“Tibbi xidmət tələb edən məhbus oğluma qaşıq uddurublar”

Elmira Qurbanovanın sözlərinə görə, Vüsalın hər iki ayağında şiş yarandığına görə bu ilin yanvarında Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindən kömək istəyib.

Source: Specify Source


Məhbus anası: “Rəis müavinimənə dedi ki, generalın bacısı oğluyam, əlin hara çatır, şikayət et”

Gəncə sakini Elmira Qurbanovanın iddiasına görə, oğlu Vüsal Qurbanov Cəzaçəkmə Müəssisəsində tibbi xidmət almaq istəyib, nəticədə işgəncələrə məruz qalıb

“Bu il yanvarın 8-də zəng gəldi ki, oğlunuz onkoloji, nevroloji xəstədir, üçüncü qrup əlildir. Hər iki ayağında şiş var. Dedi, müəssisənin həkimləri baxmır. Həkimlər müəssisə rəhbərinə şikayət ediblər, onu karsa salıblar. Bundan başqa, oğlumu çılpaq soyunduraraq soyuq otaqda, əl-ayağı bağlı vəziyyətdə dəmir parçasıyla döyüblər, üzərinə soyuq su töküblər. Oğluma zorla qaşıq uddurublar. Onsuz da onkoloji xəstə olan Vüsalın vəziyyəti daha da ağırlaşıb”.

Bunu Meydan TV-yə Gəncə sakini Elmira Qurbanova danışır. Ana onkoloji xəstəlikdən əziyyət çəkən oğlu Vüsal Qurbanovun 13 saylı Cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qaldığını iddia edir.

Vüsal Qurbanov oğurluq və quldurluqda təqsirli bilinərək 2017-ci ilin yanvarında Gəncə Şəhər Məhkəməsinin hökmüylə 9 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəl 13, hazırda isə 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.


“Dedi, generalın bacısı oğluyam, mənə heç kim bata bilməz”

Elmira Qurbanovanın sözlərinə görə, Vüsalın hər iki ayağında şiş yarandığına görə bu ilin yanvarında Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindən kömək istəyib. Nəticədə məhkumla məntəqənin həkimləri arasında mübahisə yaranıb. Buna görə o, 15 sutkalıq “kars”a salınıb. Ana iddia edir ki, məsələ bununla da bitməyib, oğluna işgəncələr verilib. Vüsal bu barədə ailəsinə yanvarın 8-də telefon danışığında məlumat verib:

“Yanvarın 11-də 13 saylı Cəzaçəkmə Müəssisəsinə getdim, rəis müaviniylə görüşdüm, onlardan şikayət edəcəyimi bildirdim. O isə “mən burda elə-belə oturmamışam, generalın bacısı oğluyam, əlin hara çatır, get”, – dedi”.


“Qaşıq mədəsindən çıxarılsın”

Ananın sözlərinə görə, o, müavinlə görüşdükdən sonra müəssisədəki Rübail adlı başqa bir məhkum da” kars”a salınıb:

“Müavin dedi ki, biz bilirik, sənə oğlun yox, Rübail adlı dustaq zəng vurub, o da cəzasını alacaq. Mənsə israr etdim ki, evə zəng vuran elə oğlum özü olub. Gəncəyə qayıdandan sonra xəbər aldım ki, həmin dustağa işgəncə verilib, o da işgəncələrdən dünyasını dəyişib”.

Ana iddia edir ki, 3 ay əvvəl oğluna uddurulan qaşıq hələ də onun mədəsindən çıxarılmayıb və nəticədə oğlunun vəziyyəti günbəgün pisləşir. O, oğlunun təcili əməliyyat olunmasını istəyir. Elmira Qurbanova buna görə Prezident İlham Əliyevə də müraciət edib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri təkzib edir:

“Bu məsələ ilə bağlı məhbusun anası ilə də söhbət etmişik. Vüsal Qurbanova qarşı heç bir təzyiq, problem yoxdur. Qaldı rəis müavininin “generalın bacısı oğluyam” deməsinə, bu da yalandır. Bizdə heç kim cürət edib o sözü deyə bilməz”.

Ana səhifəBölgə“Tibbi xidmət tələb edən məhbus oğluma qaşıq uddurublar”