”Yeniyetmələr gödəkçələri ilə ayaqlarını örtüb, ayaqqabıları ilə dəniz suyu içiblər”


37 gün dənizdə qalan yeniyetmənin atası: “FHN batmayan qayığı tapa bilmədi”

“Bala, ağlaram el gəlincə,

Bala, çaylara sel gəlincə,

Nənən ölsün, ay bala

Elə yandım, ay bala…”

Adil Cəbiyevin yas məclisinə gələnləri nənəsinin bu ağısı qarşılayır. Bu il aprelin 18-də Adil dostu Nüsrət Nəzərovla birlikdə dənizə qayıq sürməyə gedib və elə o vaxtdan da yoxa çıxıblar. Onların meyiti mayın 25-də dənizdən tapılaraq ailəsinə təhvil verilib.

Əsgərlikdə xüsusi təyinatlılarda xidmət etmək istəyirmişlər

“Aprelin 18-də axşam saat 8-də Adili heç yerdə tapmadıq. Artıq həyətdə olmadığından əmin idik. Sonra Nüsrətgilin evlərinə getdik. Anası dedi ki, dənizə qayıq sürməyə gediblər. Sən demə, bu uşaqlar əsgərlikdə xüsusi təyinatlılarda xidmət etmək istəyirmişlər, buna görə də hər gün məşq edirmişlər. Növbəti mərhələ də qayıq sürmək imiş”, – Adilin atası Müşviq Cəbiyev belə deyir.

Şahid dedi ki…

M.Cəbiyev oğlunun itkin düşdüyü gündən cənazələrinin tapıldığı günə qədər başına gələnləri danışır:

“Uşaqların dənizə getdiyindən əmin olduqdan sonra 4-cü Polis Bölməsinə getdik. Fövqəladə Hallar Nazirliyindən isə bizim uşaqların dənizdə itməsi ilə bağlı dediklərimizə inanmadılar. Dedilər ki, bizə polis müraciət etsin, uşaqların həqiqətən dənizə getdiyinə inandırsınlar. Buna görə də polis bölməsindən bizə bir müstəntiq qoşdular ki, uşaqların keçdiyi yollarda kameraları yoxlayaq. Kameraların birində uşaqları çiyinlərində ağır çantalarla, qayıqla dənizə gedən gördük”.

Nazirlik üçün sübut tapan ailə təkrar axtarışların başlaması üçün müraciət edir. Ayın 19-da uşaqlarla bağlı kamera görüntüsündən sonra polis FHN-ə və Dövlət Sərhəd Xidmətinə məlumat ötürür. Bundan sonra da vəziyyət dəyişmir:

“Kamera görüntüsündən sonra da FHN heç nə etmədi. Dedilər ki, bu dəfə də şahid yoxdu. Aprelin 20-də səhər tezdən polis zəng vurdu ki, Xəzər bağları tərəfdən bir sakin polisə uşaqları görməsi barədə məlumat verib. Uşaqları həqiqətən dənizdə görüb və külək onları dənizin içinə doğru aparıb. Şahid deyib ki, külək çox güclü olub və uşaqlar buna görə sahilə çıxmağa can atıblar, ancaq alınmayıb. Uşaqlar gözdən itənə qədər onların arxasınca baxıb”.

Adil Cəbiyev və Nüsrət Nəzərov
Adil Cəbiyev və Nüsrət Nəzərov

Suya kater buraxıb sahilboyu sürdülər

Gecə-gündüz dəniz sahillərində keşik çəkən ailə şahidin dediklərindən sonra təkrar dənizə gedir. Orda nazirliyin nümayəndəsinin də gəlib axtarışa başlayacaqlarını gözləyiblər. M.Cəbiyev heç kimin gəlmədiyini görüb, Sumqayıt Fövqəladə Hallar İdarəsinə gedir. Həmin gün, aprelin 22-si şənbə günü olduğundan idarə işçiləri birinci gün gəlməyi məsləhət görür. Ailə təkrar dəniz sahilinə qayıdır. Qohum-qonşu, dost-tanış cəm olur – Siyəzən, Dəvəçi, Nabranın sahillərinə axtarışa çıxırlar.

