Rövşən Hacıbəyli

Source: meydan tv

Caption: Rövşən Hacıbəyli

Vəkil döymək sənəti

Cəzalananlar və cəzasız qalanlar

İyunun 8-də Daxili İşlər Nazirliyinə istinadla saytlarda iki xəbər yayılıb. Hər ikisi maraqlıdır. Məşhur lətifədə deyildiyi kimi, birinci hansı xəbərdən başlayaq, yaxşısından, yoxsa pisindən? Yox, hər ikisi yaxşı xəbərdir. Ancaq xəbərin dərinliyinə gedəndə pislik də tapmaq olur. Ardıcıllıqla gedək ki, oxucularda çaşqınlıq yaranmasın. DİN-lə bağlı yayılan iki xəbərin elə iyun ayının 1-də yayılan başqa bir xəbərə dəxli var. Həmin xəbərsə qısa vaxtda çox böyük rezonansa səbəb olmuşdu. Yadınızdadırsa, vəkil Orxan Kəngərlinin polis bölməsində döyülməsi xəbəri yayılmışdı. Adamın soyadından naxçıvanlı olduğu anlaşılır. Çoxunun təəccübünə həm də yəqin, bu səbəb olmuşdu. Bu əsrimizdə əziz naxçıvanlılarımız daha çox döyən kimi ad çıxarıb, nəinki döyülən...

Saytlarda yayılan xəbərdəsə deyilirdi: "...Orxan Kəngərli hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün polis bölməsinə gedib. Vəkil vəsiqəsini və orderi təqdim edib. Onu təhqir edərək, bölmədən çıxmasını tələb ediblər. Etirazını bildirəndə isə 4-5 nəfər onu döyüb, müdafiə etdiyi adamın yanına – müvəqqəti saxlama kamerasına salıblar. Axşama qədər saxlayıblar".

“Facebook”-da bəzi vəkillər bu məsələnin dərhal, həm də ciddi araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb etdilər. Bəziləri vəkillərin bu duruma gətirilməsində başlıca günahkarlardan olan Vəkillər Kollegiyasının da məsələyə anındaca müdaxilə etməsini istəyirdi. Kollegiyanın nə kimi işlər gördüyünü bilmirik, ola bilsin, nəsə ediblər, vəkilin müdafiəsinə qalxıb uyğun qurumlara müraciət də edib, problemin kəskin şəkildə həllini, günahkarların cəzalandırılmasını istəyiblər, ancaq bunlar ehtimallardır. Yayılan xəbərsə daxili işlər naziri Ramil Usubovun adına bağlıdır. Ramil müəllim hadisədən bir həftə sonra vəkilin döyülməsində günahkar olanları cəzalandırıb: “Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məsuliyyətinə cəlbetmə tətbiq olunub”.

Əslində bunu cəmiyyətin az da olsa etirazının, sosial şəbəkə fəallarının təpkisinin nəticəsi də saymaq olar. Ancaq, bəllidir, qələbənin şəriki çox olur. Vəkillər Kollegiyası da açıqlama verib bunun onların qəti, barışmaz, prinsipial mövqeyinin nəticəsi olduğunu deyə bilər. İstənilən halda yaxşı presedentdir, polis şöbələrində bir daha anlayacaqlar ki, vəkilə toxunmaq olmaz, ən azı ona görə ki, bir gün özlərinin də onlara ehtiyacı yaranır. Dəfələrlə bunun şahidi olmuşuq.

İndi iki məsələ qaranlıq qalır. Vəkilin döyülməsi ilə bağlı xəbər yayılandan sonra DİN-dən açıqlama gəlmişdi ki, guya bu məsələdə Orxan Kəngərli özü günahkardır və buna görə protokol tərtib olunub, vəkil İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə ittiham edilib, iş məhkəməyə göndərilib. Ancaq Ramil Usubovun 7 iyun əmri həmin protokolun üstündən xətt çəkir, yəni bununla vəkilin günahsızlığı ortaya çıxır. Yaxşı, bəs yalan açıqlama yayan DİN-i kim cəzalandıracaq? Yəqin, bunun da ən azı 1 həftəlik zamana ehtiyacı var. Gözləyək...

Bu gün yayılan ikinci xəbərsə Ramil Usubovun iyunun 8-də Gəncə şəhərində Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək üçün müraciət edən gənclərin sıra baxışını keçirməsiylə bağlıdır. Sıra baxışı o deməkdir ki, nazir polis olmaq istəyən gəncləri sıraya düzüb hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

“Namizədlər qarşısında çıxış edən nazir prezident İlham Əliyevin mükəmməl təhsilə, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü kadr siyasətinin növbəti əyani təzahürü olduğunu bildirib”.

Başa düşdük, İlham Əliyev 2003-cü ildən prezidentdir, çox şübhəsiz, bu “tövsiyə və tapşırığı” da elə o vaxtdan verib, çünki polis orqanlarına işə götürməklə bağlı bir neçə dəfə bu cür sıra baxışları keçirilməsi barədə xəbərlər oxumuşuq. Onlardan birinin Bərdədə keçirilməsini xatırlayıram. Həmin xəbərlərdə də prezidentin bu tapşırığı xüsusi vurğulanıb. Bəs nədən “ümumi bilik səviyyəsi və dünyagörüşü” həmin “tövsiyə və tapşırığa” uyğun gəlməyən adamlar işə götürülüb? Axı ümumi bilik səviyyəsi olan adam bilməlidir ki, polis zor üçün yox, asayişin keşiyində dayanmaq üçündür. Prezidentin bu “tövsiyə və tapşırığı”, Ramil Usubov vurğuladığı kimi, təkcə polis yox, dövlət idarəçiliyinin bütün sahələrində işə götürülənlərə aiddir.

Görünür, bizdə işə götürən səlahiyyət sahibləri bu “tövsiyə və tapşırığın” əksini əsas tutur. Çünki əksər idarələrdə qarşılaşdığımız adamların nəinki “ümumi bilik səviyyəsi”, heç “dünyagörüşü” olmur...

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/22veuh

Most Viewed