Şuşa Bəyannaməsinin iqtisadi hədəfləri hansılardır?

İqtisadçı deyir ki, daha bir məsələ isə Türkiyədən idxalın artması ölkədən daha çox valyutanın çıxması deməkdir.

Source: Specify Source


Şuşa Bəyannaməsinin iqtisadi hədəfləri hansılardır?

Natiq Cəfərli: “Əlaqələrin “anatomiyasına” rəqəmlərin işığında baxmaq lazımdır”

“Türkiyə və Azərbaycan yaxın 3 ildə qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq istəyirlər. İmzalanan Şuşa Bəyannaməsində də həmin hədəf təkrarlanırdı”.

İqtisadçı Natiq Cəfərli belə deyir.

O bildirib ki, hədəf pis deyil, sadəcə, əlaqələrin “anatomiyasına” rəqəmlərin işığında baxmaq lazımdır.

İyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.

Bəyannaməni imzalayan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu "tarixi sənəd" və "yeni dövrdəki yol xəritəsi" adlandırıblar.

Sənəddə siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyət məsələləri yer alıb.

Sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılacağı, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər görüləcəyi, iki ölkə arasında ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəf götürülüb.

Natiq Cəfərli deyir ki, bu ilin mart ayında Azərbaycanla Türkiyə arasında 15 sənəd imzalanmışdı, sənədlərdə diqqətçəkən məqamlardan biri də yaxın 3 ildə qarşılıqlı ticarət dövriyyəsinin 15 mlrd. dollara çatırılması hədəfi idi.

Şuşa Bəyannaməsində də bu, əksini tapıb: “2020-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4 mlrd. 170 mln. dollar olub, Azərbaycan Türkiyəyə 2, 598 mln. dollarlıq mal ixrac edib (ümumi ixracın 18,9 faizi), Türkiyədən 1 mlrd. 563 mln. dollarlıq (ümumi idxalın 14,5%-i) mal-məhsul idxal edib”.

İqtisadçı bildirib ki, 2021-ci ilin ilk 5 ayının ticarət dövriyyəsinin detallarına baxanda görünür: “Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 1 mlrd. 207 mln. dollarlıq (ümumi ixracın 16,2%-i) mal-məhsul ixrac edib. Bu ixracın 98 mln. dollarını xam neft, 805 mln. dollarını isə təbii qaz təşkil edib. Türkiyə isə bu ilin ilk 5 ayında Azərbaycana 660 mln. dollarlıq (ümumi idxalın 15%-i) mal-məhsul ixrac edib”.


Bəs 15 mlrd. dollarlıq ticarət dövriyyəsinin perspektivləri nədir?

Natiq Cəfərlinin sözlərinə görə, ötən illərin təcrübəsi və bu ilin ilk 5 ayının nəticəsi deməyə imkan verir ki, Azərbaycanın Türkiyəyə ixrac potensialı məhduddur – maksimum qaz və neft ixracını bir az artıra, ixracı yaxın 3 ildə təqribən 4 mlrd. dollara çatdıra bilər:

“Deməli, faktiki olaraq əgər 15 mlrd. dollarlıq ticarət dövriyyəsi hədəfi reallaşsa, Azərbaycan Türkiyədən 11 mlrd. dollarlıq mal-məhsul idxal etməlidir. Xatırladım ki, Azərbaycanın 2020-ci ildə bütün ölkələrdən idxalı 10 mlrd. 730 mln. dollar olub. Yəni əgər 15 mlrd. dollarlıq hədəf tutacaqsa, biz elə tək Türkiyədən 2023-cü ildə 11 mlrd. dollarlıq mal-məhsul idxal etməliyik. Bu isə real görünmür, daha ötəsi, əgər hətta reallaşsa belə, bizim daxili bazarın alıcılıq qabiliyyəti o qədər deyil. Yəni Türkiyə bizdə 11 mlrd. dollarlıq mal satmaq istəyirsə, bizim camaatın qazancları, alıcılıq qabiliyyəti indikindən 2-3 dəfə artıq olmalıdır ki, o da bu hökumətlə, bu sistemlə mümkün deyil”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı deyir ki, daha bir məsələ isə Türkiyədən idxalın artması ölkədən daha çox valyutanın çıxması deməkdir. Bu isə manata basqıların artması ilə nəticələnəcək, lirə zatən ucuzdur, ucuzlaşması daha da artacaq (bunun səbəbləri çoxdur, ayrı mövzudur), zatən Türkiyədən idxal daha cəlbedici hala gəlib, deməli, Azərbaycanda yerli istehsalın yaranması perspektivi də xeyli azalır:

“Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin yüksəlməsi lazımdır, buna sözüm yox, amma Azərbaycan üçün daha önəmli olanı birgə müəssisələrin yaradılması istiqamətidir. Türkiyənin yüngül sənaye (tekstil), mebel, məişət texnikası və s. sahələrin istehsalında böyük potensialı və təcrübəsi var. Əsasən də işğaldan azad edilən regionlarda böyük tekstil fabriklərinin, yeni sanəye müəssisələrinin yaradılması istiqaməti üstünlük təşkil etməlidir. Bu, həm yeni iş yerləri, həm də Azərbaycan üçün yeni ixrac potensialı deməkdir”.

Natiq Cəfərli bildirir ki, Azərbaycanın ciddi logistik və coğrafi üstünlüyü var. Türkiyədən geyim almaqdansa, bunun üçün valyuta xərcləməkdənsə, qardaş ölkə ilə birgə müəssisələr açıb Azərbaycandan Rusiyaya, Orta Asiya ölkələrinə, Ukraynaya tekstil, mebel, məişət texnikası (Türkiyə brendləri ilə birgə) ixrac etmək daha məntiqli və doğru yoldur: “Pambığı xammal kimi satmaqdansa, ondan pal-paltar istehsal etmək daha yaxşıdır. Məncə, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasındansa, birgə istehsalın genişlənməsinə daha çox önəm verilməlidir”.

Şuşa Bəyannaməsində həmçinin Azərbaycan və Türkiyəni birləşdirən "Zəngəzur dəhlizi"nin açılması, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi məsələlər də yer alır.

Ana səhifəİqtisadiyyatŞuşa Bəyannaməsinin iqtisadi hədəfləri hansılardır?