“FHN yalnız onu etdi ki, ayın 22-də bizi çağırdılar, dedilər, gəlin, suya kater buraxırıq. Dalğıc görməmişəm. Bizim yanımızda bir qayığı 2 saat təmir etdirdilər, təmirdən sonra kateri buraxdılar suya və sahilboyu sürdülər. Biz də sahillə yanaşı addımlayıb onları görürdük. Sonra da kateri çevirib getdilər. Dənizin içini – uşaqların getdiyi gün səmt küləyini müəyyənləşdirib hansı istiqamətdə üzdükləri yeri axtarmadılar”, – deyir ata. Danışdıqca təsirlənib susur. Bu arada Adilin fotolarına baxır.

Nüsrət ailənin yeganə övladı olub

Adil Cəbiyev ailənin üçüncüsü – sonbeşiyi olub. İdmançı olmaq istəyirmiş. Xəzər bağlarına yola düşəndə də evlərində narahatlıq yaratmamaq üçün hara getdiyini heç kimə deməyib.

Nüsrət Nəzərov isə ailənin yeganə övladı olub. Anası Nazilə xanım ibtidai sinif müəlliməsidir. Oğlunu tək böyüdüb.

Aprelin 23-də Müşfiq Cəbiyev Fövqəladə Hallar Nazirinin qəbuluna düşməyə çalışsa da, buna nail ola bilməyib. Nazir müavini Faiq Tağızadənin qəbulunda olduğunu deyir:

“Dedilər ki, beş günə inanmırıq onlar sağ qala, ancaq yenə də axtarışlar davam edəcək. Mən onlara tələbimi dedim. Dedim ki, qayıqlarla yox, helikopterlərlə axtarışlar davam etdirilsin. Xahiş etdim, yalvardım… Ağlaya-ağlaya… Axırı məni göndərdilər Xətai rayonunda Sularda Xilasetmə Xidməti var, Fərəcovdu direktoru, onun yanına. Bu oldu ayın 23-də. Helikopter də haradan qalxdı bilmirəm, ancaq həmin marşrut üzrə Sumqayıtın üstü ilə sahilləri axtardı. Dənizin içini axtarmadılar. Dənizin içini axtarmadılar ki, bu uşaqlar 37 gün dənizdə qaldı. Batmayan qayığı tapa bilmədilər”.

Ailə daim FHN-in “qaynar xətt”inə zəng vurub və onları hər dəfə əmin ediblər ki, mütəxəssisləri uşaqları axtarır. İstər qayıqla, istər də helikopterlə…

Yəqin ki, sizin uşaqlar ya batıblar, ya da dənizə girməyiblər

Ailə hər dəfə axtarışla bağlı maraqlandıqca, nazirlik kamera görüntülərinə, şahid ifadəsinə baxmayaraq, onlara bir sözü deyirmiş:

“Yəqin ki, sizin uşaqlar ya batıblar, ya da dənizə girməyiblər”.

“Uşaqların xilasedici jiletləri vardı. Tapıldıqdan sonra da bu görünür. Üstlərinə işıq salanda həmin jiletlər parıldayır. Sadəcə olaraq axtarışlar olmadı. Çünki, o, Müşviq Cəbiyevin, adi fəhlənin oğlu idi, adi müəllimənin oğlu idi. Deputatın, nazirlikdə işləyənlərin övladları deyildilər axı. Hər dəfə də 112 xidmətindən bizə deyirdilər ki, gedin, başqa yerdə axtarın də, niyə ancaq suda axtarırsınız? Ora zəng edəndə bir qız götürür, deyir:

“Sizi əlaqələndirirəm”. Gözəl danışırdılar, “o, bizim də balamızdı. Ancaq suda olsaydılar, biz onları çoxdan tapmışdıq”, – deyirdilər. Mən də deyirdim ki, yaxşı uşaqlar batdı, bəs qayıq hanı? Qayığı çıxarın, deyin ki, uşaqlar batıb, bu da qayıq. Biz də yığışıb gəlib oturaq. Gözləyək dəniz nə vaxt çıxaracaq. Ancaq getdiklərinin 37 -ci günündə neftçilər qayığın fotosunu göndərib soruşurlar ki, bu qayıq sizindir. Fövqəladə Hallar Nazirliyi yox, neftçilər. Baxırıq ki, hə, qayıq, “Volqa 260″…”, – danışır M.Cəbiyev.

