Source: Meydan TV

Şiddətə məruz qaldığını deyən qadın etiraz aksiyası keçirmək istəyir

“İntihar həddindəyəm!”

Bakı sakini Səadət Səmədova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçirmək istəyir. Qadın Meydan TV-yə deyib ki, məqsədi qadınları dövlət orqanlarını şəxsən onun özünə qarşı illərlə davam edən fiziki və psixoloji işgəncələrə göz yummamağa çağırmaq, məhkəmələri bu cür hallarla bağlı ədalətsiz qərarlar verməkdən çəkindirməkdir.

S.Səmədova ali təhsillidir, 1997-ci ildə Rizvan Hüseynovla ailə qurub. Onların bu nikahdan iki övladı dünyaya gəlib – 1999-cu ildə qızı, 2001-ci ildə isə oğlu. Övladlarının ikisi də hazırda universitet tələbəsidir.

S.Səmədova 2011-ci ildə boşanıb: “Mənə və uşaqlarıma qarşı təhqirlərə, zorakılıqlara baxmayaraq, ailəmizi saxlamağa çalışdım. Lakin mümkün olmadı, ailəmiz dağıldı. Mənim illərlə zorakılığa məruz qaldığım sadəcə, söz deyil, bunun sübutları var. Dəfələrlə hüquq-mühafizə orqanlarına ərizələr yazmışam, üzərimdəki xəsarət izlərini özləri görüblər. Ona görə məcbur olub boşandım”.

Həmin vaxt onlar əmlak bölgüsüylə bağlı razılığa gəlib, 21 aprel 2011-ci ildə notarial qaydada bu barədə saziş imzalayıblar. O müqavilədə hansı əmlakın kimə məxsus olduğu göstərilib. Sözügedən sazişdən 8 il keçəndən sonra keçmiş həyat yoldaşı məhkəmədə ona qarşı iddia qaldıraraq, həmin sazişin ləğvini tələb edir.

Nərimanov Rayon Məhkəməsi sazişin ləğvi üçün iddia müddətinin ötürülməsi əsasıyla onu təmin etməyib. İş indi Bakı Apelyasiya Məhkəməsindədir, hakim Aida Hüseynin sədrliyilə araşdırılır

Keçmiş həyat yoldaşı Rizvan Hüseynov tələb edir ki, keçmiş həyat yoldaşının payına düşən əmlaka onun da istifadə hüququ tanınsın. S.Səmədova isə deyir ki, ötən 8 il ərzində R.Hüseynov öz payına düşən əmlakları satıb, bir hissəsini başqa adamların adına keçirib, indi də onun payına düşən mənzil və torpaq sahəsini tələb edir: “Mən boşananda aliment istəməmişəm, almamışam. Öz gücümə uşaqlarımı böyütmüşəm, oxutdurmuşam. Pula ehtiyacım olduğuna görə öz payımı mən də satdım. Xeyli vaxtdır başqasının olan bir əmlakla bağlı iddia qaldırıb”.

S.Səmədova hesab edir ki, keçmiş həyat yoldaşı bu yolla ondan qisas almaq, tamamilə çökdürmək məqsədi güdür.

S.Səmədovanın satdığı əmlakı almış Gülbala Cəfərov da üçüncü şəxs qismində prosesə cəlb olunub: “Bu adam hüquqi dillə desək, “vicdanlı alıcı“dır, mən satmışam, o da alıb. İndi adam o əmlaka görə məhkəmə yollarında qalıb. Buna görə özüm də utanıram. Çox təəssüf edirəm ki, illərlə işgəncə çəkmiş bir qadının tamamilə çökdürülməsinə bəzən dövlət orqanları, məhkəmələr də dəstək verir. Məndə olan məlumata görə, keçmiş həyat yoldaşım qisasçılıq planını Bakı Apelyasiya Məhkəməsinin əli ilə başa çatdırmaq niyyətindədir. Elə ona görə də etiraz aksiyası keçirib, dövlət orqanlarını, məhkəmələri bu cür ədalətsiz addımlardan çəkindirmək istəyirəm. Bakı Apelyasiya Məhkəməsi bir qadının illərlə məruz qaldığı zorakılıqlara göz yumub, onun üstəlik iqtisadi baxımdan da tam əzilməsinə dəstək verəcəksə, deməyə söz qalmır”.

S.Səmədova etiraz aksiyasının keçirilməsinə icazə almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. O, həmçinin Ədliyyə naziri Fikrət Məmmədova, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova da məktub ünvanlayıb:

“Artıq intihar həddindəyəm. Bu məktubu da sizə belə bir əhval-ruhiyyədə yazıram. Bir qadın olaraq, mənə qarşı zülmə göz yummayın, hüquqlarımın müdafiəsində mənə kömək edin!”

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dch3g9

Most Viewed