"Aktrisa son altı gün qida qəbulundan imtina edibmiş"

Source: Meydan TV

Caption: "Aktrisa son altı gün qida qəbulundan imtina edibmiş"

Səfurə İbrahimovanın yaxını: Ölümünə yaxın yalvarırdı ki, mənə kömək elə

Azərbaycanın xalq artısti rəhmətə gedib

Xalq artisti, teatr və kino aktrisası Səfurə İbrahimova vəfat edib.

Bu haqda məlumatı Meydan TV-yə aktrisanın qardaşı qızı Könül İbrahimova təsdiqləyib. Dediyinə görə, mərhum iki günlük ağır qanaxmadan sonra dekabrın 21-də axşam 8 radələrində keçinib:

“Ötən ayın 22-də evində yıxılıb, iki gün huşunu itirmiş vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən mənə zəng etdilər ki, bəs bibinizdən iki gündür xəbər yoxdur. Qonşular bizə müraciət edib. İcazə verin, qapını sındırıb, evə girək. Mən də razılaşdım. Yıxılananda bərk əzilmişdi, arxasında dərin yara əmələ gəlmişdi”.

Evində huşsuz vəziyyətdə tapılan aktrisa 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Daha sonra evə buraxılıb. Qardaşı qızının dediyinə görə, Səfurə İbrahimova müalicədən, iynə-dərmandan imtina edibmiş:

“Xəstəxanadan evə gətirdik, özüm qulluğunda dururdum. Yıxılandan sonra arxasında yaranan yaraya görə şiddətli ağrıları olurdu. Tərpənə bilmirdi, mən qaldırırdım, yerini dəyişirdim, qulluğunda dururdum. Qanaxması vardı. Xasiyyəti bir az çətin idi. Həkimlər gəlirdi, dərman yazıb, resept verirdilər. Deyirdi ki, yox, istəmirəm. Dərmanlar mənə kömək etməyəcək. Çox əsəbi olmuşdu. İnsanlardan qaçırdı, bir məni qəbul edirdi. Həkim deyirdi ki, rentgenə getməlisən. Hirslənirdi ki, yox, getmirəm. Əvvəl sözə qulaq asmırdı. Ölümünə yaxın yalvarırdı ki, mənə kömək elə. Əməliyyat etdirin. Ölmək istəmirdi. Amma artıq gec idi. Qanaxma ilə də getdi. Gündə dörd-beş “Pampers” dəyişirdim. İki gün ərzində bu vəziyyətə qaldı, sonra da öldü”.

Səfurə İbrahimova və jurnalist Əli Novruzəliyev

Səfurə İbrahimova və jurnalist Əli Novruzəliyev

Source: Meydan TV

Səfurə İbrahimovanın dostu, jurnalist Əli Novruzəliyev Meydan TV-yə bildirib ki, aktrisa son altı gün qida qəbulundan imtina edibmiş:

“Ancaq su içirdi. Heç kimi yaxınına buraxmırdı. Mənimlə sirdaş, yaxın idi. 2013-cü ildən mütəmadi olaraq yanına gedirdim. Əslində, heç bir xəstəliyi yox idi. Yıxılan günə qədər sağlam idi. Hətta bir dəfə həkim çağırmışdım. Müayinə edib dedi ki, hətta cavan adamda belə saturasiya (qanımızda olan oksigen miqdarı-red) yoxdur.

Yıxılandan sonra müraciət etdim, Sosial Xidmətlər Agentliyindən xidmətçi, Səhiyyə Nazirliyindən isə həkim ayrılmışdı. Psixonevroz idi, ancaq öz-özünə danışırdı. Bəzən kimisə tanıyırdı, bəzən isə yox. Son vaxtlarda deyirdi ki, məni yaşat, sonra nə istəyirsən danışaq. Heç kimi görmək istəmirdi deyə sənət dostları da evinə getmirdi. Lakin dekabrın 27-də doğum günündə xalq artistləri Həmidə Ömərova, Xalidə Quliyeva və Hicran Nəsirova ona baş çəkməyə gedəcəkdilər. Qidmət olmadı”.

Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabrında Akademik teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. O, “Arşın mal alan”, “Dərviş Parisi partladır”, “Bizim Cəbiş müəllim”, "Qayınana", “Tütək səsi”, “İstintaq davam edir” kimi milli filmlərdə rol alıb.

Səfurə İbrahimova 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatı laureatını, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını alıb.

Qardaşı qızı Könül İbrahimovanın məlumatına görə, mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

"Bəzən kimisə tanıyırdı, bəzən isə yox"

"Bəzən kimisə tanıyırdı, bəzən isə yox"

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/g3jgey

Most Viewed