Yadigar Sadıqlı

Source: Foto: Meydan TV

Caption: Yadigar Sadıqlı

Türkiyə: 1950-ci il seçkiləri

Əslində iqtidar MP-nin bir qədər güclənərək narazı elektoratın səsini parçalamasında maraqlı olmalı idi

70 il öncə Türkiyə Cümhuriyyətində çox önəmli bir hadisə baş verdi. 1950-ci ilin mayında keçirilən seçkilər nəticəsində ilk dinc hakimiyyət dəyişikliyi həyata keçdi: müxalif Demokrat Partiyası (DP) iqtidar oldu, Cümhuriyyət Xalq Partiyasının (CHP) 27 illik fasiləsiz iqtidarı başa çatdı. Bundan 60 il öncə, 1960-cı ilin mayında isə DP iqtidarı hərbi çevriliş nəticəsində devrildi. Bu diqqətəlayiq hadisələrə bir neçə məqalə həsr etməyi qərara aldım. Bu məqalə onlardan dördüncüsüdür.

***

1949-cu ilin yanvarında Hasan Saka Baş nazir vəzifəsindən istefa verdi, Şemsettin Günaltay Türkiyə Cümhuriyyətinin səkkizinci Baş naziri oldu. Yeni hökumətin fəaliyyət proqramında qarşıdan gələn seçkilər barədə fikirlər yer alırdı: "1950 seçkilərini heç bir vətəndaşın ürəyində şübhəyə yer buraxmayacaq ən təminatlı şəkildə keçirilməsi üçün elmin və təcrübənin təlqin edəcəyi tədbirləri göz önündə tutmaqdan geri qalmayacaqdır".

Belə mesajlara görə, Demokrat Partiyasından (DP) olan millət vəkilləri proqramı yüngülvari tənqid etdilər və müxalifətçilik öhdəliyi olaraq hökumətin əleyhinə səs verdilər. Amma 368 səs lehinə, 42 səs əleyhinə olmaqla Günaltay hökuməti parlamentdən etimad aldı və fəaliyyətə başladı.

Yeni hökumət müxalifətə olduqca yumşaq münasibət bəsləyirdi. Baş nazir təsdiq olunandan az sonra DP başqanı Celal Bayar iqamətgahında Günaltaya baş çəkdi. Yanvarın 28-də isə Günaltay DP-nin qərargahında cavab ziyarətində oldu. Mayda müxalifətə radiodan istifadə hüququ verən Basın-Yayın və Turizm Genel Müdirliyi Qanunu qəbul edildi.

Bu dövrdə iqtidar və müxalifət arasında əsas mübahisə mövzusu Seçki qanunu idi. Daha əvvəlki məqalələrimizin birində DP-nin bu üzdən 1947 ara seçkilərini boykot etdiyini yazmışdıq. 1948-ci il oktyabrın 17-də keçirilən ara seçkilərinə də demokratlar qoşulmadılar. Nəticədə 13 mandatın hamısını CHP qazandı.

İyunun 20-25-də Demokrat Partiyasının II qurultayı keçdi. Bir il öncə partiyada baş verən parçalanmalar üzündən bir çoxları bunun qurultayda da davam edəcəyini və başqa şəxslərin də istefa verəcəyini gözləyirdi. CHP və DP-dən ayrılıb Müstəqil Demokrat Qrupu kimi fəaliyyət göstərən deputatlar da bunda maraqlı idilər. Amma qurultayda heç bir parçalanma olmadı. Tək namizəd olan Cəlal Bayar yenidən genel başqan seçildi. Partiyanın qurucularından Adnan Menderes, Refik Koraltan, Fuad Köprülü də daxil olmaqla 14 nəfər seçildi

Qurultayın son günündə qəbul edilən və DP-lilər tərəfindən Milli And adı verilən sənəddə Seçki qanunu nəzərədə tutaraq deyilirdi: "Seçkilərdə xalqın iradəsinin sərbəst ifadəsinə nail olmaq çətindir. Səslərə əl atılarsa, yurddaşlar öz qanuni haqlarını qorumaq durumunda qalacaqlar. Ancaq bu müdafiə qanuni yollarla edilməlidir. Yurddaşları bu durumda buraxan hökumət də millətin hiddəti ilə qarşılaşacaqdır".

Bu sənəd CHP-lilər tərəfindən Milli Hiddət Andı adlandırıldı və kəskin reaksiya doğurdu. Hətta bir ara DP-nin bağladılması üçün məhkəməyə müraciət etmək barədə düşünüldü. Amma bu yöndə gərəkən addımlar atılmadı.