Qayığı neftçilər tapıb

Qayığın tapılması xəbərini neftçilərdən alan ailəyə ikinci zəng polisdən gəlir. Onlara uşaqların “tapıldığını”, Bakıya getməli olduqlarını söyləyirlər.

Sumqayıt Fövqladə Hallar İdarəsinin Abdulla adlı rəisinə isə Müşfiq Cəbiyevin özü zəng vurub məlumat verdiyini deyir.

Polislər uşaqların yaxınlarına Zığ-2 limanına gedib cənazələri götürə biləcəklərini söyləyirlər. Bundan sonra ailə Zığa yola düşür.

Ata deyir ki, cənazələrin olduğu qayıq mayın 24-də, günorta saat 1-də neftçilər tərəfindən tapılıb. Günorta saat 3-də polislər ailəyə qayığın fotolarını göstərib. FHN-in göndərdiyi gəmi axşam saat 8-də qayığı götürüb və mayın 25-də səhər saat 6-da limana yaxınlaşıb. Bu saatlar ərzində ailə Zığ-2 limanında itkinlərinin cənazələrini gözləyiblər:

“Təsəvvür edirsinizmi vəziyyəti? Proses necə olmalı idi? Uşaqları biz özümüz gedib gətirməli idik? Hətta gəmini də bizim boynumuza qoymaq istəyərdilər, sadəcə olaraq onu eləmədilər. Bizə dedilər ki, uşaqları çıxardacaqlar, maşın tapın. 37 gündə gördüyümüzü gördük. Gedəndə qohum-əqrabayla getdim ki, ola bilsin, uşaqları biz götürəcəyik gəmidən. Elə də oldu. Əsgərlər də vardı, bizə heç kim kömək etmədi. Özümüzlə sellofan, yas maşını aparmışdıq. Bizə vermədilər. Dedilər: “Sürün Xətai rayonunun ekspertizasına, orda şəkillərin çəkək, götürün aparın”. Səhər saat 7-də ekspertizaya apardılar, günorta saat 1-də ordan çıxdıq”.

Dostlar qoşa dəfn edilib

Sumqayıtın 2-ci mikrorayonunda yaşayıb hər iki yeniyetmə. Bir həyətdə, yanaşı binaların sakinləri olublar. Nüsrətin 17, Adilin isə 15 yaşı olub. Nüsrət ekstremal idman növlərinə maraq göstərirmiş, Adil cüdo ilə məşğul olurmuş. Çox yaxın dost olublar. Cənazələri tapılanda da qayığa kəndirlənmiş vəziyyətdə imişlər. Ehtimal olunur ki, güclü külək zamanı dənizə düşməmək, sağ qalmaq üçün edib dostlar bunu…

Yaxınlarının sözlərinə görə, görkəmlərindən belə anlaşılıb ki, gecələr üşüməmək üçün gödəkçələri ilə ayaqlarını örtüb, ayaqqabıları ilə dəniz suyu içiblər. Qayığın bir tərəfindəki avar sınmış, digər tərəfindəki salamat olub. Yeniyetmələr bir-birinə qısılmış vəziyyətdə olublar…

M.Cəbiyevin təşəbbüsü və Nazilə xanımın razılığı ilə bir yerdə dəfn olunublar. Ailə dövlət qurumlarından nə maddi, nə də mənəvi dəstək gördüyünü deyir. Onlara başsağlığı verən Sumqayıt Polis İdarəsinin əməkdaşları olub. FHN, ümumiyyətlə, maraqlanmayıb.

Xilasetmə işləri necə aparılır?

Meydan TV FHN-dən, eləcə də Sumqayıt Fövqəladə Hallar İdarəsindən məsələyə münasibət öyrənə bilməyib.

