”Saxta gündəm yaratmaqla Qarabağı azad etmək olmaz”

Azər Qasımlı: ”Təsəvvür edirsiniz, öz torpaqlarımızda bizi nəzarətdə saxlayacaq kameralar quraşdırmaq istəyirlər”

Source:
Azər Qasımlı


Azər Qasımlı: ”Təsəvvür edirsiniz, öz torpaqlarımızda bizi nəzarətdə saxlayacaq kameralar quraşdırmaq istəyirlər”

“Vyanada Lələ təpə və Talış yüksəkliyini diplomatik masaya gətirib siyasi divident qazana bilmədik. Vyana danışıqları – Qarabağ diplomatiyamızın Madrid prosesindən sonra ən uğursuz prosesidir! Bundan sonra “lazım gəlsə, torpaqlarımızı hərbi yolla azad edərik” tipli sözlər insanlarda yalnız ikrah hissi oyadacaq”.

Bu sözləri REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı öz Facebook səhifəsində yazıb. Siyasi şərhçinin fikrincə, Vyanada bütün təkliflər, anlaşmalar məhz vəziyyətin olduğu kimi qalması, bir sözlə, status-kvo məsələsi ətrafında olub: “Hətta təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qeydə alınması və müşahidəçilərin artırılması təklif olunub. Təsəvvür edirsiniz, öz torpaqlarımızda bizi nəzarətdə saxlayacaq kameralar quraşdırmaq istəyirlər. Bunlar hamısı yalnız və yalnız status-kvonun saxlanmasına və Azərbaycan tərəfinin bundan sonra hərbi yolla öz torpaqlarını azad etmə cəhdlərinin qarşısını almaq məqsədilə edilir”.

Azər Qasımlı sual edir: “Niyə İlham Əliyev bunlara etiraz etmədi? Niyə o, stutus-kvonun bizə sərf etmədiyini, xalqımızın mənliyinə toxunduğunu və beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu və buna görə də ən azı Qarabağ ətrafında olan torpaqların qaytarılması təqdirdə atəşkəsə hazır ola biləcəyimizi demədi?”.

Siyasətçi diqqəti Lavrovun çıxışına çəkir: “Rusiyanın Xarici işlər naziri Lavrov da 3-5 rayon haqqında heç nə demədi. O da yalnız və yalnız atəşkəsdən və status-kvodan danışdı. Bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm: son 2 ayda Qarabağ mövzusunda yalan informasiyalar paylaşan onlarla yeni sayt peyda olub. “Rusiya 5 rayonu qaytarır”, “Zakir Həsənov “vur” əmrini verdi”, “Hərbi səfərbərlik elan edildi”, “Ermənilər Qarabağdan qaçırlar” və s. başlıqlar bu saytlar tərəfindən gecə-gündüz paylaşılır. Bu saytlar bir mərkəzdən idarə olunur və əsas hədəfləri də Qarabağ mövzusunu gündəmin əsas mövzusuna çevirməkdən ibarətdir. Bu işdə əsas məqsədləri Qarabağın azad edilməsi olsaydı, biz də dəstəkləyərdik. Necə ki, aprelin əvvəlində ordumuza açıq dəstək vermişdik! Vyana danışıqları isə bütün bu söhbətləri darmadağın etdi və göstərdi ki, nə ruslar, nə fransızlar, nə də amerikalılar üçün Qarabağ probleminin real həlli əsas gündəm mövzusu deyil.

Biz istərdik ki, Qarabağ problemi – Kerrinin, Obamanın, Ərdoğanın, Çavuşoğlunun, Ollandın, Kemeronun, beynəlxalq aləmin gündəmində olsun! Qarabağı dünyanın gündəminə gətirmək üçün isə, ilk növbədə, bunu siyasi hakimiyyətimiz istəməlidir, diplomatlarımız da bu iradəni görüb buna görə davranmalıdır. Daxili auditoriya üçün saxta gündəm yaratmaq cəhdlərilə Qarabağı azad etmək olmaz. Qarabağın azad edilməsi üçün ən azı siyasi iradə və torpaq sevgisi lazımdır!”

Ana səhifəXəbərlər”Saxta gündəm yaratmaqla Qarabağı azad etmək olmaz”