Oktyabrda Türkiyə Böyük Millət Məclisinə bir daha əlavə seçkilər keçiriləcəkdi. İstanbul və Mardindən 2, daha on vilayətin hər birindən isə 1 olmaqla cəmi 14 millətvəkili seçiləcəkdi. DP seçki qanununun dəyişdirilmədiyini əsas gətirərək bu seçkilərdə iştirak etmədi və bütün yerlər CHP-yə qismət oldu.

Bu illərdə keçirilən əlavə seçkiləri boykot etməklə DP seçki qanunun dəyişdirilməsində israrçı olduğunu nümayiş etdirirdi. Amma boykotun bundan başqa bir üstünlüyü də sonradan ortaya çıxdı. Əlavə seçkilərdə iştirak etməyən demokratların xalq arasında nə qədər populyar olmaları qaranlıq qaldı. Bu da 1950-ci ildəki genel seçkilər öncəsi iqtidar partiyasında arxayınlıq, qələbəyə əsassız əminlik yaratdı.

***

1949-cu ilin sonları və 1950-ci ilin əvvəlləri iqtidar və müxalifətin həm öz aralarında, həm də ictimai şəkildə seçki qanununa edilməli olan dəyişikliklər haqqında müzakirələrlə keçdi. Mövzulardan biri də proporsional seçki siteminə keçmək, yoxsa əvvəlki seçkidə istifadə olunan, majoritar sistemin variantlarından biri olan sistemi saxlamaq idi.

Bu sistem bir qədər ABŞ-da keçirilən prezident seçkilərində seçimçilər seçkisini xatırladırdı. Hər hansı vilayətdə qalib gələn partiya topladığı faizə nisbətdə deyil, həmin vilayətə ayrılan bütün mandatları qazanırdı. Burada müəyyən istisnalar mövcud idi, onların dərinliyinə gedib oxucunu yormaq istəmirəm. Bir qədər irəli gedərək bildirim ki, 1950-ci il seçkilərində Türkiyədə mövcud olan 63 vilayətdən 53-də partiyalardan biri bütün mandatları götürdü, yalnız 10 vilayətdə mandatlar bölündü.

DP əvvəllər qətiyyətlə proporsional sistemin tərəfdarı kimi çıxış edirdi. Amma indi bu məsələdə elə də israr etmirdi. 1946-cı ildə tətbiq olunan sistem ABŞ-dakı kimi ikipartiyalı sistemin formalaşması üçün əlveriışli idi. Buna görə də hər iki partiya indi majoritar sistemə daha isti yanaşırdılar.

Burada həm CHP, həm də DP rəhbərlərinin üçüncü partiyaya - Millət Partiyasına (MP) münasibəti də rol oynayırdı. Əsasən DP-dən uzaqlaşanların yaratdığı MP iqtidarla yanaşı demokratları da kəskin tənqid edir, onları yalançı müxalifət kimi qələmə verirdi. DP-lilər də onlara adekvat münasibət bəsləyirdilər.

Partiyanın fəxri başqanı, marşal Fevzi Çakmakla prezident İnönünün köhnə rəqabətləri vardı. Çakmak da Atatürkdən sonra prezidentliyə namizəd idi və hətta Atatürkün məhz ona üstünlük verməsini söyləyənlər var. Amma İnönü prezident oldu, üstəlik 1944-cü ildə Çakmakı 23 il tutduğu Baş qərargah rəisi vəzifəsindən uzaqlaşdırdı. Bu addım, təbii ki, onların münasibətini yumşaltmadı.

Əslində iqtidar MP-nin bir qədər güclənərək narazı elektoratın səsini parçalamasında maraqlı olmalı idi. Amma CHP qələbə çalacağından əmin idi və belə üsullara ehtiyac görmürdü. Partiyanın bəzi üzvləri hətta qələbənin çox əzici olmamasını, DP-na heç olmasa 100 mandat vermək lazım olduğunu söyləyirdilər. Beləcə, hər iki partiya seçki siteminin dəyişdirilməsində maraqlı olmadılar. Çünki MP-nin hər hansı vilayətdə birinci yer tutması ehtimalı yox idi. Deməli, mandatlar CHP və DP arasında bölünəcəkdi.

Hökumətin DP ilə sıx məsləhətləşmələr əsasında tərtib etdiyi yeni seçki qanunu layihəsi 1950-ci ilin fevralında parlamentə təqdim edildi. Qanun səsvermənin gizliliyi, sayımın şəffaflığı, komissiyaların müstəqilliyi, bülletenlərin saxlanılması kimi müxalifətin əsas tələblərini nəzərə alırdı. Təkcə MP-nin istədiyi proporsional sistem yox idi. Müzakirələrdən sonra CHP və DP qanunun lehinə, MP isə əleyhinə olmaqla qəbul edildi.