Hadisə olan gündən mətbuata FHN-in verdiyi xəbərlərdə qurumun axtarış apardığı deyilir. Aprelin 18-dən ailələr övladlarını axtarmağa başlayıb, aprelin 22-də Fövqəladə Hallar Nazirliyi (FHN) onların batma ehtimalı barədə məlumat

yayıb

.

Aprelin 18-də itkin düşən qayığı may ayının 24-də Neft daşlarında işləyən neftçilər görüb. Qayıq çıxdığı nöqtədən dənizin içinə doğru 90 km-lik məsafəyədək uzaqlaşıb.

FHN-in rəsmi internet səhifəsində Xəzərdə xilasetmə işlərini Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin göstərdiyi qeyd

olunub

. Elə həmin səhifəyə yerləşdirilmiş tanıtım videosunda xidmətin 2 sürətli katerlə təmin olunduğu deyilir. Baxmayaraq ki, itən yeniyetmələrin axtarışında katerlərdən istifadə olunması haqda heç bir məlumat yoxdur. Yeniyetmələrin yaxınları helikopterin yalnız bir dəfə havalandığını, onun da uçuşunu yarım saatda tamamladığını söylədilər. Dövlət Su Sərhəd Xidməti də monitorlarda qayığın görünmədiyi barədə ailələrə məlumat verib. Baxmayaraq ki, qayıq dənizdə olub.

FHN-in rəsmi internet səhifəsində xilasetmə işlərinin təşkili ilə bağlı ətraflı məlumat verilməyib. “Qaynar xətt”ə zəng daxil olduqdan sonra nazirliyin xilasetmə işini necə qurması, hansı addımlar atması və vətəndaşların necə dəstəklənməsi barədə məlumat yoxdu.

FHN-ə ayrılan avadanlıqlar

Xilasetmə işləri ilə bağlı hansı avadanlıq və ləvazimatlar nə zaman, neçəyə alınması barədə də bilgilər yoxdu. 2017-ci ildə həyata keçirilən dövlət satınalmaları haqda məlumatda FHN-nin xilasedici xidmətinə hər hansı avadanlıq alınması haqda məlumat olmasa da, 2016-ci ildə bu rəqəmlər var. Belə ki, nazirlik xilasedici qış ayaqqabıları və uzunboğaz çəkmələr üçün “Klassik-2” şirkətinə 299 min 897 manatlıq sifariş verib. Eyni şirkət nazirliyin elan etdiyi satınalma müsabiqəsində geyim formalarının tikilişi üçün 256 min 500 manatlıq tenderi udub. Nazirliyin eyni zamanda xilasedici qış geyim forması, xadimə qış geyim dəsti, fəhlə qış geyim dəsti, xəstə qış geyim dəsti, tibbi geyim dəsti, tibbi gödəkçələr üçün elan etdiyi müsabiqənin məbləği 96 min 253 manat olub. Bu tenderi “Gilan Tekstil Park” MMC udub. “Gilan”la bağlı mətbuatda çox yazılsa da, “Klassik 2” şirkətinə aid xəbər yoxdu. Vergilər Nazirliyinin reyestr məlumatlarında “Klassik 2”-nin Əliyev İlqar Aqil oğlu və Heydərov Şamil Hilal oğlunun tam ortaqlı şirkətləri olduğu göstərilib.

Xilasedicilərin qış çəkmələrinə və geyimlərinə minlərlə vəsait xərclənən ölkədə iki yeniyetmə köməksiz vəziyyətdə 37 gün dənizlə birgə “çalxalanır”.

Müşfiq Cəbiyev hadisə ilə bağlı ədalət tələb edir:

“Mən hesab edirəm ki, uşaqların ölümündə günahkar dövlətdir, konkret məmurlardır. Adlarını çəkmişəm. Xahiş edirəm ki, məsuliyyətə cəlb olunsunlar. Məhkəməyə verəcəyik”.

Ana səhifəVideo”Yeniyetmələr gödəkçələri ilə ayaqlarını örtüb, ayaqqabıları ilə dəniz suyu içiblər”