Vəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb

Vəkil deyir ki, Hüseyn Abdullayevin səhhətində indiyə qədər də ciddi problemlər vardı.

Source:


“Onun çəkisini və təzyiqini hələ də yoxlamamışdılar…”

Keçmiş deputat Hüseyn Abdullayev saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində 5 gündür davam etdirdiyi ölüm aclığını dayandırıb. Bu barədə Meydan TV-yə məlumat verən vəkili Cavad Cavadov bildirib ki, müvəkkili aclığı davam etdirəcəyi təqdirdə ölüm təhlükəsilə üz-üzə qalacaqdı. Çünki səhhəti kəskin pisləşmişdi.

Vəkilin sözlərinə görə, quru aclıq keçirən, hətta su belə, qəbul etməyən Hüseyn Abdullayevin səhhəti o qədər ağırlaşıb ki, anası ilə telefonla danışmağa taqəti olmayıb: “Həyati təhlükə yaranmışdı. Zəruri həkim nəzarəti də yox idi. Ona görə təkidlə aclığı dayandırmasını xahiş etdim. Onu inandıra bildim…”

Hüseyn Abdullayevin digər vəkili Elçin Sadıqov da sabiq deputatın sağlıq durumunun kəskin pisləşdiyini bildirib. Vəkilin sözlərinə görə, uzun müddətdir müvəkkili aclıq etsə də, onun sağlıq durumuna nəzarət olunmurdu: “Onun çəkisini və təzyiqini hələ də yoxlamamışdılar…”

Vəkil deyir ki, Hüseyn Abdullayevin səhhətində indiyə qədər də ciddi problemlər vardı. Aclıq isə durumunu daha da kəskinləşdirib. Aprelin 17-də vəziyyəti daha da pisləşib, onun bağırsağından qan açılıb.

Hüseyn Abdullayev aprelin 12-də aclığa başlaması haqda məktubunda bildirib ki, bu addımı atmasının səbəbi BMT-nin Əsassız Həbslərlə bağlı İşçi Qrupunun onun işi üzrə qərarının icra olunmamasıdır.

İşçi Qrupu Hüseyn Abdullayevin müraciətini araşdıraraq belə nəticəyə gəlib ki, həm Türkiyə, həm də Azərbaycan hüquq-mühafizə orqanları onun hüquqlarını pozub, o, azadlığa buraxılmalıdır.

İşçi Qrup hər iki dövlətin hökumətlərini keçmiş deputatla bağlı halların tam və müstəqil araşdırılmasını təşkil etməyə, onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirlər görməyə çağırıb.

2014-cü ildə Almaniyada siyasi mühacir kimi sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Onların heç biri özlərini təqsirli bilmir.

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir: “Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.

Ana səhifəSiyasətVəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb