Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş cərrah Elçin Abdullayev

Source: Meydan.TV

Caption: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş cərrah Elçin Abdullayev

Sağlam insanların əsgərlikdən yayınması kimləri varlandırır?

Article was updated on :  4 October 2019

Kiçik qardaşım Qarabağ müharibəsi şəhididir. O, 1992-ci ildə Ağdərə döyüşlərində həlak olub. Biz çox yaxşı bilirik şəhidə, vətən uğrunda canından keçənə olan münasibəti.

Odur ki, ilk gündən oğlumun əsgərliyə getməsinin əleyhinə olmuşam. Düzü, özünün də marağı olmayıb. Yazıb-pozmağa meyillidir. Hərbi onun yeri deyil. Həm də hansı vətənə xidmət edəcəkdi? Əmisinə böyük hörmət qoydular, qaldı o?

Füzuli sakini yazıda adının getməməsini istəyir. Səbəb isə oğlunu hərbi xidmətdən saxlamaq üçün hərbi həkimə rüşvət verməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinə görə, rüşvət alma (passiv rüşvətxorluq) və 312-ci maddəsinə görə, rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətdir. Rüşvət almaya görə vətəndaş səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə; rüşvət verməyə görə isə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müsahibimizin sözlərinə görə, oğlunu hərbi xidmətə göndərməmək üçün o, 8000 manat rüşvət verməli olub. Deyir, bu işlər vasitəçilər vasitəsilə görülür. Onlar deyirlər ki, alınan rüşvətin hamısı özlərinə qalmır, pulun çox hissəsi Elçin Abdullayevin baş cərrahı olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş ofisinə çatır.

57 yaşlı Elçin Kərəm oğlu Abdullayev 2015-ci ildən Səfərbərlik Xidmətinin hərbi həkim komissiyasının baş cərrahıdır. Vəzifəyə keçdikdən sonra o və ailəsi dəyəri təxminən 500 000 manatla ölçülən mülklərə sahib olublar. Abdullayev bunu 30 ildən artıq həkim vəzifəsində çalışması ilə izah edir.

Ancaq onun hazırkı maaşı belə 1300 manatdan artıq deyil.

Qəhrəmanımız isə yeganə oğlunu 3 il əvvəl əsgərlikdən saxladıb. Deyir, çoxu kimi o da vaxtı çatanda oğlunu əsgərliyə göndərməmənin yollarını axtarıb. Onun sözlərinə görə, rayonlarda bu işləri görən vasitəçilər var və onları hamı tanıyır.

Adətən bu məsələləri həll edənlər sabiq hərbçilər və ya hərbidə işləyən qohum, dost-tanışı olan şəxslər olur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı sərəncamı ilə yaradılıb. Xidmət öncəki qurum kimi Müdafiə Nazirliyinə deyil, Prezident Administrasiyasına tabedir.

Səfərbərlik Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmətdə həm hərbçilər, həm də mülki şəxslər çalışır. Xidmət işçilərinin aylıq əmək haqları 700-1300 manat arası dəyişir.

“Peşman deyiləm, bu vətənə xidmət etməyə dəymir” - Oğlunu hərbi xidmətdən saxlatdıran valideyn

Müsahibimiz deyir ki, oğlu 2016-cı ildə hərbi xidmətə çağırılıb. O, oğlunu əsgərliyə göndərməmək üçün regionda vasitəçi axtarmağa başlayıb.

Vasitəçi ilə görüşdən bir neçə gün sonra ona telefon vasitəsilə 5000 manat rüşvət verməli olacağını deyiblər. Növbəti bir neçə gün ərzində isə ona əlavə 3000 manat da verməli olduğu deyilib.

Dövlət Statistika Komitəsi deyir ki, hər il hərbi xidmətə nə qədər əsgərin getdiyi barədə məlumatlar məxfi hesab edildiyindən ictimaiyyətə açıqlanmır.

Ancaq o dəqiqdir ki, Azərbaycanda ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında çağırış olur. Hər yeni çağırışda ölkənin bütün regionlarında hərbi həkim komissiyaları yaradılır. Burada gənclər həkim müayinəsindən keçir. Onların hərbiyə yararlı olub-olmaması müəyyənləşdirilir. Qan analizi, rentgen və vərəm xəstəlikləri üzrə xüsusi müayinələr isə şəhər xəstəxanalarında aparılır.

Müsahibimizin oğlu hərbi həkim komissiyasında düz ayaq diaqnozu alıb: “Buna görə nə az, nə çox 8 minim çıxdı. Sonrakı 3 mini borc-xərclə, birtəhər topladım. Uzun müddət borc qaytardım. Beləcə, oğlumu əsgərlikdən saxlatdım.

