Yeniyetməni döyən YAP üzvü 15 sutka həbs edildi

Azyaşlının ailəsi apelyasiya şikayəti verəcək

Source: Facebook şəxsi hesabı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və yazar Zümrüd Yağmurun qızı Sənaya hücuma görə saxlanılan Tural Qarayev aprelin 18-də məhkəmə qarşısına çıxarılıb. 14 yaşlı yeniyetməni döyüb təhqir etməkdə təqsirləndirilən T.Qarayevə Yasamal Rayon Məhkəməsinin qərarıyla 15 gün inzibati həbs cəzası verilib. Tural Qarayev YAP üzvü olduğunu deyir.

Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçən məhkəmədə Sənayın vəkili Zibeydə Sadıqova bildirib ki, yeniyetməni döyüb təhqir edən şəxsin yalnız inzibati qaydada cəzalandırılması onları qane etmir. Müdafiəçi T.Qarayevin əməlində cinayət tərkibi olduğunu bildirərək, barəsində cinayət işi başlanmasının vacibliyini vurğulayıb. O, vəsatət qaldırıb ki, məhkəmə cinayət işi başlanması üçün xüsusi qərar çıxarıb, prokurorluğa göndərsin.


Amma hakim vəsatəti təmin etməyib.

Vəkilin daha bir vəsatəti hadisənin videogörüntülərinin iş materiallarına əlavə edilməsi haqda olub. Müdafiəçi bildirib ki, hadisənin görüntüləri olsa da, Yasamal rayonu, 28-ci polis bölmısinin əmıkdaşları onu işə əlavə etməyib: “Halbuki, bu, çox vacib sübutdur. Orada hadisənin necə baş verdiyi aydın şəkildə görünür”.


Hakim bu vəsatəti də təmin etməyib.

Məhkəmədə T.Qarayev əməlindən peşman olmadığını deyib: “Mən dövlətçiliyimizin keşiyində dayanan adamam. Bunlar xəyanətkardır. Prezidenti, vitse-prezidenti təhqir edib, mən də cavabını vermişəm”.

Məhkəmə təxminən yarım saat çəkən müşavirədən sonra T.Qarayevin əməlini İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinə uyğun görüb və ona 15 sutka inzibati həbs cəzası kəsildiyini elan edib.

Amma Sənayın valideynləri qərardan narazı qalıb və ondan şikayət etmək fikrindədirlər. Zümrüd Yağmur Meydan TV-yə bildirib ki, məhkəmə ədaləti yox, siyasi sifarişi üstün tutub belə qərar verdi:

“Sənaya hücum İlham Əliyevin siyasi islahatlarının nəticəsidir, bu məhkəmə də hüquqi islahatların göstəricisi. Amma mən də bu işi belə qoymayacağam. Həm Yasamal Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyik, həm də cinayət işi başlanması tələbilə prokurorluğa müraciət edəcəyik”.

Z.Yağmur deyir ki, həyat yoldaşının və özünün siyasi baxışlarına görə bundan öncə də övladları dəfələrlə təhdid olunub, izlənilib. Sənay aprelin 13-də 162 saylı orta məktəbin qarşısında oranın şagirdi Elina Hacıyevanın intiharı ilə əlaqədar ictimai-siyasi fəalların keçirdiyi anım mərasiminə qatılmışdı. Mərasimə polis və mülki geyimlilərin müdaxiləsi olmuşdu. Z.Yağmurun sözlərinə görə, bundan sonra övladlarına qarşı təqiblərin yeni mərhələsi başlayıb:

“Sənay hələ aprelin 16-da məktəbə gedəndə izləndiyini hiss eləyib. Dərsdən çıxanda da eyni adamı görüb. Aprelin 17-də kursa gedəndə yenə həmin adam qarşısına çıxıb. Kursdan çıxıb rəfiqəsi ilə birlikdə gedəndə artıq ona hücum edilib”.

Hadisəni həmin vaxt Sənayın yanında olmuş rəfiqəsi videoya çəkib.

YAP-dan "Trend"ə deyilib ki, T.Qarayevin partiyaya heç bir aidiyyatı yoxdur: Bu cür yalan məlumat məqsədli şəkildə yayılıb. Bu yolla partiyanın nüfuzuna xələl gətirməyə çalışırlar".

Ana səhifəXəbərlərYeniyetməni döyən YAP üzvü 15 sutka həbs edildi