Elnur Astanbəyli

Source: Azadlıq Radiosu

Caption: Elnur Astanbəyli

Yalan artıq niyə iyrəndirmir?

Article was updated on :  2 July 2019

Yalan danışmağı bacarmayanlara gülürlər

Azad insan kimdir?

Bu suala az qala hər kəsin öz cavabı var.

Lakin mənə elə gəlir, "azad insan kimdir" sualına daha dəqiqi cavabını Alber Kamyu verib: "O insan azaddır ki, yalan danışmağı bacarmır".

Eyni məntiqlə, kölə – yalan danışmağı bacaran adamdır.

Şübhəsiz ki, böyük yazıçı ictimai yalanı nəzərdə tutur.

Əlbəttə, yalan – yalandır, onu çeşidləmək bəlkə də gülməlidir. Tutaq ki, bir məişət yalanı ilə bir ictimai yalan prinsip etibarilə eyni dərəcədə zərərlidir. Hər ikisi insan xislətinin naqisliyindən xəbər verir.

Ancaq bu sadəcə ilk baxışda belədir. Heç bir yalan ictimai yalan qədər zərərli və zəhərli ola bilməz.

Elə biz də bu yazı boyunca ictimai yalanı nəzərdə tutacağıq.

Öncə aydınlaşdıraq: nədir ictimai yalan?

Yazıqlar olsun ki, Azərbaycanda bu sualı cavablamaq qədər asan heç nə yoxdur. Hərdən mənə elə gəlir ki, bu gözəlim torpaqlarda yalan danışmaq – ictimai yalan danışmaq! – heç vaxt bu qədər asan olmayıb. Siz onları indi hər yerdə, hətta hər addımda eşidə bilərsiniz: "analoqsuz iqtisadi inkişaf"dan "regionun lider dövləti" olmağımızadək.

Bəzən hətta bu cür yalanların dozası insanı dəhşətə gətirir: artıq bizdə qatığın rənginin qara olduğunu da asanlıqla iddia etmək, sonra bu iddianın üstündə iki ayağını bir başmağa dirəyib təkid etmək olar.

Lakin daha dəhşətverici olan bir məqam da var: yalanın bu qədər yükək dozasına baş vuran adamlar rüsvay olmurlar. Tam əksinə, mükafatlandırılırlar. İmtiyaz sahibinə çevrilirlər. Başa çəkilirlər.

Nə vaxtsa Dostoyevskiyə aid edilən bir fikir oxumuşdum, məzmunu təxminən belə idi ki, insan ilk növbədə özünə yalan danışmamalıdır, çünki özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla həqiqəti artıq bir-birindən ayıra bilmir, beləcə, özünə və başqalarına olan hörmətini də itirir.

Bizdə isə hər şey deyəsən çox fərqlidir: adamlar özlərinə yalan danışmırlar, qəlblərinin dərinliyində həqiqətin nə olduğundan xəbərdardırlar, ancaq həmin həqiqətin üzərindən "uf" demədən keçə və başqalarına rahatca yalan söyləyə bilirlər. Nəticədə – özlərinin bilmirəm, amma başqalarının hörmətini qazanırlar.

Azərbaycanın indiki acı reallığı budur!

Yalan vəzifə qazandırır, vəzifə isə hörmət gətirir.

Yalan fəxri ad qazandırır, fəxri ad isə hörmət gətirir.

Yalan sərvət qazandırır, sərvət isə hörmət gətirir.

Dəfələrlə şahidi olmuşam: tutaq ki hər hansı toydur, söz verilir orta çinli bir məmura.

Bu çıxır bir-iki kəlməlik təbrik söyləyir, beş-on kəlmə də öyüd verir; öyüdlərin də məzmunu təxminən belə olur: "Həyatda alın tərinlə layiqli yer tutmalısan, çalışıb öz əməyinlə yaşamalı, ad-san-qazanmalı, övladlarını da bu cür sağlam ruhda böyütməlisən. Mən bu gün ailə quran bu gül balalara bax bunu arzulayıram".

Yerbəyerdən alqış səsləri. Çəpiklər.

Osa alqışlayanların, çəpik çalanların hamısı bilir ki, 800-1000 manat maaş alan həmin məmuru şadlıq evinin qarşısında azı 100-200 min manatlıq "inomarka" gözləyir. Toydan çıxıb hansısa 2-3 milyon manatlıq villaya gedəcəyini də hamı bilir.

Lakin heç kim 1000 manatla 100 min manatlıq "inomarka" almağın, 2-3 milyon manatlıq imarət tikdirməyin necə mümkün olduğunu sorğulamaq istəmir. Heç kimin ağlına gəlmir ki, 1000 manatlıq maaşla 100 min manatlıq "inomarka" alan adamın hansı haqla alın tərindən, əməkdən, düzlükdən, sağlam ruhdan dəm vurduğunu soruşsun. Ya da gəlir, sadəcə, fikirləşir ki, "bacarana baş qurban".

Hər kəsin gözü qarşısında söylənən bir yalan beləcə, alqışlanaraq, çəpik çalınaraq, ucalaşır, yüksəlir, müqəddəsləşir.

Əlbəttə, bu acı reallığın fərqində olan, yalanı sinirməyən, yalana ən azı daxilən üsyan edən adamlar da var.

Ancaq onlar nə qədərdirlər? Onların sayı yetərli olsa, yalan normaya çevrilərdimi? Yalan adiləşərdimi? Yalan alqışlanardımı?

Bir zamanlar yalana qarşı ikrah və ironiya vardı.

İndi isə yalana qarşı rəğbət.

Yalan artıq iyrəndirmir, çünki yalan mükafatlandırır. Çünki yalan normal halda səhər qabağına beş qoyun qatıb örüşə yollasan, axşam üçünü itirib gələcək adamların üzünə hər qapını açır, onlara hətta yuxularında görməyəcəkləri karyera, imtiyaz qazandırır.

Yalan danışmağı bacarmayanlara isə gülürlər. Kamyunun təbirincə desək, onlar "azad"dırlar, ancaq maymaqdırlar, fərasətsizdirlər, acından ölürlərsə, cəhənnəmə ki! Öz cəzalarıdır, qoy çəksinlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  2 July 2019
Featured in:  
Shortlink:   http://mtv.re/f125em

Most Viewed