SOCAR peyvənd olunmayan əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərəcək

“Hər dəfə də deyirlər ki, müraciət çox, komissiya üzvlərinin sayı isə azdır”

Source: Meydan TV


Hüquq müdafiəçisi: “Bu qərar Əmək Məcəlləsinə ziddir”

SOCAR-ın vitse prezidenti Xalik Məmmədovun imzası ilə şirkətin bütün müəssisə və idarələrinə “əks göstəriş” sertifikatı ilə bağlı telefonoqramma göndərilib. Sənəddə yazılır ki, “əks göstəriş” sertifikatını təqdim etməyən və ya peyvənd olunmaqdan imtina edən əməkdaşlar sentyabrın 20-dən qrup halında ödənişsiz məzuniyyətə göndəriləcək. Bununla bağlı bütün şirkət əməkdaşları məlumatlandırılıb.

Şirkət əməkdaşları həmin telefonoqrammanın surətini Meydan TV-yə də təqdim ediblər. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə Meydan TV-yə deyib ki, bu sənədin 3-cü bəndi Əmək Məcəlləsinin 128, 129 və 130-cu maddələrinə ziddir:

“Məsələn, “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev əmr imzalayıb. Əmrdə göstərilir ki, peyvənd olunmamaq üçün üzrlü səbəbi olan şəxslər ayın 20-dək Səhiyyə Nazirliyində yaradılmış Komissiya tərəfindən verilən “Əks göstəriş” sertifikatı təqdim etdikdən sonra işə cəlb olunsunlar. “Əks göstəriş” sertifikatı təqdim etməyən əməkdaşlara 1-ci doza peyvəndin ayın 20-dək edilməsi tövsiyə olunsun və yalnız peyvənd olunuqdan sonra iş yerindən işə cəlb olunması təmin edilsin. “Əks göstəriş” sertifikatı təqdim etməyən və ya peyvənd olunmaqdan imtina edən şəxslər ayın 20-dən qrup halında ödənişsiz məzuniyyətə göndərilsin. Peyvənd olunmaq istəməyən və əks göstəriş ala bilməyən işçi heç bir ödəniş olmadan məzuniyyətə göndəriləcəksə, ailəsini necə dolandıracaq?”

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 5-ci hissəsinə əsasən, Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Prezidentin fərmanlarına zidd olmamalıdır. Koronavirusla əlaqədar Nazirlər Kabinetinin qərarları Əmək Məcəlləsinin tələblərinə uyğun olmalıdır, uyğun deyilsə ,Əmək Məcəlləsinin tələbləri üstün tutulur.

Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarından biri isə Meydan TV-yə deyib ki, qan xəstəliyindən müalicə alıb, müalicə həkimi ona peyvənd olunmağı məsləhət görməyib. “Əks göstəriş” sertifikatı üçün etdiyi müraciətdən ayyarım keçir, lakin ona hər dəfə sənədlərin Səhiyyə Nazirliyinə göndərildiyi cavabını verirlər: “11 saylı poliklinikaya müraciət etmişəm. Az qala hər gün nazirliyin “qaynar xətt” xidmətinə şikayət edirəm. Hər dəfə də deyirlər ki, müraciət çox, komissiya üzvlərinin sayı isə azdır. Amma iş yerində yoxlayırlar və konkret vaxt veriblər. İş yerindən deyirlər “sənin problemin bizi maraqlandırmır”, poliklinikadan da deyirlər ki, “əks göstəriş” sertifikatilə bağlı onlarla müraciət var, kimin işində hansı problem yarandığı onlar üçün əhəmiyyətli deyil. Sonuncu dəfə poliklinikadan laqeyd halda dedilər ki, çox vacibdirsə peyvənd olun. Onsuz da komissiyanın müraciətə müsbət cavab verəcəyinə çox da ümid yoxdur. Qan xəstələrinə peyvəndin əks göstəriş olub-olmadığına dair fikirlər müxtəlifdir. Ailədə 6 nəfərik, tək mən işləyirəm. İndiki zamanda işsiz qalmaqdansa, ölmək yaxşıdır”.

download.jpg
“Azəriqaz”

“Azəriqaz”dan isə bildiriblər ki, əmrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində “Azəriqaz” İB tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edilir:

“Bu tədbirlər əməkdaşların və onların fəaliyyətləri ilə əlaqədar əhali ilə sıx təmasda olunduğu üçün çoxsaylı abonentlərin səhhətinin qayğısına qalmağa yönəldilib. Əmrin 3-cü bəndinə görə yalnız “əks göstəriş” sertifikatı təqdim etməyən və ya peyvənd olunmaqdan imtina edən şəxslərin sentyabrın 20-dən qrup halında ödənişsiz məzuniyyətə göndərilməsi nəzərdə tutulur. ƏM-nin 146-cı maddəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulan şərtlərdə və qaydalarda, işin normal ahəngini pozan amillər – təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, məhz işəgötürənin təşəbbüsü ilə işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Son vaxtlarda yoluxma hallarının sayının artması birliyin əməkdaşlarına münasibətdə də təsirsiz ötüşməyib və yaranmış vəziyyət müəssisənin işinin normal ahəngini pozan ciddi təhlükə amilidir”.

Səhiyyə Nazirliyinin isə adının çəkilməsini istəməyən əməkdaşı qeyd edib ki, son bir ayda “əks göstəriş” sertifikatı üçün onlarla deyil, yüzlərlə müraciət daxil olub və hələ də daxil olmaqdadır. Buna görə də müraciətlərin araşdırılması yubanır.

Ana səhifəSosialSOCAR peyvənd olunmayan əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərəcək