Yanlış adamlar illərlə pensiya alıb, əlilliyi olanlar kənarda qalıb?

Heç nədən başım çıxmır, üstəlik, gözüm görmür, pulum və orada qalmağa yerim yoxdur

Source: meydan.tv


''Əlilliyim olduğu halda, dərəcə verilmir, dağa-daşa salınıram''

52 yaşlı Kürdəmir sakini Tofiq Əzizovun bir gözü anadangəlmə görmür. Son bir ilin içində digər gözü də zəifləyib. Nəticədə o, görmə qabiliyyətini itirib və işləyib, ailəsini dolandıra bilmir. Tofiq Əzizov dəfələrlə aidiyyatı qurumlara əlillik dərəcəsinin təyini üçün müraciət edib, ancaq müsbət cavab ala bilməyib. Deyir, onu get-gələ salırlar. Əlillik dərəcəsini almaq üçün idarələri gəzmək imkanı isə yoxdur.

“Anadangəlmə görməyən gözümə görə pensiya almıram, bu, heç. Digər gözümə də o qədər yük düşüb ki, zəifləyib. İynə ucu boyda güclə görürəm. Son vaxtlar ümumiyyətlə, ağrıyır, yaşarır, qızarır, bir sözlə, zülmdəyəm. Ən pisi də iş qabiliyyətimi itirməyimdir. Daha evə çörək gətirə bilmirəm. Heç yerdən də bir qəpik gəlirimiz olmadığından, acınacaqlı duruma düşmüşük”.


“Bakıya getməyə lazım olan vəsaiti haradan alım?”

T. Əzizov əvvəllər bacısı oğlunun yanında fəhlə işləyirmiş. Deyir, günə 4-5 manat gəliri olurdu. Onunla birtəhər dolanırdılar. Ancaq indi o da yoxdur. Çünki işləyə bilmir:

“Dedim, heç olmazsa əlillik təyin edilsin, təqaüd alım, onunla birtəhər dolanım. Burada həkimə getdim, dedilər, “sənə göndəriş verək, Bakıya get, orada həll et işini”. Mənim isə çörək almağa pulum yoxdur, qaldı, buradan durub Bakıya getməyə lazım olan vəsaiti haradan alım?”


“Bakıya getməyəcəyimi anladıqları üçün məni yola verdilər”

Şikayətçi deyir ki, bundan əlavə, birdən-ikiyə Bakıya getməyib. Orada kimə müraciət edəcəyini, hara gedəcəyini də bilmir:

“Heç bilmirəm ora gedib, hara müraciət etmək lazımdır. Heç nədən başım çıxmır, üstəlik, gözüm görmür, pulum və orada qalmağa yerim yoxdur. Belə başa düşdüm ki, getməyəcəyimi anladıqları üçün məni yola verdilər”.


“Düşünün, bir evim, ailəm var və o evə bir qəpik girmir”

Tofiq Əzizov deyir ki, əlilliyin təyini üzrə komissiya hər rayonda olmalıdır. Daha insanlar özləri durub Bakı şəhərinə üz tutmamalıdırlar. Ən azından, o, belə eşidib:

image00001.jpeg
Tofiq Əzizov

“Mən əlillik dərəcəsinə görə niyə Bakıya getməliyəm? Görünür, nəsə umacaqları var deyə belə edirlər. Mən isə artıq nə edəcəyimi bilmirəm. Düşünün, bir evim, ailəm var və o evə bir qəpik girmir. Başqa nə ilə dolanmaq olar ki? Yoldaşım kənddəndir, onun ailəsi nə göndərirsə, dolanırıq, vəssəlam. Artıq buna görə də çox utanıram”.


“Bu gün biz çox ağır vəziyyətdə yaşayırıq”

Həqiqət Məmmədova Tofiq Əzizovun həyat yoldaşıdır. Deyir, dolanışıqları həddən artıq ağırdır. Buna görə mövsümdə pambığa gedir, gününə 3-5 manat qazanır, birtəhər dolanırlar. Amma o da həmişə olmur. Pambıq mövsümü olmayanda çox çətinliklə dolanırlar:

“Köhnə bir evdən başqa heç nəyimiz yoxdur. O da qaynanamdan qalıb, baldızımla bölmüşük. Yarısında o, yarısında biz yaşayırıq. Sosial yardıma da müraciət etmişik, ancaq “sizə düşmür”, – cavabı veriblər. Adımıza mülk, torpaq da yoxdur. İşləmirik, heç nəyimiz yoxdur. Düşməməsinin səbəbini açıqlamırlar. Nəticədə bu gün biz çox ağır vəziyyətdə yaşayırıq. Buna yaşamaq demək olarsa…”


Yanlış adamlara pensiya kəsilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bu yaxınlarda yaydığı bir məlumatda deyilirdi ki, Lerik rayonunun M.Qafarov adına Siyov kənd məktəbinin direktoru İlham Əvəz oğlu Əmirov heç bir xəstəliyi olmadan illərcə əlil kimi pensiya alıb. Nazirlik direktorun əlillik təyinatını ləğv edib.

