Yadigar Sadıqlı

Source: Foto: Meydan TV

Caption: Yadigar Sadıqlı

Sokolniki faciəsi

Faciədən sonra SSRİ-də saqqız istehsalına başlanıb

1970-ci illərdə SSRİ və Kanada hokkeyçiləri arasında silsilə görüşlər keçirilməsi ənənə şəklini aldı. "Superseriya" adını alan bu görüşlərdən birincisi 1972-ci ildə SSRİ yığma komandası ilə Milli Hokkey Liqasında (NHL) çıxış edən peşəkar Kanada hokkeyçilərinin yığma komandası ilə səkkiz oyundan ibarət görüş idi.

Həmin illərdə Şimali Amerikada daha bir hokkey liqası - Ümumdünya Hokkey Assosiasiyası (WHA) fəaliyyət göstərirdi. Burada çıxış edən Kanada hokkeyçilərinin yığması ilə SSRİ komandası arasında yenə də səkkiz görüşdən ibarət "superseriya" 1974-cü ildə baş tutdu.

Sonrakı illərdə də gah SSRİ yığması, gah da sovet klubları (ÇSKA, "Spartak", "Dinamo" Moskva, "Krılya Sovetov") ilə Şimali Amerika hokkeyçiləri arasında silsilə oyunlar dəfələrlə keçirildi. Haqqında söhbət açacağım hadisə də sovet və Kanada hokkeyçilərinin görüşü zamanı baş vermişdi. Amma ciddi maraq doğurmayan və əgər həmin hadisə olmasaydı indi heç xatırlanmayacaq bir görüş idi.

***

1975-ci ilin martında Kanadanın Ontario vilayətinin yeniyetmələrdən ibarət "Berry Cap" klubu sovet həmyaşıdları ilə beş oyun keçirməkdən ötrü Moskvaya gəldi. Bu oyunlardan ikisi yeniyetmələrdən ibarət SSRİ yığması, ikisi "Spartak"ın və biri də "Krılya Sovetov"in yeniyetmə hokkeyçilərinə qarşı keçiriləcəkdi.

Kanadalı gənclərin səfərinin sponsoru məşhur saqqız istehsalçısı olan "Wrigley" şirkəti idi. Hər bir hokkeyçiyə 15 kiloqramlıq qutularda saqqız verilmişdi. Razılaşmaya əsasən, oyun zamanı və oyundan sonra hokkeyçilər bu saqqızları tribunalara tullamalı, fotoreportyorlar isə onları toplayan sovet uşaqlarının sevincini çəkməli idilər. Həmin fotolardan reklam məqsədilə istifadə olunacaqdı.

Sovet İttifaqında saqqıza münasibət indiki gənclərin anlamayacağı qədər mənfi idi. Bir məktəblinin məktəbdə saqqız çeynəməsi təxminən siqaret çəkməsi kimi bir şey idi. Onu müxtəlif tənbeh tədbirləri gözləyirdi, hətta valideyni məktəbə çağırıla bilərdi. Saqqızın mədəyə ziyanı barədə də əfsanələr dolaşırdı.

Təsadüfi deyil ki, sözügedən dövrə qədər SSRİ-də saqqız istehsal olunmurdu. Üstəlik, xaricdən idxal da edilmirdi (SSRİ-də xarici ticarət dövlətin inhisarında idi). Nəticədə, saqqız həvəskarları xarici turistlərin və ya xaricə gedib qayıdan sovet vətəndaşlarının ümidinə qalmışdılar. Bu yolla isə aydın məsələdir ki, bütün tələbatı ödəmək olmazdı və saqqız SSRİ-də ən defisit mallardan biri idi.

Yeniyetmələrdən ibarət SSRİ yığması ilə "Berry Cap" arasında keçirilən və 5:1 hesabı ilə ev sahiblərinin xeyrinə bitən ikinci oyunun şahidi olan birisinin yazdığına görə, oyun zamanı kanadalılar tribunalara saqqız atır, sovet yeniyetmələri isə "göyərçin çörəyə cuman kimi onların üzərinə cumurdular, məmnun kanadalılar isə bu zaman öz fotoaparatlarını çaqqıldadırdılar".

Təsadüfi deyil ki, havayı saqqız paylayan kanadalılar barədə xəbərlər ildırım sürətilə Moskvaya yayıldı. Nəticədə, "Spartak"ın yeniyetmələrinə qarşı keçiriləcək oyuna xeyli insan, xüsusən də gənclər gəlmişdilər. Matçın keçirildiyi "Sokolniki" idman sarayında 4,5 min tamaşaçı vardı.

Amma saqqız paylanması haqqında xəbərlər hökumət orqanlarına da çatmışdı. Sovet uşaqlarının atılan saqqızların üzərinə cummaları, bu zaman izhar etdikləri sevinc və bütün bunların fotokameralara çəkilməsi məsul şəxslərin heç xoşuna gəlməmişdi. Belə görüntülər sovetin rəsmi təbliğatına heç uyğun gəlmirdi.

