir və bunun üçün addımlayırıq. Janrımızın ümumiləşdirilmiş adını AKSİYA qoyaraq məsələlərimizin həlli üçün addımlayırıq. O məsələlər ki, onlar yalnız bizim məsələlərimiz deyil, onlar həm də cəmiyyətin məsələləridir, insanların problemləridir. Üzdə görünənlər isə sadəcə bir bəhanədir. Orada intim münasibətlərdən tutmuş, açıq-saçıqlığa qədər hər şeyi görmək olur. Dərinliyi görməyənlər, başa düşməyənlər, yaxud görmək istəməyənlər bunu ya “fahişəxana” adlandırır, ya da burada rejissor işi yoxdur, çox sadədir və.s deyib keçirlər. Əlbəttə, biz sadəliyi göstərməyə açlışırıq, pafosdan kənar qaçmaq və öz içimizi, bizi narahat edən məsələləri aydınlaşdırmaq üçün çalışırıq. Biz alternativ teatrıq. Və illərlə Azərbaycan teatrında qarışıq, qəliz, anlaşılmaz, pafosla dolu, ütülənmiş tamaşaların sayı o qədər çox olub ki, bu insanların təhtəlşüuruna yeriyib. Anlayıram, sadələşmək də çətindir. Hətta yenilikçi kimi tanıdığınız insanlar da bəzən sadələşməkdən qorxur, bəlkə də öz çirkabını bər-bəzəklə ört-basdır edirlər. Lakin gözəlliyin sadəlikdə və daxildə olduğunu tapmaq lazımdır. Belə olan təqdirdə janrların, üslubların əhəmiyyəti bir o qədər də qalmır, məncə. Üzə çıxan daxilin azadlığı olur. Necə ki, bunu ADO’nun “aksiya” adlandırdığımız ümumi janrında da görmək olar. Bütün bunlar tamaşaların süjet xəttindən, ideyasından, strukturundan, bəzən kuliminasiya nöqtələrindən belə boylanır. Yəni bizə sadə görünən hər bir şeyin alt qatını görməyə çalışmağımız başa düşməyimizə yardımçı ola bilər.

Yazıda əsas məqsədimiz ADO stilinə aydınlıq gətirmək deyil, 2017-yə qədər keçdiyimiz yola qısa baxış etmək idi. Lakin qaranlıq görünən bəzi məslələrə də aydınlıq gətirmək yerinə düşdü. Bütün bunları anlamaq istəyənlər hər zaman tamaşaları izləyir və geniş baxış açısından dərk edə bilir. Bunun üçün yaxına gəlmək və izləmək kifayətdir…

Əsas məqsədimiz geriyə qısa baxış olsa da, gələcək haqqında da bir neçə qeydi etmək yerinə düşər. ADO 2017-ci il planları arasında xarici teatrlarla, mədəniyyət insanları ilə əməkdaşlığa üstünlük verməyi planlayır. Bunlarla yanaşı xarici qastrollarımız və festivallarda iştirakımız bu il də olacaq. Eyni zamanda Azərbaycan nağılları əsasında böyüklər üçün yeni bir tamaşanın hazırlıqlarına start verilib. Daha sonra məşhur ingilis yazar Corc Oruellin “Heyvanstan” əsəri əsasında digər tamaşanın məşqləri başlayacaq. Bu il də teatrın 6-cı məkanının axtarışına çıxacağıq. Lakin bütün bunlarla paralel olaraq ADO küçə tamaşaları təqdim etməyi də planlayır. Planlarımızın bir qismini yazaraq bildirmək istəyirik ki, qarşıda sizi bir-birindən maraqlı işlər gözləyir. Bizi izləməyə davam edə bilərsiz…

P.S Teatrın hal-hazırda məkanı olmadığı üçün “Yağış, yağış, yağış” adlı tamaşa 8 yanvar saat 20:00-da “Vətən” kinoteatrında nümayiş etdiriləcək.

Ana səhifəMənim Fikrimcə2017-yə qədər… (ADO – Oda)