YAP pulsuz efirdən imtina etdi

Onun sözlərinə görə, hakim partiya bu qərarı ictimaiyyətin diqqətini seçkilərə yönəlməməsi məqsədilə qəbul edib.

Source: Архив


Arif Hacılı: “Bu riyakar qərardır”

Hakim Yeni Azərbaycan Partiyası 9 fevral növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edib.

Partiya qərarın bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə verildiyini bildirib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti yanvarın 13-də ödənişli təbliğatla bağlı Mərkəzi Seçki Komissiyasına müraciətində qeyd edib ki, yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır.

Müsavat Partiyasının başqanı Arif Hacılı YAP-ın qərarını riyakar adlandırıb.

Onun sözlərinə görə, hakim partiya bu qərarı ictimaiyyətin diqqətini seçkilərə yönəlməməsi məqsədilə qəbul edib.

“Əslində, YAP-ın pulsuz efir vaxtına ehtiyacı yoxdur, çünki bütün telekanallar 24 saat onların sərəncamındadır və müxalifətin əleyhinə təbliğat aparırlar. Sadəcə, hakim partiyanın efir vaxtından imtina etməsi müxalifətin efir vaxtını tələb etməsinin effektini aşağı salmaq məqsədi güdür”.

Arif Hacılı deyir ki, İTV seçkilər dövrü olmayanda da cəmiyyətdəki müxtəılif fikirlərin səslənməsinə şərait yaratmalıdır. O qeyd edib ki, Müsavat Partiayasının 59 dairədən 64 namizədi qeydə alınıb, seçki prosesində bu say bir qədər də artacaq. “Belə olanda, onlara pulsuz efir vaxtının verilməməsi absurddur. Yəqin ki, İTV qarşısında bu məsələni qaldıracağıq. Amma bu məsələlər siyasi qərarlardan asılıdır. Əgər ölkədə hansısa dəyişikliklərdən söhbət gedirsə, pulsuz efir vaxtının verilməsi məcburidir. 2010-cu il seçkilərdində belə müxalifətə pulsuz efir vaxtı verilmişdi”.

Bundan əvvəl hüquqşünas Ələsgər Məmmədli İTV-nin efir qiymətini belə qiymətləndirmişdi: dövlət büdcəsindən maliyyələşən medianın siyasi reklamının qiymətini kommersiya reklamının qiymətindən 10 dəfələrlə çox müəyyən edilməsinin bir açıqlaması var: TV-də siyasi fikirləri eşitməkdən qorxmaq!

O, xatırladıb ki, 2015-ci ildə İctimai Yayımçının reklam gəlirləri il ərzində 257 min 255 manat olduğu göstərilib. Burdan çıxan nəticəyə görə, 2015-ci ildə reklam dəqiqəsinin orta gəlirliliyi dəqiqəsi 2 manat 44 qəpik olub. Hazırda seçki təşviqatı üçün müəyyən edilən minimum qiymət (1dəq=1558 manat) orta reklam gəlirliyindən 638 dəfə, maksimum qiymət (1 dəq=4602 manat) 1 886 dəfə yüksəkdir. İndi sual yaranır: birinci, qiymət qoyarkən hansı əsaslar nəzərə alınıb ki, belə yüksək qiymət müəyyən edilib? İkinci, bəlkə də qiymət həqiqi gəlirlərinə görə müəyyən edilib, lakin rəsmi gəlirlər o zaman harda gizlədilib? İllik 105 min 192 dəqiqlik vaxtı minimum qiymət olan 1558 manata vurduqda məntiqlə televiziyanın illik reklam gəlirləri azı 163 milyon 889 min manat olmalıdır. Seçki dəqiqəsi üçün müəyyən olunan yüksək qiymətlə isə 484 milyon manat reklam gəliri deməkdir ki, bu daha fantastik rəqəmdir.

Azərbaycanda seçki qanunvericiliyinə görə, seçkidə iştirak edən partiyanın 60-dan çox dairədə namizədi qeydə alınırsa, həmin partiya televiziyada pulsuz efir vaxtı əldə edə bilir. Növbədənkənar seçkilərdə isə, 60-dan çox dairədə namizədliyi qeydə alınan yalnız YAP-dır.

Ana səhifəSiyasətYAP pulsuz efirdən imtina etdi