Alya Yaqublu

Source: Meydan TV

Caption: Alya Yaqublu

Maqda Gebbels - üçüncü Reyxin birinci ledisi

Article was updated on :  5 July 2020

(üçüncü hissə)

Ello Kvandın frau Gebbelsə istinadən yazdıqlarından belə görünür ki, uşaqlarına bu cümləni deməyə Maqda hələ bir ay əvvəldən hazırlaşıbmış:

“Biz alman xalqından dəhşətli işlər görməyi tələb etdik, başqa xalqlarla çox qəddar davrandıq. Buna görə qaliblər tam bir qisas tələb edəcəklər... Bizim qorxaq olduğumuzu düşünmələrinə imkan verə bilmərik. Başqa millətlərin də yaşamaq haqqı var. Biz bunu başa düşə bilmədik – bu hissiyatımızı itirdik. Mən bunda özümü də məsul hesab edirəm. Mən də o işin içində olmuşam. Uzun müddət Hitlerə də, Yozef Gebbelsə də inanmışam.

Tutaq ki, mən sağ qaldım. Dərhal həbs olunmalı və Yozef haqqında suallara cavab verməliyəm. Düzünü deməli olsam, onun necə bir insan olduğunu, kadr arxasında qalan şeylərin hamısını danışmalıyam. Belədə bütün normal insanlar ikrah hissiylə məndən üz çevirməlidirlər. Yalan da danışa bilmərəm, çünki bu zaman onun əməlllərini müdafiə etməli, düşmənləri qarşısında ona haqq qazandırmalı olaram... Amma buna vicdanım yol verməz. Beləliklə, əziz Ello, Siz mənim sağ qalmağımın mümkün olmadığını görürsüz. Biz uşaqları da özümüzlə götürəcəyik, az sonra başlayacaq həyat üçün onlar çox yaxşı, çox safdırlar. Yaxın günlərdə Yozef indiyə qədər Almaniya tarixində mövcud olmuş ən qatı cinayətkarlardan birinə çevriləcək. Onun övladları hər gün ataları haqqında deyilənlərə qulaq asmalı olacaqlar, insanlar onları incidəcəklər, onlara nifrət edəcəklər, onları alçadacaqlar. Onlar atalarının günahını daşımalı olacaqlar, insanlar onlardan qisas alacaqlar...

Belə şeylər əvvəllər də olub. Yəqin xatırlayırsız, Münhenin “Anast” kafesindəki hadisə barədə Sizə danışmışdım. Deyilənlərə görə, Hitler həmin kafedə yəhudi oğlan görüb və yanındakılara bildirib ki, onu divara qonmuş milçək kimi vurub əzmək istərdi... Mən buna inanmamışdım, düşünmüşdüm ki, bunlar provokasiya xarakterli söhbətlərdir. Amma sonradan o, həqiqtən də belə davrandı. Baş verənlər sözlə ifadə edilməsi mümkün olmayacaq dərəcədə dəhşətliydi...”

****

Maqda və Yozef Gebbelslərin övladlarının - 5 qız və bir oğlanın zəhərlənərək öldürüldüyü gün baş verənlərlə bağlı müxtəlif versiyalar var, çünki şahidlər fərqli ifadələr veriblər. Kimisi kalium sionidi uşaqlara şəxsən frau Gebbelsin verdiyini iddia edir, kimisi isə həkimin. Yeganə dəqiq fakt həkimlərin kimliyidir – həmin gün 6 uşağı öldürməkdə Maqdaya Hitlerin şəxsi həkimi Lyudviq Ştampfegger və stomatoloq Helmut Kunts kömək ediblər.

İstintaqa elə ilk ifadəsində Kunts uşaqları yatırtmaq üçün onlara morfi vurduğunu etiraf edib. Otağı zəhərlənmə mərhələsindən əvvəl tərk etdiyini bildirən həkimin sözlərinə görə, Maqda Gebbels H.Ştampfeggerlə birlikdə uşaqların yanından çıxanda “Axır ki, hər şey bitd!i” deyib.