***

Seçki kampaniyasının əvvəlində önəmli hadisə baş verdi. Qurtuluş savaşının qəhrəmanı, Atatürkdən savayı Türkiyə Cümhuriyyətinin yeganə və son marşalı, Millət Partiyasının lideri Fevzi Çakmak səhhəti üzündən İstanbulda xəstəxanaya yerləşdirildi. Həmin vaxt İstanbulda olan İnönü marşalı ziyarət etmək istədi, amma Çakmak qəbul etmədi. Bəzi mənbələrdə bunu səhhəti səbəbindən baş verdiyi yazılır.

Bir neçə gündən sonra, aprelin 10-da Çakmak vəfat etdi. Amma rəsmi orqanlar buna heç bir reaksiya vermədilər. Hətta radioda musiqilər dayandırılmadı. Dəfni üçün də rəsmi mərasim təşkil olunmadı. Belə olduqda, Cakmakın dəfnini xalq öz üzərinə götürdü.

Aprelin 12-də baş tutan dəfn mərasimində 100 mindən artıq insan iştirak edirdi. Onlar Türkiyədə artıq 18 ildir qadağa altında olan ərəbcə azan oxuyaraq və təkbir səsləndirərək marşalın cənazəsini kilometrlərlə çiyinlərində daşıdılar və Eyüp Sultan məzarlağında dəfn etdilər.

***

Seçki vaxtından bir qədər əvvələ, mayın 14-nə təyin olunmuşdu. Demokrat Partiya seçkilərdə "Yetər, söz millətindir" yazılan, dayanmaq işarəsi verən əl şəkli çəkilən plakatı ilə gedirdi. Bu plakat Türkiyə seçkiləri tarixinə yəqin ki, ən uğurlu plakatdır. Millət Partiyası isə cəmi 22 vilayətdə namizəd irəli sürmüşdü.

Demokrat Partiyasının seçkilərdəki şüarı

Demokrat Partiyasının seçkilərdəki şüarı

Source: Foto: Demokrat Parti

İnönü son illər yürütdüyü bitərəf prezident mövqeyin seçkilərdə davam etdirmədi.O, seçki kampaniyasına qoşuldu və getdiyi hər yerdə böyük izdihamla qarşılandı. Bu hal CHP-lilərin qələbəyə inamını bir qədər də artırdı. Hamı ən azı 60% səs toplayacaqlarını deyirdi. İstanbulda keçirilən mitinq bu baxımdan xüsusilə diqqətəlayiqdir.

Mayın 9-da Taksim meydanında onminlərlə insan toplaşmışdı. İstanbul valisi və bələdiyyə başqanı Fahrettin Kerim Gökay prezidentə söz verməzdən öncə əli ilə insanları göstərərək "İşte, paşam, İstanbul" söylədi. Ertəsi gün bütün qəzetlər bu başlıqla çıxdı. Amma mitinqdən beş gün sonra baş tutan səsvermədə CHP ölkə üzrə ən az səsi məhz İstanbulda topladı, cəmi 24, 3%. Mitinq zamanı bəlkə də olduqca uğurlu ifadə təsiri bağışlayan "İşte, paşam İstanbul" sonralar istehza hədəfi oldu və Türkiyədə indi də seçki kampaniyaları zamanı istifadə olunur.

Mayın 14-də CHP təkcə İstanbulda deyil, bütün Türkiyədə ağır məğlubiyyətə uğradı. Seçicilərin 89,3%-nin iştirak etdiyi seçkilərdə DP 4.391.694 (55,2%) səs topladı. CHP isə cəmi 3.148.626 (39,6%) səslə kifayətlənməli oldu. Marşal Çakmakın dəfn izdihamından ruhlanan MP da amansız məyusluq yaşadı: 368.537 (4,6%) səs.

Seçki sisteminin özəlliyinə görə isə qazanılan mandatlar arasında fərq daha böyük idi. Parlamentdəki 487 yerdən 416-ı DP-dən olanlar çatdı, CHP 69, MP isə cəmi 1 mandata yiyələndilər. Daha bir mandat da müstəqil namizədə çatdı. Başqa sözlə, DP hər 10.556 səsə görə bir mandat qazanmışdı. CHP-yə bir mandat üçün 45 632 səs lazım olmuşdu, MP topladığı bütün səslərin müqabilində cəmi bir mandat qazandı. Əgər proporsional sistem olsaydı, partiyalar arasında madatlar təxminən belə bölünəcəkdi: DP 270, CHP 194, MP 22 və 1 müstəqil.

