Sünnətin qanlı tarixi

Qanlı mərasimlər – I yazı

Source:
Sünnət, arxiv foto
Sünnət, arxiv foto


Qanlı mərasimlər – I yazı

Azərbaycan kulturasında “xeyir iş” adlanan iki xüsusi vazkeçilməz, həyati məzmun daşıyan mərasim var: “kiçik toy” və “böyük toy”.

Bu “xeyir iş”in kiçiyini – sünnət kimi travmatik qanlı kultu toyla əlaqələndirib ona “kiçik toy” adı qoymaq tək bizə xas deyil. Bir çox türk xalqında da sünnətin “toylu” adlandırmaları var: məsələn, qazaxlarda “çuçak tuy”, türkmənlərdə “xatna toy”, “ul toyu”, “çuk toyu”, özbəklərdə “oqil toyu”, “ul toyu”, “kiçkina toy” və s. deyirlər.

“Kiçik toy”u olmamış bir kişi xeylağına “böyük toy” edilməsi demək olar ki, mümkünsüzdür. Başqa cür desək, “böyük toy”a gedən yol “kiçik toy”dan keçir. “Kiçik toy” elə bir “kişilik məktəb”i sayılır ki, həmin “məktəb”in məzunu olmadan “kişi” , “bəy”, “ər”, statusu qazanmaq olmaz.

“Kiçik toy”un qəhrəmanı “balaca kişi”dən, “böyük toy”un qəhrəmanları “təzə bəy” və “gəlin”dən sonra, bu toyların xüsusi fəxri qəhrəmanları da var: kirvə və yengə. Onların əsas ortaq nöqtəsi – qan şahidçiliyidir.

“Kiçik toy”dakı şahidə – kirvəyə xeyli tabu yüklənib; “kirvə qızı ilə evlənilməz, “kirvə damının üstünə çıxmaq olmaz” və s. Səbəb? “Kirvənin üstünə qan tökülüb”.

“Böyük toy”dakı şahidin – yengənin məsuliyyəti daha ağırdır. O, “tökülən qan”a şahidlik edir (Rəsmi nikah mərasimindəki o biri iki şahid sonralar ortaya çıxıb).

Hər iki toyda qan və qanı təmsil edən qırmızı rəngli nəsnələr iştirak edir:

Yaxın zamanlara kimi “kiçik toy”un səbəbkarı olan balaca oğlana qırmızı rəngdə qız donu geyindirər, onun üzünü və üstünü qırmızı parça ilə örtərdilər.

Kirvənin qucağındakı yastığın üstünə qırmızı ipək parça sərilirdi.

Həmin qırmız parçadan bir azca kəsib uşağın alnına bağlanılırdı.

Sünnətli uşaq balaca olardısa, onu qırmızı yüyrüyə qoyardılar.

“Böyük toy”da da qırmızı rəngin rolu böyükdür:

Çayın içki kimi menyümüzə daxil olmasından sonra, elçilikdə qızın “hə”si alınanda bunun təsdiqi kimi süfrəyə tünd qırmızı şirin çay gətirilir. Əvvəllər bunun əvəzinə qırmızı rəngdə gül, ya da qırmızı reyhan şərbəti olarmış. Həmin şərbətə eşq şərbəti də deyilirmiş (Divan ədəbiyyatında bu şərbətin adamı sərxoş etdiyi yazılır. Ola bilsin ki, islamdan əvvəl bu içki qırmızı şərab imiş və hərfi mənada sərxoşedici imiş).

Ağ gəlinlik donu və duvağı dəbə çevrilənədək gəlinlik donu və gəlinlik duvağı da qırmızı rəngdə olub. İndi qırmızı rəng yalnız gəlinin belinə bağlanan qırmızı ipdə qalıb.

Qanı təmsil edən qırmızı xına ilə gəlinin əllərinin, ayaqlarının, dırnaqlarının rənglənməsinin, həmçinin gəlinin yanaqlarının, dodaqlarının qırmızı ilə boyanmasının kulturoloji kökləri də eynidir. Xına o qədər gərəkli statusa malik sayılırmış ki, hətta toy qabağı bununla bağlı ayrıca “xınayaxdı” mərasimləri keçirilirmiş (Bu mərasim son illərdə geri qayıdıb).

Gəlin xonçalarının qırmızı olması da bu rəngə yüklənən məna ilə bağlıdır.

Bir zamanlar bəyin hündür bir yerdə dayanıb gəlinin başına atdığı qırmızı alma, bəylə gəlinin alnına vurulan qurbanlıq qoyunun qanı və s. ortaq məzmuna malikdirlər.

“Qan” – təkcə toy adı verilən bu mərasimlərin, tabu olduğuna görə haqqında danışılmayan, adı çəkilməyən, qabardılmayan ünsürü deyil. Həm də bir çox dini kult və mərasim üçün də tökülməsi gərəkəndir. Məsələn, qurban bayramında heyvanın qanı axsın deyə mütləq başı kəsilməlidir, yoxsa o, haram sayıla bilər.

Yaxud, bəzi müqəddəs dini personlar üçün tutulan yaslarda bədəndən qan çıxarılmalıdır (Məhərrəmlik bunlardan biridir).

Bir zamanlar hətta adi yaslarda da üz cırılmalı, M.Füzulinin təbiri ilə desək, “gözdən qanlı su” axmalı idi (“Qan ağlamaq” ifadəsi bununla bağlıdır).

Qanı təmsil edən qırmızı rəng şənlik və bayramların da rəngidir: qırmızı Novruz yumurta və xonçaları, səməninin belinə bağlanan qırmızı ip, şənliklərdə verilən qırmızı gül şərbəti, ya da reyhandan hazırlanan qırmızı şərbət və s.

Habelə yaşlı qadınların saçlarını xına ilə qırmızı boyamaqları, zahı qadınlara verilən qırmızı rəngli şərbət, zahı qadının üstünün qırmızı örtü ilə örtülməsi və s. “qan”ın mistik gücü ilə bağlıdır.

Bir zamanlar qədim türk ellərində andiçmə mərasimləri keçirilirmiş. Belə mərasimlərdə hansısa bir bağlaşmanı bağlamaq üçün and içənlər – bardaqlarına öz qanlarını azacıq damızdırıb içərmişlər. “Andiçmə” ifadəsi bu mərasimin izidir.

“Qan” nə zamandan və nə üçün kulturoloji obyekt statusu qazandı? Ritual və simvolik mənalarda o, nəyi ifadə edir? Sünnət də daxil olmaqla mərasim və kultlarda arxa planda qalan, ancaq onların əsas motivlərindən biri olan qanın, ya da qanı təmsil edən qırmızı rəngin mənası nədir? Bu suallara cavab vermədən sünnət mərasimini izah etmək olmaz. Gələn yazımız bu haqda olacaqdır.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSünnətin qanlı tarixi