Bir həftə sonra uşaqların cəsədlərini yaracaq rus həkimlər ölümün “sionid birləşmələri nəticəsində baş verdiyini” bildirəcəkdilər.

Kalium sionid ampullarını uşaqların ağız boşluğunda kimin sındırdığı da mübahisə mövzusudur. İyulun əvvəllərində sovet əsgərinə rüşvət verərək içəri daxil olan, orda nasistlərə aid çox sayda məxfi sənəd tapıb araşdıran amerikalı yazıçı və jurnalist, məşhur “Bunker” kitabının müəllifi Ceyms P.Odonnell hesab edir ki, uşaqları Maqda özü zəhərləyib, çünki həmin gün Ştampfegger belə bir tapşırığı yerinə yetirə bilməyəcək dərəcədə sərxoş olub.

Hitlerin bunkerdəki mühafizəçilərindən biri, orda kuryer və telefonçu vəzifələrini də icra etmiş oberşarfürer Rohus Miş isə (“Hitlerin son şahidi” kitabının müəllifi) BBC-yə müsaibəsində deyib ki:

“Hitlerin ölümündən sonra frau Gebbels uşaqlarıyla birlikdə bunkerə endi. Onları öldürməyə hazırlaşırdı. Yuxarıda bunu edə bilməzdi, çünki orda başqaları da vardı, mane ola bilərdilər. Bunkerə isə artıq heç kimi buraxmırdılar. Frau Gebbels qəsdən ora endi, uşaqları öldürmək üçün. Sonra mən doktor Ştampfeggerin uşaqlara içməyə nəsə bir maye verdiyini gördüm, nəsə şirin bir şey. Ardınca həkim otağa keçib onları öldürməyə kömək etdi. Biz hamımız nə baş verdiyini bilirdik. Bir-iki saat sonra frau Gebbels ordan gözüyaşlı çıxdı. Sonra da masa arxasında oturub “Pasyans” (“Səbr”, kart oyunu – A.Y.) oynamağa başladı”.

Şahidlərin sözlərinə görə, həmin dəqiqələrdə Gebbels onun yanına gedib, amma heç nə deməyib.

Rohus Miş BBC-yə şahidi olduğu başqa bir mənzərə haqqında da danışıb – zəhərləmə olayından bir az əvvəl Maqda qızlarına ağ, uzun gecə köynəkləri geyindirib, ehtiyatla saçlarını darayıb, sonra da hamısının saçına ağ bant bağlayıb...

Uşaqlar öləndən sonra Maqda və əri intihar etmək üçün kanselyariyanın bağına gediblər. Bunun necə baş verməsi haqda da müxtəlif versiyalar var. Bəzi şahidlər Hitlerin basdırıldığı yerin yaxınlığında hər ikisinin sionidli ampula dişlədiyini deyir. Gebbelsin adyutantı Günter Şvegermannsa 1948-ci ildə istintaqa verdiyi ifadəsində cütlüyü kanselyariyanın pilləkənlərinə qədər müşayət etdiyini, onlar uzaqlaşandan az sonrasa güllə səsləri eşitdiyini bildirib. Bunun ardınca hadisə yerinə gedən Şvegermann əsgərlərdən birinə Gebbelsin cəsədinə bir neçə dəfə atəş açmağı əmr edib – onun tapşırığına əsasən. Arvadının və özünün cəsədlərinə benzin töküb yandırmağı da Gebbels özü tapşırıbmış.

Yelena Rjevskaya, “Berlin, may 1945”:

“Üstündən bu qədər vaxt keçib, amma hələ də məndən soruşurlar ki, cəsədlərə baxmaq qorxuluydumu. Yox, qorxu hiss etməmişdim, sarsılmışdım. Ona görə yox ki, müharibə illərində biz çox dəhşətli şeylər görmüşdük. Əsasən ona görə ki, o yanmış meyitlər insandan çox şeytana aidiymiş kimi görünürdü.

Qorxulu olan ölmüş uşaqlarıydı. Altı uşaq - öz valideynləri tərəfindən öldürülmüş 5 qız və 1 oğlan...”