“Nazirliyin əlillik məsələləri üzrə işçi qrupu müxtəlif risk qrupları üzrə davamlı araşdırmalar aparır. Əsassız göndərişlərlə əlillik təyinatı aparılmış şəxsləri müəyyənləşdirir və onların təyinatlarını ləğv edir. Onlara ödənilən pensiya, müavinət və təqaüdlər geri tutulur”, – nazirliyin sözçüsü Fazil Talıbov belə deyib.

407378479.jpg
Fazil Talıbov


“1300-dən çox saxta əlillik təyinatı ləğv edilib”

O bildirib ki, ötən dövr ərzində 1300-dən çox belə əlillik təyinatı ləğv edilib: “Dövlət büdcəsinin illik qənaəti milyonlarla manatdır. Araşdırmalar üzrə əlilliyi ləğv edilmiş şəxslərdən də biri məhz İlham Əmirovdur. Ona dair səhiyyə müəssisənin göndərişində talassemiya xəstəsi olduğu deyilir. Ona 2018-ci il yanvarın 12-dən müddətsiz II dərəcə əlillik təyin edilib. Bir müddət öncə həmin göndəriş onu rəsmiləşdirmiş səhiyyə müəssisəsi tərəfindən əsassız sayılıb. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd səhiyyə müəssisənin göndərişidir. Şəxslərə dair göndərişdə əks olunmuş məlumatlar əsasında əlillik təyinatı aparılır”.


“Oğlumun ağır əqli geriliyi var, amma pensiya kəsmirlər”

Nazirliyin məlumatından da aydın olur ki, indiyə qədər onlara məlum olan 1300-dən çox insan saxta yolla əldə edilən əlillik dərəcəsi ilə illərlə dövlətdən pensiya alıb. Ancaq Meydan TV-yə dəfələrlə həqiqi əlilliyi olduğu halda, əlillik dərəcəsi ala bilməyən insanlar müraciət ediblər. Onların şikayətlərinə, müraciətlərinə bu gün də baxılmır. Belə insanlardan biri də martda Meydan TV-yə müraciət edən

Ofeliya Məmmədova

dır.

O, Ucarın Bərgüşad kəndinin sakinidir. Oğlu Natiq Məmmədov kəskin əqli gerilikdən əziyyət çəkir. İllərdir Ucar Rayon Mərkəzi Xəstəxanasında müalicə olunub.

Ancaq ana oğluna əlillik dərəcəsi ala bilmir. Ailə dəfələrlə aidiyyatı qurumlara müraciət də edib, ancaq bir nəticəsi olmayıb:

“Oğlumun ağır əqli geriliyi var. Buna görə pensiya almır, kəsmirlər. Dərmanlarını ala bilmədiyim üçün bütün günü qışqırır. Özümüz də kirayədə qalırıq, 6 aydır pulunu ödəyə bilmirik. İnanın, bu dəqiqə evimizdə bir tikə çörəyimiz də yoxdur”.

Ofeliya Məmmədova deyirdi ki, xəstəxana son dövrlərə qədər ona lazım olan əsas iki dərmanı pulsuz verirmiş. Son bir neçə aydır ki, kəsib, artıq özünüz pulla alın deyib. Ana deyir ki, nəinki dərmanları almağa pulu var, heç evində 20 qəpiyi də yoxdur. Nəticədə oğlu günü-gündən pisləşir, ağırlaşır.


Prosedur necə olmalıdır?

Bölgələrdə insanların əlilliyinin təyini məsələsinə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Fazil Talıbov deyir ki, əlilliyin təyini üçün müraciətlər daha əvvəlki kimi deyil, elektron qaydada edilir. Bunun üçün vətəndaş əvvəlcə Səhiyyə Nazirliyinin tabeliyində olan poliklinika və ya xəstəxanaya müraciət etməlidir:

“Həmin xəstəxana və ya poliklinikada onu müayinə etməli, sənədləri Forma 88 ilə birgə, elektron qaydada bizim sistemə göndərilməlidir. Xəstəxanalar bunu bilir. Bizim qurumlarımız vətəndaşla real ünsiyyətdə olmurlar. Göndərişə əsasən onlara əlillik qrupu təyin edilir”.

F.Talıbov deyir ki, bundan sonra gələn göndəriş adsızlaşdırılaraq, xəstənin qeydiyyatda olduğu TSEK-ə deyil, digər rayonlarda fəaliyyət göstərən TSEK-ə göndərilir ki, onlar bunu şəffaf şəkildə qiymətləndirsinlər:

“Onlar vətəndaşın kimliyini, ünvanını bilmirlər. Biz səhiyyə müəssisəsindən rəsmi elektron qaydasında gələn göndərişlərə əsasən, Nazirlər Kabinetinin mövcud qərarı ilə uzlaşdırıb əlillik dərəcəsini müəyyən edirik”.

Əlillik dərəcəsi ala bilməyən vətəndaşlar daim deyirlər ki, müraciət etdikləri qurumlarda onlardan pul umurlar. Ancaq nazirlik verdiyi açıqlamalarında daim bütün proseslərin şəffaf aparıldığını söyləyir. Görünür, vəziyyət heç də Fazil Talıbovun dediyi kimi şəffaf, adsız aparılmır. Yoxsa 1300-dən artıq insana saxta əlillik pensiyası necə kəsilib?

Ana səhifəBölgəYanlış adamlar illərlə pensiya alıb, əlilliyi olanlar kənarda qalıb?