Sənədin imzalanması nəyi dəyişəcək?

Əgər sadəcə söz qarşılığında sənəd imzalanarsa, o zaman müsbətə doğru dəyişiklik gözlənilməməlidir

Source: Meydan TV


Əgər sadəcə söz qarşılığında sənəd imzalanarsa, o zaman müsbətə doğru dəyişiklik gözlənilməməlidir

Avropa Birliyi və Azərbaycan arasında imzalanması gözlənilən "üzünmüddəli münasibətləri tənzimləyəcək sənəd" haqda maraqlı diskussiyalar gedir. Bu sənədi imzalayacaq tərəf – iqtidar tam səssizliyini qoruyur, müxalifət isə ikili yanaşma sərgiləyir. Bir tərəf sənədin bu şərtlər altında imzalanmasını sonrakı dövrdə heç bir müsbət addım olmayacağı ilə açıqlayır. Digər tərəf isə bu sənədin imzalanmasından sonra siyasi açılımlar olacağına inamını bildirir. Əlbəttə, hər iki tərəfin haqlı olduğu məqamlar var. Ancaq hansı tərəfin haqlı olduğunu aydınlaşdıracaq yeganə vasitə həmin sənəddə yazılanlardır ki, hələlik bunu iqtidardan başqa heç kim bilmir.

Avropa Parlamenti 2018-ci ildə qətnamə qəbul etməklə bildirdi ki, siyasi məhbuslar məsələsi həllini tapmalı, demokratik açılımlar olmalıdır və yalnız bundan sonra Avropa Komissiyasının imzalayacağı sənəd qüvvəyə minə bilər. Burdan Avropa aşağıdakıları örnək ala və bununla da tələblərinin qismən qarşılandığını əsas tutaraq sənədin imzalanmasına nail ola bilər.

1) "Əliyevin 52 nəfər siyasi məhbusu azad etməsi həmin qətnaməyə qismən cavab verir".

Biz bunun bilincindəyik ki, 52 nəfər siyasi məhbus azad edilsə belə, həbsdə hələ də 100 nəfərə yaxın siyasi məhbus qalır və həmin məhbuslar azad edilməyincə, siyasi məhbus problemi həll olunmuş hesab edilə bilməz. Ancaq kim qarant dura bilər ki, AB tərəfi 52 nəfərlə başlayan azadlıq yolunda "davamı da gələcək" prinsipi ilə marağında olduğu sazişin imzalanmasına razı olmayacaq? Və kim qarant verə bilər ki, sazişin imzalanmasından sonra digər məhbuslar "ardı da gələcək" sözünün qüvvəsi ilə azad olunacaq?

2) "Məhkəmələrdə islahatların başlaması demokratik açılımda önəmli addımdır".

Bu fikrin tez-tez iqtidar tərəfindən gündəmə gətirilməsi də təsadüfü deyil. Bir neçə rayonda məhkəmə hakimi tutulub, vəzifəsindən kənarlaşdırılıb və s. Ehtimal ki, bunu da Avropa siyasi açılımın bir hissəsi kimi dəyərləndirə bilər (yəni sərf edir deyə).

3) "Siyasi müxalifətə qarşı yumşalma".

Burada AXCP sədrinin müşaviri Məmməd İbrahimin vaxtından əvvəl azadlığa buraxılması (hərçənd ki, M.İbrahimin şərlənməsi işinin – məhkumluğunun sonuna 12 gün qalmışdı), Mehman Hüseynovun işində "prezidentin nəzarəti ilə barışıq təklifi", ReAL Partiyası sədri İlqar Məmmədovun şərti cəzasının qalan hissəsindən azad edilməsi və s. nümunə göstərilə bilər. Yəni Avropa bunu müxalifətə qarşı yumşalma kimi qəbul edə bilər (təbii ki, onlar da hər şeyin fərqindədir, sadəcə maraqlar bunu belə qəbul etməyə sövq edir).

İndi bu durumda, Əliyev rejiminin əlavə köklü məsələlərdə ciddi söz vermədiyi halda Avropa ilə Azərbaycan arasında imzalanan saziş xeyirli olacaqmı? Məsələnin həllini bu sualda axtarmalıyıq.

Ancaq bu suala ciddi cavab verməli olan müxalif liderlər ya susur, ya da fikir yayındırır. Məsələn, dəyərli İlqar Məmmədovun öz yazısında etdiyi qeydə baxaq:

"Gürcüstan, Ukrayna, Ermənistan və Moldova ilə imzalanmış eyni növdən olan sazişdən SONRA bu ölkələrin heç birində “saxta” adlandıra biləcəyimiz seçki keçirilməyib. Orada seçki standartları ancaq yüksəliş yaşayıb və bunun bizdə də təkrarlanacağını düşünmək olar".

Cənab Məmmədov burada məsələni kökündən yanlış istiqamətə yönləndirir. Adıçəkilən ölkələrdən Ermənistan istisna olmaqla digərləri 2014-cü ilin

iyun

ayında sazişi imzalayıb. Bu, o deməkdir ki, Ukraynada inqilabsonrası prezident seçkiləri 2014-cü il

may

ayında olmuşdu və demokratik seçkilərdə Poroşenko qalib olmuş, bir ay sonra sözügedən sazişi imzalamışdı. Gürcüstanda 2012-ci il seçkilərindən sonra hakimiyyətə gələn Bidzina İvanaşvili hökumətinin iki il sonra (artıq onun yerinə

İrakli Garibaşvili

idi Baş nazir) imzaladığı sazişin seçkilərə aidiyyatı yox idi və sazişdən iki il öncə keçən seçkilər şəffaf olmuşdu. Moldovada seçki problemini xatırlamıram. Hələ sazişi imzalamazdan 3-4 il öncə Moldovada parlament hökumət qurmaqda çətinlik çəkirdi, bu dərəcədə demokratik seçkilər, seçkilərdə şəffaflıq vardı. Bu baxımdan hər hansı şərtdə “sənəd imzalansın, sonra seçkilərdə şəffaflıq olacaq” deyimi yanlışdır. Ancaq digər məsələrlə bağlı optimist olmaq hər kəsin öz işidir.

Şəxsi fikrim ondan ibarətdir ki, bu sazişin imzalanıb- imzalanmamasına 1 ay qalıb və bu müddətdə hər hansı ciddi siyasi addımın atılması zaman etibarilə mümkün deyil. Ancaq Avropa həqiqətən istəyərsə, o zaman Əliyevin qarşısına ciddi islahat (seçki, siyasi açılım, vətəndaş cəmiyyətinə əngəl olmama və s) tələbi qoya və bunu "çığırda-çığırda" ondan ala bilər. Təəssüf ki, mən buna inanmıram. Əgər sadəcə söz qarşılığında sənəd imzalanarsa, o zaman müsbətə doğru dəyişiklik gözlənilməməlidir. Hər halda sənədin müddəaları bəlli olduqdan sonra daha ətraflı analiz etmək və fikir söyləmək mümkün olacaq.

Ümid edək ki, sənədin məğzi cəmiyyətə bəlli olmadan imzalar atılmayacaq…

Ana səhifəXəbərlərSənədin imzalanması nəyi dəyişəcək?