****

Mayın 2-də, günorta saatlarında Berlini müdafiə edən ordu hissələri təslim olur. Həmin gün Reyxkanselyariyanı da ələ keçirən ruslar Gebbels və Maqdanın cəsədlərini bunkerin girişində tapırlar, uşaqların meyitləri isə binanın otaqlarından birində aşkar edilir - onları həyətə çıxarıb valideynlərinin yanına uzadırlar.

Mayın 5-də Hitlerlə Yeva Braunun basdırıldığı yer müəyyən olunur, qazılır və ordan çox yanmış iki cəsəd çıxarılır. Bunun ardınca bütün meyitlər, o cümlədən, general Hans Krebsin (Vermaxtın Quru Qoşunları Ali Komandanlığının conuncu qərargah rəisi) də meyiti Berlinin Buh qəsəbəsinə aparılır, iyunun 4-də ekspertiza edilir və elə orda da basdırılır.

Ancaq çıxarıb basdırmaq işləri bununla yekunlaşmır.

Sonrakı günlərdə tərtib olunmuş çoxsaylı aktlardan biri:

“Çox məxfi. 4 iyun 1945-ci il. 3-cü Zərbə ordusu

... Məhkəmə-tibb ekspertizası tamamlanandan və cəsədlərin tanınmasıyla bağlı bütün operativ əməliyyatlar həyata keçiriləndən sonra bütün meyitlər Buh şəhəri ətrafında dəfn edilmişdi.

Ordunun “Smerş” əks-kəşfiyyat bölümünün yeni ünvana dislokasiyasıyla əlaqədar cəsədlər oradan çıxarılaraq əvvəlcə Finov şəhəri ətrafında, 3 iyun 1945-ci il tarixdə isə birdəfəlik olaraq Ratenov şəhəri ətrafında basdırılıb.

Meyitlər taxta yeşiklərə qoyulub, yeşiklər 1,7 metr dərinliyi olan çuxura yerləşdirilib və aşağıdakı ardıcıllıqla düzülüb:

şərqdən qərbə doğru – Hitıer, Braun Yeva, Gebbel, Maqda Gebbels, Krebs, Gebbelsin övladları.

Maqda Gebbesl və övladları

Maqda Gebbesl və övladları

Source: google.az

Cəsədlərin basdırıldığı yerin ünvanı: Almaniya, Bandenburq əyaləti, Ratenov şəhəri ətrafı, şəhərin şərqindəki meşə, Ratenovdan Ştehova gedən şose, dəmiryolu körpüsündən 325 metr məsafədəki Noy Fridrixsdref kəndinə çatmamış. Cəsədlərin basdırıldığı çuxur torpaqla örtülüb, üstünə kiçik şam ağacları əkilib.

Xəritə və sxem akta əlavə olunur.

Akt 3 nüsxədə tərtib edilib”.

Haşiyə: Bu akt Hitlerin guya Berlindən qaça bilməsi, 3 sualtı gəminin müşayətiylə Cənubi Amerika sahillərinə çıxması və uzun müddət orda yaşaması barədə şaiyələrin doğru olmadığını göstərir. Belə şaiyələri gücləndirən əas səbəblərdən biri cəsədlərin tapılmasıyla bağlı informasiyanı SSRİ-nin öz müttəfiqlərindən gizlətmsi olmuşdu - 1945-ci ilin may ayının 26-da ABŞ prezidentinin nümayəndəsi Harri Hopkinslə görüşən Stalin “...Borman, Gebbels, Hitlər və yəqin ki, Krebs də qaçıblar və indi hardasa gizlənirlər” demişdi. Marşal Q.Jukovsa iyunun 10-da keçirilən mətbuat konfransında Hitlerin meyitinin ümumiyyətlə tapılmadığını bildirmişdi. Çoxsaylı şahid ifadələrinə, cəsədlərin xeyli sayda insan tərəfindən tanınmasına və tibbi ekspertiziların nəticələrinə baxmayaraq Stalin bu məlumatları açıqlamağa tələsməmişdi.