Peşman deyiləm, bu vətənə xidmət etməyə dəymir”.

O, qardaşını müharibədə itirdikdən sonra yetərsiz dövlət qayğısından narazılığını ifadə edir. Deyir, şəhid ailəsinin buna görə aldığı birdəfəlik müavinət 11 000 manat və aylıq 300 manatdan ibarətdir (yeni sərəncam imzalananadək aylıq müavinət 2019-cu ilədək 242 manat olub - red.)

Baş cərrah vəzifəyə gəldikdən sonra maddi durumu yaxşılaşıb

E.Abdullayev 15 ildən çox Bakıda Asif Məhərrəmov küçəsində yerləşən 20 saylı dövlət xəstəxanasının travmatologiya şöbəsində çalışıb. 2018-ci ilədək onun adı işçilər siyahısında, həftədə 2 dəfə gecə növbələrində getsə də, onun əvəzinə, növbələrə başqa bir həmkarı çıxıb.

Xəstəxanada işçilərin aylıq maaşları 250-500 manat arasında dəyişir. Cərrah isə əməliyyatdan asılı olaraq 100-150 manat əlavə də ala bilir.

2015-ci ildə Elçin Abdullayev Səfərbərlik Xidmətinin Hərbi Tibbi Komissiyasına baş cərrah təyin edilib.

“Məni bu işi görmək üçün müvəqqəti ezamiyyətə göndərdilər. Sonra işimi bəyənib, həmişəlik saxladılar” - deyə, Abdullayev bildirir: “İllərdir xəstəxanada çalışan peşəkar bir həkiməm. Səhiyyə Nazirliyi özü mənə təqdimat verib”.

Abdullayevin sözlərinə görə, bütün müvafiq hesabatlar birbaşa olaraq ona göndərilir: “Sadədir, tibbi müayinə zamanı vətəndaşın hər hansı bir xəstəliyi aşkar edilirsə, o, hərbi xidmətə yararlı hesab olunmur, yox, əgər sağlamdırsa, hərbi xidmətə göndərilir”.

Etibarnamələr

Etibarnamələr

Source: Meydan.TV

Abdullayev onu da qeyd edir ki, bəzən o, bu işlərdə digər həmkarları ilə də məsləhətləşir:

“Komissiyanın tək üzvü mən deyiləm. Əgər ehtiyac yaranırsa və ya çağırışçının istəyinə uyğun başqa həkimin müayinəsindən keçməsi də mümkündür. Kimsə mənim verdiyim diaqnozla razı olmaya bilər. Vətəndaş mənə inanmırsa, ikinci dəfə müayinədən keçmək istəyirsə, təbii ki, digər həkimlər onu bir daha müayinədən keçirə bilərlər”.

Komissiyadan olan mənbənin sözlərinə görə, həkimlərin aylıq əmək haqları 750-1300 manat arasında dəyişir.

Abdullayev, 2003-cü ildə Yeni Yasamalda 30 kvadratmetrlik ev alıb. 2008-ci ildə isə 2000-ci il istehsalı olan « Mercedes » 240 minik markalı avtomobil.

Ailə 2016-cı ilin sentyabrınadək həmin evdə yaşayıb. Elçin Abdullayev çalışdığı 20 saylı xəstəxanadan Səfərbərlik Xidmətinin hərbi həkim komissiyasının baş cərrahı vəzifəsinə təyin edilənədək ailənin yalnız bir maşını olub.

Baş cərrahın xanımına aid olan evin sübutu

Baş cərrahın xanımına aid olan evin sübutu

Source: Meydan.TV

Yeni vəzifəyə gəldikdən sonra Abdullayevlərin maddi durumu yaxşılaşıb. Onlar ümumilikdə yarım milyon dəyərində olan iki böyük ev və digər mülklərə sahibləniblər.

Elçin Abdullayev bu mülklərinin hamısını öz adına almayıb. O, mülkləri ailə üzvləri və qohumlarının adına almağa üstünlük verib.

Beləliklə, 2016-cı ildə Qəbələnin Nohurqışlaq kəndində həyat yoldaşı Mülayim Vəliyevanın adına 10 sot torpaq sahəsi alıb. Dəyəri 40 000 manat olan torpaqda növbəti il villa tikdirib. Hazırda sözügedən ev günlük icarə üçün “Booking” və “Airbnb” kimi otel-ev axtarış saytlarında yerləşdirilib. Saytlarda evin adı “Vusal House” kimi gedir (Vüsal Abdullayev E.Abdullayevin oğludur - red.)

