”Sahil Babayev artıq yuxarıdan gedir”

Milli Məclisin komitə iclasında özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara xəstə heyvanlar verilməsi məsələsi müzakirə edilib

Source:
Milli Məclis
Milli Məclis


Milli Məclisin komitə iclasında özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara xəstə heyvanlar verilməsi məsələsi müzakirə edilib

“Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanların qiyməti bir neçə min yazılır. Amma kəsilmək üçün bazara çıxarsan 600-700 manat qiyməti var. İndi həmin insanlar xəstə heyvanlarla özünü və ailəsini necə dolandırsınlar?”

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 24-də keçirilən iclasında deputat Araz Əlizadə deyib. O bildirib ki, sosial şəbəkələrdə özünəməşğulluq proqramı çərçivəsində insanlara xəstə heyvanlar verilməsi barədə yayılan məlumatlar düzdür.

İnsanlara hörmət etmək lazımdır

“Ölkə başçısı əlindən gələni edir, amma yerdəki məmurlar prezidentin əməyini yerə vururlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində düşünülməmiş qərar qəbul edilir. Əhaliyə yerli heyvanlar verilir. Əslində insanlara cins heyvanlar verilməlidir ki, onlar onun sayını artırıb nəticə əldə etsinlər. Nazirlik isə deyir ki, sənə verilən xəstə heyva öldüsə, bizi ver məhkəməyə. Sən öz cibindən almırsan ki, bu heyvanı, buna büdcədən cənab prezident tərəfindən pul ayrılır. Olmaz belə. İnsanlara hörmət etmək lazımdır,”- Araz Əlizadə vurğulayıb.

Araz Əlizadə
Araz Əlizadə

Deputat çıxışının sonunda Əmək və əhalinin sosial müdafiəsi nazirini də tənqid edib:

“Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz…”.

Özünüməşğulluqla bağlı dinləmələrə ehtiyac var

Komitənin üzvü, deputat Musa Quliyev də özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirib. O bildirib ki, özünüməşğulluqla bağlı dinləmələrə ehtiyac var.

Musa Quliyev
Musa Quliyev

“Sosial şəbəkədə yayılan qoca heyvan şəkillərinin nə qədər əsaslı, obyektiv olduğunu bilmirəm. Amma nazirlikdən bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünüməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək”.

Komitə sədri Hadi Rəcəbli də təklifi dəstəkləyib və bildirib ki, dinləmələr təklifi və praktikası məhz onlar tərəfindən gəlib. O vurğulayıb ki, bu sessiyada da dinləmələr keçirilə bilər.



ƏƏSMN: “Peşəkar yanaşma deyil”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Milli Məclis deputatlarının tənqidi fikirlərinə münasibət bildirib.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılır:

“Bu prosesdə vətəndaşların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir. Mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Hər hansı iştirakçı razı qalmadığı halda, həmin şəxsə yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim edilir.

Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.

Aktivlər təklif olunan minlərlə insan arasında bir neçə narazı şəxsin ola bilməsi də təbii haldır. Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin proqram iştirakçılarının 0,4 faizini təşkil etdiyi müəyyən olunub (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi 119-u üzrə). Nazirlik həmin iştirakçıların haqlı narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb. Yəni belə olduğu halda aktivlər yeniləri ilə əvəzlənir. Sonda vətəndaş razılıq əlaməti olaraq aktı imzalayır. Bu prosesin vətəndaşın razılığı ilə videoçəkilişi də aparılır”.

Məlumatda o da qeyd edilir ki, proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir. Hər hansı araşdırma aparılmadan, əsas olmadan, bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı təxribat xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil,” – nazirliyin məlumatında deyilir.

Ötən ilin sonunda

Meydan TV

özünüməşğulluq proqramına müraciət edib qısır, qoca, xəstə heyvanlar aldığını deyən fermerlərin şikayətini işıqlandırıb.

Həmçinin bu proqramdan kənarda qalan kəndlilər də

Meydan TV-

yə üz tutaraq şikayətlərini çatdırıblar.

Ana səhifəReportaj”Sahil Babayev artıq yuxarıdan gedir”