Siyasi motivi aydın olmayan bu mövqeni nəticələrin doğruluğuna şübhəylə izah edənlər var - bunkerdən Hitlerin oxşarının da meyiti tapılmışdı. Amma 1946-cı ildə əldə olunmuş dəlillər bütün şünhəyə son qoymalıydı: Hərbi və Əcnəbi Əsirlərlə İş üzrə Baş İdarənin təşəbbüsü sayəsində yaradılmış xüsusi komissiya Hitler və Yeva Braunun cəsədlərinin basdırıldığı çuxuru yenidən qazdırmış, ordan insan kəlləsinə aid yeni bir parça tapılmış, bu parçanı aktda “çıxmış güllə izi olan sol parietal (“parietal”, yəni “kəllə” – A.Y. ) hissə” kimi qeyd etmişdilər. Daha əvvəl - 8 may 1945-ci ildə tərtib edilmiş aktda isə “Kəllə qapağının bir hissəsi yoxdur” qeydi vardı. Hitlerin çənə sümüyünün və dişlərinin detallı ekspertizası da daxil olmaqla, sonrakı illərdə aparılacaq digər araşdırmalar cəsədin fürerə aid olduğunu bir daha təsdiqləyəcəkdi.

Yarım il sonra “Smerş”in Baş İdarəsinin rəhbəri, general-leytenant P.Zeleninin əmriylə cəsədləri çıxarıb bu dəfə Maqdeburqdakı hərbi şəhərciyin ərazisində dəfn edirlər.

21 fevral 1946-cı il tarixli aktdan:

“... Sadalanan bütün cəsədlər taxta yeşiklərdə, yarıçürümüş vəziyyətdədirlər. Elə bu vəziyyətdə hamısı “Smerş” antikəşfiyyat ordusunun nəzarətində olan Maqdeburq şəhərinə gətirildilər və Vestendştrasse küçəsindəki 36 nömrəli evin həyətində, cənub divarınındakı qarajdan 25 metr şərqə doğru, 2 metr dərinlikdə yenidən dəfn edildilər.

Çuxur torpaqla dolduruldu və zahiri görünüşü ətrafındakı əraziyə uyğunlaşdırıldı”.

“Smerş”in komandiri A.Miroşniçenkonun bu akta birləşdirilmiş müşayət məktubunda Maqda və Yozef Gebbelslərin övladları da artıq “hərbi cinayətkarlar” kimi qeyd olunmuşdular...

****

Sonrakı illərdə (təxminən ¼ əsr) cəsədlər orda qalır.

1970-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin - “KQB”-nin sədri Y.Andropov Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə aşağıdakı məzmunda məktub ünvanlayır:

“Xüsusi əhəmiyyətli

Çox məxfi

“K.” seriyası, 2 nüsxədə

13 mart 1970-ci il. Sov.İKP MK 655-A/yev

1946-cı ilin fevralında Maqdeburq şəhərində (QDR), hazırda DTX-nın Almaniyadakı Sovet Qoşunları Qrupu (ASQQ – A.Y.) üzrə Xüsusi Şöbəsinin nəzarətində olan hərbi şəhərciyin ərazisində Hitler, Yeva Braun, Gebbels, onun arvadı və uşaqlarının cəsədləri basdırılıb (cəmi – 10 cəsəd).

Qoşunlarımızın maraqlarına uyğun olan xidməti məqsədyönlülük baxımından indi həmin hərbi şəhərcik ordu rəhbərliyi tərəfindən Almaniya hökumətinə ötürülür.

Bu ərazidə tikinti və ya qazıntı işlərinin aparılması və bu zaman dəfn yerinin aşkar oluna biləcəyi ehtimalını nəzərə alaraq qalıqların ordan çıxarılmasını və yandırılaraq məhv edilməsini məqsədəuyğun hesab edirəm.

Bu tədbir DTX-nın ASQQ üzrə Xüsusi Şöbəsi tərəfindən ciddi gizlilik şəraitində həyata keçiriləcək və lazımi qaydada sənədləşdiriləcək”.