Onu da qeyd edim ki, bəzi mənbələrdə DP-nin seçkilərdə 408 mandat qazanması göstərilir. Bu zaman DP siyahısından seçilən, amma partiya üzvü olmayan 8 nəfər ayrı göstərilir. Zənnimcə, bu doğru deyil. Hazırda Türkiyə Yüksek Seçim Kurulunun saytında da yer alan 416 rəqəmi daha doğrudur.

***

Seçkilərin nəticələri elan olduqdan sonra Demokrat Partiyasının mənsubları nə qədər sevinsələr də, qəlblərində bir nigaranlıq vardı: CHP və İsmət İnönü xalqın iradəsini qəbul edib 27 illik hakimiyyəti verməyə razı olacaqlarmı? Ordu komandanlarının İnönüyə müraciət edərək istərsə, vəziyyətə müdaxilə edə biləcəklərini söyləmələri barədə xəbərlər dolaşırdı. Amma seçkilərin ertəsi gün Celal Bayarla görüşən İnönü bütün şübhələri aradan qaldırdı: iqtidar DP-na keçirdi.

Bundan sonra Türkiyənin 3-cü prezidentinin kim olacağı müzakirələri gündəmi zəbt etdi. Çünki demokratlar illərdir ki, "partiyasız prezident" müddəasını müdafiə edirdilər. Buna görə də Bayarın Baş nazir olacağı, DP siyahısından seçilən müstəqillərdən birinin də (daha çox Ali Fuat Cebesoyun adı hallanırdı) prezident seçiləcəyi təxmin edilirdi. Amma belə olmadı. Celal Bayarın prezident olmağı və DP-dan istefa verməsi qərara alındı.

Türkiyə Cümhuriyyətinin IX Məclisinin ilk iclası mayın 22-də başladı. DP-nin qurucularından Refik Koraltan TBMM sədri seçiləndən sonra prezident seçkiləri keçirildi. Əksəriyyətə malik demokratların namizədi Celal Bayar qalib gəldi. Yeni prezident and içmək üçün parlamentə daxil olanda yaddaqalan hadisə baş verdi.

1946-cı ildə üçüncü dəfə prezident seçilən İnönü Məclisə daxil olarkən CHP-lilər onu ayaq üstdə alqışlamış, DP-lilər isə ayağa qalxmamışdılar. Onlar bu davranışlarını sonralar "Məclis heç kimin önündə qalxmamalıdır" iddiası ilə müdafiə etdilər. CHP-lilər isə hamının "dövlət rəisi" olan prezidentə hörmət etməli olduğunu bildirirdilər.

İndi Bayar Məclisə daxil olanda CHP üzvü olan deputatlar sözlərinə sadiq qalaraq ayağa qalxdılar, amma əl çalmadılar. DP üzvləri də öz sözlərini pozmadılar. Bayarı coşğu və alqışlarla, amma oturaraq qarşıladılar.

Bayarın Fuat Köprülünü Baş nazir təyin edəcəyi gözlənilirdi. Hətta xatirələrində Menderesin kabinetinə gələrək Köprülünü Baş nazir təyin etməsini xahiş etdiyini yazır. Amma Bayar ona "Xeyr, Adnan bəy. Baş nazirim də, partiyanın genel başqanı da siz olacaqsınız" cavabını verir. Fuad Köprülü də hökumətdə xarici işlər naziri vəzifəsini tutdu.

İsmət İnönü isə Cümhurbaşqanının iqamətgahı olan Çankaya köşkündən yığışaraq Pembe köşk kimi tanınan şəxsi evinə köçdü. Burada ABŞ-da fizika üzrə təhsil alan oğlu Erdaldan məktub aldı. Oğlu seçkiləri uduzmasından dolayı atasına təsəlli verir və yazırdı: "Nəticə etibarilə, ölkəmizdə demokratiya olduğunu isbat edəcək kəsin olay düzgün, hadisəsiz bir iqtidar dəyişikliyini keçirməkdi. Bunu edə bilsək, bu seçkilərin həqiqətən də ən böyük zəfərimiz olduğu anlaşılacaq. Gerisinin nə əhəmiyyəi var, canınız sağ olsun"

İsmət İnönü cavab məktubunda yazırdı: "Niyə uduzduq? İnsaflı, insafsız, min bir səbəb var. Amma ən başda gələni dəyişiklik arzusudur. Bu da millətlərin ən məsum, ən təbii arzularıdır... Bu seçim ölkəmizdə yeni bir həyat tərzi qurmaq üçün girişdiyimiz təşəbbüsdə nə qədər ciddi və səmimi olduğumuzu isbat etmişdir. Ölkəmiz üçün, hamımız üçün şərəf olmuşdur".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/0ymboe

Most Viewed