Xarici İşlər Nazirliyi

Source: Meydan TV

Caption: Xarici İşlər Nazirliyi

Azərbaycan Fransaya nota verdi (yenilənib)

Article was updated on :  4 December 2020

21.53. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa səfiri Zakari Qrossa etiraz notası təqdim edib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Fransa səfirinin diqqətinə çatdırılıb ki, bu sənəd beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə ziddir.

Səfir Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

***

"Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq"

Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Mətbuat Xidməti səfirin nazirliyə çağrılmasının səbəbini Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməsilə əlaqələndirir.

Bildirilir ki, Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir: “Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır. Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çox millətli və çox konfessiyalı dövlətdir. Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik”.

XİN qətnamənin hüquqi qüvvəsi olmadığını vurğulayıb: “Lakin, Senatın halında olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını nəzərə alaraq, bu kökündən yalnış qətnamələrin beynəlxalq hüququnun norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də Azərbaycan ilə Fransa arasında mövcud olan ikitərəfli sənədlər ilə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik. Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli münasibətlərə kölgə salır”.

Nazirlik xatırladıb ki, Fransa Milli Assambleyası bu günədək etnik təmizləməyə məruz qalan və fundamental insan hüquqları pozulan bir milyon azərbaycanlı haqqında bir dəfə də olsun dinləmə keçirməyib və hər hansı qətnamə qəbul etməyib: “Bu isə Fransa qanunverici orqanının tam qərəzli mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir. Milli Assambleya tərəfindən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəaları ilə tam ziddiyyət təşkil edən yanaşmanın sərgilənməsi həm bölgədə həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi səylərinə ciddi xələl gətirir”.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross dekabrın 4-də “Twitter” hesabında yazıb ki, Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır: "Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır”.

Noyabrın 25-də Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyini tanımağın zəruriliyi ilə bağlı qətnamə qəbul edib.

Sənəd senatın müxalif “Respublikaçılar” fraksiyasının lideri Brüno Retayo tərəfindən hazırlanıb. Sənədə mərkəzçilərlə bərabər solçu fraksiyaçılar olan sosialistlər və ekoloqlar dəstək verib.

Azərbaycan rəsmi dairələri sənəd barədə münasibətlərini açıqlayıblar.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil: “Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır.

Noyabrın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  4 December 2020
Featured in:  
Shortlink:   http://mtv.re/ibis1x

Most Viewed