Tezliklə həyata keçirilən bu əməliyyatla bağlı Madeburqda tərtib olunmuş aktdan:

“Çox məxfi

Bir nüsxədə

Seriya “K”

4 aprel 1970-ci il

... ““Arxiv” tədbirinin 26 mart 1970-ci il tarixdə SSRİ Nazirlər Soveti yanındakı DTX-nın sədri tərəfindən təsdiqlənmiş planına uyğun olaraq ... tərkibli operativ qrup hərbi cinayətkarların Vestendştrassedəki (hazırda Klauzener-ştrasse) 36 nömrəli evin yaxınlığında olan dəfn yerini açıb. Bu zaman məlum olub ki, cəsədlərin qalıqları bir-birinin üstünə çarpaz şəkildə qoyulmaqla 5 taxta yeşikdə basdırılıb – üçünün istiqaməti Şimaldan Cənuba, ikisininki Şərqdən Qərbə olmaqla. Yeşiklər çürüyüb və ovulub, içərilərindəki cəsəd qalıqları qrunta qarışıb.

Çıxarılan qrunt diqqətlə yoxlanıb və qalıqlar (kəllələr, skelet sümükləri, onurğa qığırdaqları və s.) yeşiyə yığılıb.

Dağılma səviyyəsi yüksək olub, xüsusilə də uşaq cəsədlərində. Ona görə də qalıqların dəqiq hesabatını aparmaq mümkün olmayıb. Skelet və kəllə sümüklərinin sayına görə onlar 10 və ya 11 nəfərə aid ola bilərdilər.

Qalıqlar çıxarıldıqdan sonra qazıntı ərazisi əvvəlki vəziyyətinə salınıb.

... Hərbi cinayətkarlara aid cəsəd qalıqlarının olduğu yeşik 5 aprel səhərinə - qalıqlar fiziki qaydada məhv edilənə qədər əməliyyat işçiləri tərəfindən qorunub”.

Aşağıdakılarsa “fiziki qaydada məhvetmə” əməliyyatının aktındandır:

“Çox məxfi

Bir nüsxədə

“K” seriyasından

““Arxiv” tədbirinin ... tərkibli operativ qrup tərəfindən həyata keçirilməsi planına uyğun olaraq hərbi cinayətkarlara aid cəsədlərin hərbi şəhərciyin Vestendştrasse (hazırda Klauzener-ştrasse) küçəsindəki 36 nömrəli evin yanından çıxarılmış qalıqları yandırıldı.

Qalıqlar Maqdeburqdan 11 km aralıda yerləşən Şenebek şəhəri ətrafındakı çöllükdə qalanan tonqalda yandırıldı. Onlar yanıb kömürə, sonra da külə döndülər, yığılıb Biderits çayına atıldılar.

5 aprel 1970-ci il”.

(Bu aktlar Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi arxivində saxlanır. Onlar və o dövrə aid digər sənədlər 2000-ci ildə “Hitlerin aqoniyası və ölümü” adlı qalın məcmuədə dərc edilib).

****

“Elə dəli bir zəmanədə yaşayırıq ki, insan ağlı tamamilə çaşqın bir vəziyyətə düşüb” – həmin o “dəli zəmanənin” memarlarından biri olan Yozef Gebbels bunu 1945-ci ilin aprel ayında, ölümündən cəmi bir ay əvvəl deyib.

Bəlkə övladlarının zəhərlənib öldürülməsi ideyası Gebbelsə də buna görə cəlbedici görünüb?

Yoxsa uşaqların taleyini Maqdanın fürerə sevgisi - son ana qədər Hitlerin yanında qalmaq istəyi həll edib?

Üçüncü və daha əcaib variant budur ki, milli mənsubiyyətə görə milyonlarla insanın məhvini normal sayan və bu işdə iştirak edən Gebbelslər öz övladlarını öldürməyə də “adi həyat hadisəsi” kimi baxıblar...

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  5 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/ap0yai

Most Viewed