Təhsil naziri: Kredit birbaşa tələbəyə deyil, təhsil aldığı müəssisəyə veriləcək

Nazir həmçinin bildirib ki, kreditlər verilən zaman ilkin mərhələdə yüksək nəticələrin göstərilməsi şərti əsas götürüləcək.

Emin Əmrullayev, Foto: Azadlıq Radiosu


Emin Əmrullayev: "İlkin mərhələdə yüksək nəticə şərti əsas götürüləcək"

Təhsil Nazirliyi Təhsil Tələbə Kredit Fondunun yaranması ilə bağlı brifinq keçirib.

Nazir Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırıb.

O, çıxışı zamanı qeyd edib ki, növbəti tədris ilindən tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq.

Nazir həmçinin bildirib ki, kreditlər verilən zaman ilkin mərhələdə yüksək nəticələrin göstərilməsi şərti əsas götürüləcək.

Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı özəl və ya dövlət müəssisəsinə veriləcək.

Mayın 18-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb.

Əhalinin aztəminatlı təbəqələrinin təhsilə əlçatanlığını təmin etmək, bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə imzalanan Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib.

Fondunun nizamnamə kapitalının məbləği 80 milyon manatdır. Təhsil naziri bildirib ki, hər il bu vəsait 10 min tələbəni əhatə edəcək.

Ana səhifəSosialTəhsil naziri: Kredit birbaşa tələbəyə deyil, təhsil aldığı müəssisəyə veriləcək