Baş cərrahın xanımına aid olan digər evin sübutu

Baş cərrahın xanımına aid olan digər evin sübutu

Source: Meydan.TV

“30 ildir ki, işləyirik, indi deyirsiz bizim heç nəyimiz olmasın?” - Baş cərrah Elçin Abdullayev

Mülayim Vəliyevanın adına olan daha bir ev isə Mehdiabadın Bağlar Massivi 084-dədir. Burada Abdullayevlər altı sotluq torpağı 42-48 000 manat civarında alıblar. Sonra isə burada ev tikdiriblər. 2018-ci ildə isə ailə bu kənddən əlavə 6 sot torpaq sahəsi də alıb. Həmin sahəni tikilmiş evə birləşdiriblər.

2017-ci ildə Elçin Abdullayev daha iki avtomobil alıb. Biri “Hyundai Grand Santa Fe“, digəri isə “Hyundai Tucson”dur. Avtomobilin biri Təranə Ələkbərovanın, digəri isə Rövşən Ələkbərovun adına olsa da, onlar maşınları etibarnamə ilə E.Abdullayevin özünə və oğlu Vüsal Abdullayevə istifadəyə veriblər. Ələkbərovlar isə Abdullayevin xalası qızı və xalası oğludur. Maşınlar birgə olaraq təxminən 40 000 ABŞ dollarına alınıb.

Abdullayevlər ailəsinin avtomobilləri

Abdullayevlər ailəsinin avtomobilləri

Source: Meydan.TV

Ailəyə yaxın olan mənbə bildirir ki, həkimin 22 yaşındakı oğlu Vüsal Abdullayev heç yerdə çalışmır. Hazırda Qəbələdə Dövlət Sərhəd Xidmətində əsgərlik çəkir. Yaxın günlərdə qayıdacaq.

“Qızı da heç yerdə işləmir. Xanımı isə 20 ildən artıqdır ki, 3 saylı nəşr evində çalışır. Hamı bilir ki, nəşriyyatlarda maaş nadir hallarda 300 manata çatır. Bəzən isə yalnız alınan sifarişlərdən asılı olaraq az məbləğdə qonorarlar verilir”.

Xidmətdə iş sistemini yaxından bilən mənbə bildirir ki, Abdullayev düzayaq, skolioz və digər cərrahi müdaxilələrlə bağlı qərarları verəcək baş həkimdir. Sadalananlar isə vətəndaşın hərbi xidmətə yararlı və ya yararlı olmadığını əsas göstərəcək xəstəliklərdir:

“Azərbaycanın bütün şəhər və rayonlarının səfərbərlik xidmətlərinin sağlamlıq işləri ona və çalışdığı quruma tabedir. Kim əsgərliyə yararlıdır, kim yararsız, hansı zabit xəstədir, hansı sağlam, hansının təqaüd vaxtıdır və s. hamısına Elçin Abdullayev qərar verir”.

Abdullayev bildirir ki, rüşvətlə bağlı gəzən söhbətlərdən xəbərdardır: “Həyat yoldaşım və mən 30 ildir ki, işləyirik. İndi sözünüzdən belə çıxır ki, bizim övladlarımızın maşını olmamalıdır? Onların evi olmasın, deyirsiniz? Mənim evim olmamalıdır? Bu nə sualdır?”

“Azərbaycan demokratik ölkədir. Hamı işləyir və pul qazanır. Bunlar normal hallardır”.

E.Abdullayev əlavə edir ki, bəli, rüşvət haqda söhbətləri o da çox eşidib. Bununla bağlı haqqında araşdırma aparılıb, bir şey tapılmayıb: "Haqqımda Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Mehriban Əliyevaya da yazıb, şikayət ediblər. Mən təxminən bilirəm, bunu edənlər kimlərdir” - deyə, Abdullayev "iFact" müxbirinə bildirib: “Şikayətlər yoxlanılıb, araşdırılıb. Ancaq əleyhimə heç nə tapılmayıb”.

Daha iki əsgərlikdən yayınma hadisəsi

Daha bir əsgərlikdən yayınma halı isə Azərbaycanın Şimal bölgəsində olub. Bir il öncə universitet imtahanına görə əsgərlikdən qalan mənbəmiz bildirir ki, universitet imtahanından bir il kəsilib. İkinci il şansını dənəmək ona həm maddi, həm də psixoloji baxımdan ucuz başa gəlməyib.

