Rövşən Hacıbəyli

Source: Meydan TV

Caption: Rövşən Hacıbəyli

Təltif yanlışı

Tanıdığımız və tanımadığımız xeyli müharibə iştirakçısı bu təltiflərdən kənarda qalıb

Bu gün Ordu Günüdür. Fərqli bir ovqatda qarşılayırıq bu günü. Tam olmasa da, qələbə sevinci yaşayırıq. Uzun illər Ermənistanın işğalında olan torpaqlarımızın bir hissəsini yenidən Azərbaycanın nəzarətinə qaytarmışıq. 44 günlük savaşda, əsgər və zabitlərimizin qanı bahasına o torpaqlara yenidən yiyələnmişik. 30 ilə yaxın bir həsrətə son qoyulur, bərpa-quruculuq işləri başlayıb, yaxın illərdə qaçqınlarımız yenidən öz yurdlarına qayıdacaq; Şuşasına, Ağdamına, Füzulisinə, Ağdərəsinə, Kəlbəcərinə, Qubadlısına... Verilən vədlər doğrulsa...

İyunun 24-də prezident İlham Əliyev hərbi qulluqçuların təltif olunması ilə bağlı sərəncam imzalayıb. Qarabağ savaşında iştirak edən və etməyən bəzi şəxslər mükafatlandırılıb. Belə təltiflər müharibə qurtarandan sonra da olmuşdu. O zaman xeyli müharibə iştirakçısı təltifdən kənarda qalmışdı. Narazılıqlar vardı. Ancaq onlara bildirilmişdi ki, dəqiqləşdirmələr aparılır, müharibədə iştirak edən, şücaət göstərən heç kəs diqqətdən kənarda qalmayacaq və növbəti sərəncamlarla onlar da layiq olduqları mükafatı alacaqlar. Məsələn, müharibənin ilk günündən zabit kimi Qarabağa aparılan Cahangir Əlibəyzadə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Onun hərbi biletində bununla bağlı qeyd də var. Bildirilib ki, başqa döyüş yoldaşları kimi komandanlıq onun da adını işğaldan azad olunan rayonlara görə mükafatlandırmaq üçün yuxarılara təqdim edib. Ancaq İlham Əliyevin iyunun 24-də imzaladığı 17 sərəncamın heç birində onun adı yoxdur. Həm də C.Əlibəyzadə tək deyil. Tanıdığımız və tanımadığımız xeyli müharibə iştirakçısı bu təltiflərdən kənarda qalıb. 24 iyun sərəncamlarından sonra təltifdən kənarda qalan müharibə iştirakçılarının sosial şəbəkələrdə və saytlarda etirazlarıyla qarşılaşırıq.

Bunun əvəzində döyüşlərdə iştirak etməyən bəzi şəxslər mükafatlandırılıb. Məsələn, istefada olan polkovnik Abdulla Qurbani Füzulinin və Qubadlının işğaldan azad olunmasına görə medalı ilə təltif olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə Ağdamın, Kəlbəcərin və Füzulinin işğaldan azad olunmasına görə medalı ilə təltif edilib. Baxmayaraq ki, müharibə başlayan kimi onu Anar Eyvazovla əvəz etmişdilər. Belə təltiflərin çox olduğu deyilir, sadəcə biz tanıdıqlarımızın adını çəkirik. Ola bilsin, hansısa kriteriyalara görə onların da bu medalı almaq haqqı var, ancaq müharibənin birbaşa iştirakçılarından sonra. Bu məntiqlə Bəxtiyar Sadıqova, Bəxtiyar Əliyevə, hətta ağcabədili, ancaq Ağdamı Ağcabədidən də çox sevən Aqil Abbasa da medal verilməliydi...

24 iyun təltiflərinin maraqlı, həm də daha çox diqqət çəkən məqamlarından biri döyüşsüz və itkisiz alındığı deyilən 3 rayonla bağlıdır. Dövlət başçısı müharibədən sonrakı əksər çıxışlarında vurğulayır ki, 3 rayonu siyasətlə, qan tökmədən, itki vermədən alıb.

İlham Əliyevin müraciəti

İlham Əliyevin müraciəti

Source: Meydan TV

İlham Əliyev: Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.

Belə bir siyasət alqışlanasıdır. Təki Qarabağla bağlı bütün uğurlarımız qan tökülmədən qazanılardı. Torpaqlarımız itki verilmədən alınardı, analarımız ağlamaz, yaxınlarımız, oğullarımız şəhid olmazdı. Çox təəssüf, belə olmadı. Rəsmi etiraf olunan 3 minə yaxın şəhidimiz var. Bu isə o deməkdir ki, Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa uğrunda şəhid olanlar həm də “döyüşsüz alınan” Ağdam, Kəlbəcər, Laçın (tam olmasa da) uğrunda şəhid olublar. Prezident özü də 24 iyun sərəncamlarıyla bunu təsdiqləyib, baxmayaraq ki, çıxışlarında əksini deyirdi.

Prezident sərəncamıyla “Ağdamın işğaldan azad olunmasına görə” medalı 3522 nəfərə verilib, onlardan 24 nəfərinə isə ölümündən sonra. Bu isə Ağdam uğrunda döyüş getdiyinin, əsgər və zabitlərimizin şəhid olduğunun təsdiqidir.

“Kəlbəcərin işğaldan azad olunmasına görə” medalı 4225 nəfərə verilib, onlardan 205 nəfərinə ölümündən sonra. Deməli, Kəlbəcər də itkisiz qazanılmayıb.

Laçın şəhəri də daxil olmaqla bir hissəsi hələ də ermənilərin işğalında olan rayon üçün də medal verilib. “Laçının işğaldan azad olunmasına görə” medalı 2642 nəfərə verilib, onlardan 26 nəfərinə ölümündən sonra...

Vətəni çiynində saxlayan oğullar, biz sizə borcluyuq; adınız çəkilsə də, çəkilməsə də, təltif olunsaz da, olunmasaz da. Qarabağı bizə siz qaytarmısız, Ordu günümüz - bayramınız, bayramımız mübarək!

Sənəd

Sənəd

Source: Yazı müəllifinin arxivindən

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/rj9xdq

Most Viewed