Sokolniki Sarayı

Sokolniki Sarayı

Source: Foto: google.ru

Buna görə də üçüncü oyuna həm də xeyli milis və onlara kömək edən könüllü drujinaçılar gəlmişdilər. Onlar atılan saqqızları yığmaq üçün uşaqlara imkan vermirdilər və özlərini "əsl sovet yeniyetməsi" kimi aparmağa dəvət edirdilər. Nəticədə saqqız arzusu ilə gələn uşaqlar möhkəm pəjmürdə olmuşdular.

Oyun 3:3 hesabı ilə bitdi və tamaşaçılar dağlışmağa başladılar. O zaman Sokolniki sarayının 4 çıxışı vardı və onlardan biri Kanada hokkeyçilərinin avtobuslarının dayandığı yerə çıxırdı. Azarkeşlərin bir hissəsi saqqız əldə edə biləcəkləri ümidilə bu çıxışa yönəldilər. Bu ümid qısa zaman ərzində şayiəyə çevrildi və artıq başqa çıxışlara üz tutan gənclər də həmin cənub-şərq çıxışına yönəldilər.

Amma rəsmilər də dövlətdən havayı maaş almadıqlarını sübut etdilər. Onlar hadisələrin belə inkişafını öncədən görmüşdülər və həmin çıxış bağlanmışdı. Baxmayaraq ki, bu, eyni adlı metro stansiyasına ən yaxın çıxış idi. Baş verən faciənin səbəbi də məhz bu məmur canfəşanlığı oldu.

Çıxışa tərəf istiqamətlənənlərin ilk cərgəsi qapıların bağlı olduğunu görüb geri qayıtmaq istərkən yuxarıdan gələn insan seli ilə qarşılaşdı. Arxada olanlar qapıların bağlı olduğunu bilmədiklərindən önlərindəkiləri itələyir, tələsdirir, tezliklə çölə çıxaraq kanadalı hokkeyçilərə yetişmək istəyirdilər.

Nəticədə irəli sıradakılar qapılara, divarlara sıxıldılar. Kimsə büdrəyib yıxıldı və arxadan göstərilən təzyiq nəticəsində başqaları da ona ilişib yıxıldılar. Yıxılanın ayağa qalxması isə artıq mümkün deyildi. Dəhşətli təzyiq nəticəsində onların nəfəs almaları çətinləşir, müxtəlif xəsarətlər, xüsusən də sınıqlar alırdılar.

Başqa çıxışlarda asayişə nəzarət edən milislərin xəbər tutaraq qapalı çıxışa gələndə və basabası aradan qaldıranda onlarla insan ağır xəsarət alaraq yerdə uzanmışdılar. Tezliklə dəhşətli həqiqət ortaya çıxdı: faciə nəticəsində 21 nəfər həyatını itirdi, onlardan 13-nü 16 yaşı hələ olmayan yeniyetmələr idilər. Daha 25 nəfər isə ağır xəsarətlər aldılar.

Aydın məsələdir ki, sovet mətbuatında bu barədə heç bir informasiya getmədi. Moskvalılar arasında xeyli şayiələr dolaşsa da, gerçək məlumatlar yalnız SSRİ dağılandan sonra bəlli oldu.

***

"Sokolniki" idman sarayının direktoru Aleksandr Borisov və iki milis zabiti yol verdikləri səhlənkarlığa görə 3 il müddətinə azadlıqdan məhrum edildilər. Direktor müavini şərti cəza aldı. Daha bir neçə nəfər vəzifələrindən çıxarıldılar. Məhkum olunanlar isə 1975-ci ilin sonlarında amnistiya aktı ilə azadlığa çıxdılar. Heyrətamizdir ki, Aleksandr Borisov tezliklə Sovet İttifaqının ən mühüm idman arenasının - "Lujniki"nin direktoru təyin olundu.

Faciədən sonra SSRİ-də saqqız istehsalına münasibət dəyişdi. Hərçənd, bir ehtimala görə, bu, 1980-ci ildə Moskvada keçiriləcək Yay Olimpiadası ilə əlaqədar idi. Əvvəlcə Yerevanda, daha sonra Rostovda və başqa şəhərlərdə saqqız istehsalı başladı. İlk sovet saqqızları iki tamda olurdular: meyvəli və nanəli. 1980-ci illərdə isə çeşid beşə çatdı: nanəli, çiyələkli, qəhvəli, portağallı və moruqlu.

Buna baxmayaraq, saqqıza mənfi münasibət ictimai şüurda hələ uzun illər hakim oldu. Elə indinin özündə də 70-80 yaşlı insanlarda həmin münasibətin təzahürlərinə rast gəlmək olar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/w2yhtv

Most Viewed