Atası rayonlarında bu işi görən adamlarla sövdələşib, 3500 manat ödəyib. Əvəzində deyiblər ki, ayağının altının düz olması, əyripəncəlilik diaqnozu bu il çox adama verilib. Şübhəli olmasın deyə, müsahibimizə ruhi xəstə diaqnozunun qoyulması təklif edilib:

“Atam həm 3500 manat pul verdi, həm də dedilər ki, mən Bakının Maştağa qəsəbəsindəki Səhiyyə Nazirliyinin 1 saylı ruhi-əsəb dispanserində azı 1 həftə müalicə olunmalıyam. Hər şey öncədən danışılmışdı, atam məni maşınla apardı. Bizi bir nəfər qarşıladı. Deyəsən həkim idi, dəqiq bilmirəm, ancaq sonradan onu bir daha görmədim».

Müsahibimiz deyir ki, düz bir həftə burada qalmalı olub :

«Mənimlə eyni otaqda daha bir nəfər də qalırdı. Yaşlı kişi idi. Ona da nəyəsə görə bu sənəd lazım idi. O da dəli deyildi. Deyəsən təqaüdə çıxmaq üçün istəyirdi”.

Müsahibimizin sözlərinə görə, dispanserdə qaldığı bir həftə ona bir ilə bərabər olub: “Qışqıran kim, döyülən kim, bütün günü ağlayan, qəribə səslər çıxaranlar kim. Çox pis yer idi. Böyük həyətləri var idi. Mental xəstəliyi olan adamlara bütün günü o həyət-bacanı süpürtdürür, təmizlətdirirdilər. Etmək istəməyənə əl qaldırırdılar. Çox dəhşətli yerdir. Kiminin ailəsi gəlib baş çəkir, kimini isə atıblar, baxanı da yoxdur”.

Sonda isə ona əsəb xəstəsi olmağı ilə bağlı sənəd verilib və nəticədə əsgərlikdən qalmağa nail olub. Buna baxmayaraq, o, bu il də universitet imtahanından kəsilib. İndi Bakıda müxtəlif restoran və kafelərdə ofisiant işləyir. Bir az pul yığıb, Rusiyaya və yaxud Almaniyaya getməyi planlaşdırır.

Digər bir ata da oğlunu əsgərlikdən yayındırmaq üçün onu ruhi-əsəb dispanserinə göndərmək məcburiyyətində olub:

“2016-cı ildə mən də oğlumu əsgərlikdən saxlatmışam. Çünki özüm I qrup Qarabağ əliliyəm, ayağımı 1993-cü ildə Ağdərə döyüşlərində minaya düşüb itirmişəm. Heç bir iş qabiliyyətim yoxdur».

Ata deyir ki, özünün iş qabiliyyəti olmadığından oğlu taksi sürücülüyü edib, ailəni dolandırırmış :

«Ona görə də əsgərliyə getməsini istəmədim. Suraxanı rayonunda yaşayırıq. Elə buradan həkim tanışı olan bir vasitəçi tapdım. Yanımda tez-tez telefonla danışırdı, xəttin o başındakına “doktor” - deyə, müraciət edirdi. Buradan bilirəm ki, tanış həkim idi».

Ata əlavə edir ki, oğlu uşaq vaxtı yıxılıbmış. Qolunda çapıq izi yaranıbmış:

«Elə onu bəhanə göstərdik ki, əqli çatışmazlığı var, intihara meyillidir. Hərbi xidmətdən yayındırmaq üçün 2900 manat pulumuz çıxdı. Pulu vasitəçiyə verdik, o aparıb çatdırandan sonra oğlum 3 gün 2 saylı Ruhi Əsəb Dispanserində yatdı. Nəticədə hərbi xidmətdən qaldı.

Həmin vaxtdan bir il sonra oğlumu rəsmi idarələrdən birində sürücü kimi işə düzəltmək istədik. Dedilər, "əsgərlikdən dəli adı ilə qaldığı üçün, bu, mümkün deyil". Bilmədik nə edək. Məcbur oldum, yenidən gedib həmin adamla danışdım; peşman olduğumu, oğlumun əsgərliyə getməsini istədiyimi bildirdim. Həmin vasitəçi yenidən gedib kimlərləsə danışdı. Dedilər, « dəli adı ilə əsgərlikdən qalmış birini yenidən əsgərliyə göndərmək çətin söhbətdir ».

Ona görə bu məsələni yenidən həll etmək üçün 2500 manat da istədilər. Birtəhər, zülmlə tapıb ödədim. Yenə gedib əvvəl yatdığı dispanserdə 3 gün qaldı. Məsələ həll edildikdən sonra oğlum getdi əsgərliyə. Hərbi xidmətini bir il yarım Naxçıvan Muxtar Respublikasında çəkdi” - deyən, ata, oğlunun bir müddət öncə evə qayıtdığını bildirdi.

Əsgərlikdən evə qayıdan oğul hazırda hələ ki, işsizdir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  4 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/72xfx5

Most Viewed