Şamaxının Quşçu kəndində yaşayan Əzməmməd Əzməmmədov şəhid atasıdır. Oğlu Faiq Əzməmmədov 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə həlak olub.
Bu evdə o, oğlu və nəvələri də daxil olmaqla 9 nəfər yaşayır. Ev 3 otaqlı olsa da, onun yalnız iki otağından istifadə edirlər. Çünki digəri yaşamaq üçün yararsız haldadır.
O, yaşa və şəhid ailəsi olduğuna görə ayda ümumi 500 manat pensiya alır. Amma bu, 9 nəfərlik külfəti saxlamağa bəs eləmir.
“Arada ürəyim ət istəyir, amma ala bilmirəm”- deyir Ə.Əzməmmədov.
O, ailəni dolandırmaq üçün həyətində təsərrüfat yaradıb. Deyir, məhsula elə qiymət qoyurlar ki, satanda sərf eləmir.
2007-ci ildə şəhid ailələri üçün tikilən binadan bir otaqlı mənzil də Əzməmmədovlar ailəsinə verilib. 2012-ci ildə yoldaşı xəstələnəndə evi satıb onun müalicəsinə xərcləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov təklif edir ki, şəhid atası nazirliyə müraciət etsin, məsələ araşdırılsın.