“Üstay” şirkətindən yenə şikayət var

“Üstay” şirkətindən yenə şikayət var


İşçilər hüquqlarının pozulduğunu deyirlər

“Azərkimya” İstehsalat Birliyinin Etilen-Politilenn Zavodunun modernizasiya layihəsində çalışan Türkiyənin “Üstay” şirkətinin əməkdaşları etiraz edir.

Onlar şirkətin binası önünə toplaşaraq pozulan hüquqlarının bərpasını tələb edilər.

Bu barədə Meydan TV-yə etiraz edən işçilər məlumat veriblər.

Onlar COVİD-19 virusunun yayılması və karantin elan olunan gündən çalışdıqları şirkətin onların hüquqlarını pozduğunu söyləyirlər.

“Prezident çıxdı hamıya dedi ki, pandemiya dövründə müqaviləsi olan bütün işçilərin əmək haqları ödənməlidir. Lap virusa görə iş dayanmış olsa belə, fərq etmir, ödənməlidir. Ancaq bizim şirkət bir neçə işçini çalışdırıb, əmək haqqını ödəyir. Qalanlarını isə məzuniyyətə göndərib, qəpik-quruş verir”.

Şikayətçilər deyirlər ki, şirkətin yeni işçiləri var, onlar 3-4 ay əvvəl işə düzəliblər. Həmin işçilərin məzuniyyət haqları belə yoxdur. Deməli, onlara ödəniş olmayacaq:

“Bu insanlar da 1-2 nəfər deyil. Bəs onlar ailələrini nə ilə dolandırmalıdırlar? Soruşanda da deyirlər ki, bəli, onlara məzuniyyət haqqı düşmür. Bəs onda bu insanlar nə etsinlər, onu deyən yoxdur. Həmin şəxslərin şirkətlə müqaviləsi olmasaydı, heç olmasa işsizlər üçün ödənən 190 manatı alardılar. Onu da ala bilmirlər, iş yerindən də gümanları qalmayıb. Hərəsinin evində azı 4 nəfər ailə üzvü var. Bu insanlar nə ilə dolanmalıdırlar?”

İşçilər deyirlər ki, bəzi əməkdaşlar ayın 28-dən işə çıxıb. Onları da aldadıblar. Əvvəlcə ikiqat əmək haqqı vəd ediblər. Sonra nə işləyəcəklərsə, onun pulunu verəcəklərini deyiblər:

“Evdə qalıb, işə çıxmayanlarla bağlı da eyni şeyi deyirdilər. Əmək haqları ödənəcək. İndi də deyirlər ki, məzuniyyətə getsinlər. Lap məzuniyyətdə əmək haqqı ödənsə də, haqsızlıqdır. Hamı məzuniyyətini istədiyi vaxta, yaya, dincəlməyə xərcləmək istəyər. İndi məcbur hamımız evdə oturmuşuq. Şirkət bizim hüquqlarımızı hərtərəfli pozur”.

İşçilər deyirlər ki, şirkət problemlərindən xəbərdardır: „Bütün şikayətlərə cavab verirlər ki, guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə məktub göndəriblər. Cavab gəlib ki, əmək haqqını verməyə bilərsiz, o zaman işçiləri məzuniyyətə göndərin. Ancaq məzuniyyəti olmayan adamların nə ilə dolanacağını demirlər. Hərtərəfli bədbəxt olmuşuq. Keçən dəfə şirkət rəsmisi bizə deyir ki, Prezidentin dediyi məsələ inşaat sektoruna aid deyil. Yəni işçilərin əmək haqqının verilməsi ilə bağlı dedikləri. İnşaat sektoru iş deyil? İnşaat sektorunda işləyənlər adam deyillər? Niyə Prezidentin dediyinin onlara aidiyyatı olmamalıdır? Danışanda, şikayət edəndə də deyirlər ki, sizi işdən çıxarıb, təzminat verməyəcəyik”.

“Üstay” şirkətindən Meydan TV-yə problemdən xəbərsiz olduqlarını, bu barədə nəsə deyə bilməyəcəklərini söyləyiblər.

“Üstay” şirkətinin əməkdaşları bir müddət öncə də Meydan TV-yə şikayət ünvanlamışdılar. Şirkətin işə çıxanlara ikiqat əmək haqqı vəd etdiyini, sonradan isə nə işləyirlər, onun pulunu alacaqlarını söylədiyini deyirdilər. Şikayətçilər deyirdilər ki, şirkət işə çıxmayanları işdən çıxarmaqla təhdid

edib

.

Həmin vaxt şirkətdən Meydan TV-yə işçilərin dedikləri təkzib edilmişdi. “Yalan söhbətdir, kimsə işə gəlməyə məcbur edilə bilməz”, – deyilmişdi.

Ana səhifəVideo“Üstay” şirkətindən yenə şikayət var