Tofiq Yaqublu

Source: Meydan TV

Caption: Tofiq Yaqublu

Tofiq Yaqublu: Top indi sizin meydandadır, qərar verin

Siyasi fəalın avtomobili hələ də polis idarəsində saxlanılır

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu 17 günlük aclıq aksiyasından sonra həbsdən buraxılsa da, onun məhkəməsi davam edir. T.Yaqublunun 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə baxılır.

Oktyabrın 29-da keçirilən məhkəmə iclasında T.Yaqublunun vəkilləri onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, avtomobilinin və telefonunun qaytarılması və s. haqda vəsatətlər qaldırıblar.

Vəkil Elçin Sadıqov bildirib ki, Nizami Rayon Məhkəməsində T.Yaqublunun işinə baxılarkən onun müdafiə hüququ pozulub. İfadə vermək onun hüququ olsa da, buna şərait yaradılmayıb. Vəkil apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Müdafiəçinin sözlərinə görə, birinci instansiya məhkəməsində hərtərəfli, obyektiv araşdırma aparılmayıb.

T.Yaqublu bu ilin martında həbs olunandan onun avtomobili də polis idarəsində saxlanılır. Vəkil ailənin ehtiyacı olduğunu vurğulayaraq, onun qaytarılması barədə qərar çıxarılmasını da istəyib: “Siz məhkəmə prosesini davam etdirə bilərsiz, amma maşın qaytarılar. Avtomobilin qaytarılmasının bu prosesə aidiyyəti yoxdur”.

Digər vəkil Aqil Layıc cinayət işinin materiallarına istintaq başa çatandan sonra sənədlər əlavə edildiyini, işin saxtalaşdırıldığını bildirib. Onun sözlərinə görə, iş materialları T.Yaqubluya kağız versiyasında, vəkillərə isə elektron formada təqdim olunub. Müqayisə zamanı onların arasında kəskin fərqlər aşkarlanıb. A.Layıc hakimlərin də müqayisə aparması barədə vəsatət qaldırıb.

Vəkilin sözlərinə görə, bu cinayət işinin əsassız olduğu hər səhifəsindən görünür.

“Avtomobil də, telefon da qaytarılmalıdır. Telefon qaytarılmamasının ümumiyyətlə, heç bir məntiqi yoxdur. Sübut kimi də tanınmayıb. Niyə saxlayıblar, bilinmir”, - A.Layıc bildirib.

T.Yaqublu vəkillərinin vəsatətlərini müdafiə edib. Cinayət işinə xitam verilməsi haqda vəsatətə münasibət bildirən siyasi fəal onun həbsinin siyasi sifarişin nəticəsi olduğunu bir daha vurğulayıb: “Bu işin siyasi sifariş olması hamıya bəllidir. Elə bütün proses də ona görə saxtakarlıqlarla müşayiət olunub. Sifarişi icra etmək üçün hər şey ediblər. Əvvəl müstəntiq saxtakarlıqlar etdi. Sonra məhkəmə saxtalaşdırma prosesini davam etdirdi. Maşın məsələsinə gəlincə, bəli, mənim ailəmin ona ehtiyacı var. Maşınla bağlı siyasi qərar yoxdur, heç olmasa, onu qaytarın, göstərin ki, hakim olaraq, müstəqilsiniz. Məhkəmə də davam etsin. Bu, həm də insanlıq məsələsidir. Mənim oğlum hərbi xidmətdədir, cəbhədə, döyüşlərdədir. Hər an hər şey ola bilər. Top sizin meydandadır, buyurun, qərar verin”.

Prokuror cinayət işinə xitam verilməsi, avtomobilin qaytarılması barədə vəsatətlərə etiraz etsə də, şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması məsələsinə “yox” deməyib. Amma Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası bu məsələ də daxil, müdafiəçilərin vəsatətlərinin heç birini təmin etməyib.

Məhkəmə prosesi noyabrın 12-nə qədər təxirə salınıb.

T.Yaqublu bu il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.

Nizami Rayon Məhkəməsi sentyabrın 3-də bu ittihamla T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən T.Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra T.Yaqublu aclığı dayandırıb.

T.Yaqublu özünü təqsirli bilmir. Şəxsən Prezident İlham Əliyevin sifarişilə saxta ittihamla həbs olunduğunu bildirir. Onun sözlərinə görə, nə avtoqəza törədib, nə də kiməsə qarşı xuliqanlıq edib. Ümumiyyətlə, ittihamda yazılan hadisə baş verməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/6pa0h8

Most Viewed