Eldar Hacıbalayev

Source: Meydan.TV

Caption: Eldar Hacıbalayev

Xaçmaz sakini: Polislər 6 yaşlı qızımın gözü qarşısında məni sürüdülər

Xaçmaz sakini: Polislər 6 yaşlı qızımın gözü qarşısında məni sürüdülər

“6 yaşlı qızımın gözü qarşısında məni sürüdülər, başımı maşının arxasına çırpdılar. Onlara “heç olmasa uşağın gözü qarşısında etməyin”, deyəndə, “bunu bayaqdan bizimlə qanun xırdalayanda düşünərdin,”-dedilər”.

Xaçmaz rayon sakini Eldar Hacıbalayev Meydan TV-yə danışır ki, bir ay əvvəl - iyunun 5-də axşam saat 8 radələrində Qubanın Qəçrəş kəndi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən yol polisləri tərəfindən saxlanılıb. Onun sözlərinə görə, Dövlət Yol Polis İdarəsinə məxsus olan “90YP677” dövlət nömrə-nişanlı avtomobillə gələn polis kapitanı Saleh Eyyubov, polis serjantları Elnur Dadaşov və Emin İsmixanov ondan maşından düşməyi tələb ediblər. O isə təklif edib ki, əvvəlcə yol polisləri qanuna riayət edərək özlərini təqdim etsinlər, hansı yol hərəkəti qaydasını pozduğunu bildirsinlər. Bu zaman Eldar Hacıbalayev telefonun kamerasını da işlək vəziyyətdə qoyub ki, baş verənlər yaddaşa qeyd olunsun. Polislərdən biri bundan duyuq düşüb.

“Döş qəfəsimə yumruqlar ilişdirdi” - Eldar Hacıbalayev

Eldar Hacıbalayev sözünə davam edir:

“Onlar məndən sənədlərimi tələb etdilər. Mənsə onlardan tələb etdim ki, mənə hansı yol hərəkətini pozduğuma görə saxladıqlarını izah etsinlər. Onların izahı yox idi, çünki mən heç bir yol hərəkəti qaydasını pozmamışdım. Maşından düşməyimi tələb etdilər. Bütün baş verənləri telefonun kamerasıyla çəkirdim. Maşından düşən kimi Saleh Eyyubov əlimdən telefonu aldı, kameranı söndürdü, yaddaşındakı videoları sildi. Mən mane olmaq istəyəndə döş qəfəsimə yumruqlar ilişdirdi. Emin İsmixanov basımı maşının arxa hissəsinə çırpdı, Elnur Dadaşovsa yaxamdan yapışıb məni sağa-sola sürüdü. Raport yazdılar ki, guya mən onların qanuni tələbinə tabe olmamışam, müqavimət göstərmişəm. Sonra məni və maşınımdakı ailə üzvlərimi Quba rayon polis şöbəsinə apardılar”.

“Dilim qatlanıb, polislər təcili yardım çağırıblar” - Eldar Hacıbalayev

Eldar Hacıbalayevin sözlərinə görə, polis şöbəsində də təzyiqlər davam edib, onu şərləməyə çalışıblar:

“Gah dedilər, indi protollaşdıracağıq ki, sən bizə hücum çəkmisən, vurmusan... Biri deyirdi ki, indi çıxıb atacam özümü maşının altına, yazacam ki, sən itələyib atdın, basdıracam səni içəri, 10 il “sroka” gedəcəksən... Mənə o qədər psixoloji təsir göstərdilər ki, özümdən getmişəm, dilim qatlanıb, təcili yardım çağırıblar. Həkim dedi, bunu xəstəxanaya götürməliyəm, vəziyyəti ağırdır. Polislər dedi, “Dibazol”dan, “Korvalol”dan ver, özünə gəlsin. Xəstəxanaya aparsan, başımız ağrıyacaq... Həkim də ilkin yardımlar göstərib, getdi”.

“6 yaşlı qızımı, bacımı, yoldaşımı 4 saat şöbədə saxladılar” - Eldar Hacıbalayev

Eldar Hacıbalayevin sözlərinə görə, onu və ailə üzvlərini 4 saatdan çox polis şöbəsində saxladıqdan sonra buraxıblar. Ancaq möhkəm tapşırıblar ki, olan olub, keçən keçib, heç yerə şikayət eləməsin.

Quba Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Eldar Hacıbalayevin dedikləri həqiqətəuyğun deyil. Onun şikayət ərizəsi əsasında Daxili İşlər Nazirliyinin Təhqiqat Şöbəsi araşdırma aparır. Özü isə bir müddətdir ki, izahatı alınması üçün şöbəyə rəsmi şəkildə dəvət olunsa da, gəlmir.

“Şikayətimi araşdırmağa gələnlər də ört-basdırla məşğuldular” - Eldar Hacıbalayev

Eldar Hacıbalayev deyir, o, polis şöbəsindən çıxandan sonra Xaçmaza qayıdıb, gecəylə xəstəxanaya gedib, müayinədən keçib, qolundakı izləri, başındakı əzikləri qeydə aldırıb. Növbəti gündənsə rəsmi qurumlara şikayət yazmağa başlayıb:

“Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat Şöbəsindən gəldilər, ancaq onlar da polislərin mənə qarşı törətdikləri cinayəti ört-basdır etməyə çalışdılar. Mən bunlardan məni döyən polislərlə bağlı tədbir görmələrini tələb edirəm, bunlarsa mənim özümü “yükləmək”, hər şeyi özümə qarşı çevirmək istəyirlər. Mənə zəng vurub deyirlər ki, get polis şöbəsinə, ora səninlə bağlı şikayətçilər gəlib, get, izahat ver... Mən sildikləri videoçəkilişləri də telefonun yaddaşında bərpa etmişəm. İndi də məni hədələyirlər ki, videoları sosial şəbəkələrdə yaysan, sənə qarşı cinayət işi açarıq”.

Eldar Hacıbalayev şikayətlərinin nəticəsiz qaldığını, əksinə, özünün şərlənərək həbs edilməsi ehtimalının ortaya çıxdığını gördükdə başına gələnləri ictimailəşdirmək qərarına gəlib.

DYP-nin Quba şöbəsindən bildirilib ki, 5 iyun 2019-cu il tarixdə Eldar Hacıbalayev Quba rayonu, Qəçrəş kəndi ərazisində yol hərəkəti qaydasını pozduğuna görə 40 manat məbləğində cərimələnib. Eldar Hacıbalayevsə iddia edir ki, bu da polislərin öz əməllərindən diqqəti yayındırmaq üçün atdıqları addımdır:

“Bunlar öz cinayət əməllərini ört-basdır etmək üçün hər yola əl atırlar. Bu ayın 1-də yaşadığım ünvana hadisə baş verən tarixdə guya yol hərəkəti qaydasını pozduğuma görə 40 manat cərimələnməyim barədə məktub gəlib. Sahə müvəkkilimiz də bir tərəfdən deyir, sən hökmən Quba polisinə gedib izahat verməlisən, səndən şikayətçilər var. Hətta getməyimçün məndən iltizam da alıb. Bütün bunlar da o deməkdir ki, kimlərisə üzümə qoyub özümə qarşı cinayət işi açmaq istəyirlər. Evimə demək olar ki, hər gün Quba polisindən bildiriş gəlir”.

Eldar Hacıbalayev Prezidentə, Baş Prokurorluğa, daxili işlər nazirinə və başqa qurumlara müraciət edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ecfskg

Most Viewed