"Xüsusən də, günortadan sonra yola çıxanların avtobus tapmayıb geri qayıtması ehtimalı böyükdür"

Source: Foto: Meydan tv

Caption: "Xüsusən də, günortadan sonra yola çıxanların avtobus tapmayıb geri qayıtması ehtimalı böyükdür"

Şabranlılar nəqliyyat problemindən şikayətçidir

Article was updated on :  13 January 2020

“Yalnız yol kənarında yerləşən kəndlərin bəxti gətirib”

Şabran rayonunun kəndlərində yaşayan sakinlər üçün rayon mərkəzinə getmək asan deyil. Buna səbəb kəndləri rayon mərkəzi ilə birləşdirən daxili marşrut avtobuslarının 25 ildən artıqdır ki, ləğv olunmasıdır. Mərkəzə yolu düşən kəndlilər ya taksidən istifadə etməli, ya da bir neçə kilometr yolu piyada getməlidirlər.

Şabran sakini Müqəddəs Məmmədov Meydan TV-yə deyib ki, yalnız Bakı-Quba yolunun üzərində yerləşən kəndlərin əhalisinin bu baxımdan bəxti gətirib. Onlar Şabrandan Qubaya hərəkət edən marşrut avtobuslarından istifadə edə bilirlər. Yoldan bir neçə kilometr aralıda yerləşən kəndlərin rayon mərkəzi ilə əlaqəsi isə ancaq fərdi avtomobili olanlar üçün mümkündür:

“Hansı kənd yolun üzərindədirsə, o kəndlərin sakinləri marşrut avtobuslarından istifadə edə bilirlər. Yoldan aralıda yerləşən kəndlərdə vəziyyət acınacaqlıdır. Hələ bəzi kəndlər də var ki, yolun üzərində yerləşir, amma girişdən kənd mərkəzinə çatmaq üçün 10 kilometr məsafə qət etmək lazım gəlir. Buna görə də, Şabran sakinləri marşrut sarıdan çox əziyyət çəkirlər. Bunun yayda cəhənnəm kimi istisi, qışda soyuğu, dizə qədər palçığı var. Kimin maşını var, gedib problemini həll edir, tərəvəzini, meyvəsini aparıb satır, kimin yoxdur, qalıb zülümdə…”.

M.Məmmədov deyib ki, hələ dayanacağa gəlib çatmaq da problemin yarısı deyil. Çünki avtobusların dəqiq qrafiki yoxdur, nə vaxt keçib gedəcəklərini heç kim bilmir. Xüsusən də, günortadan sonra yola çıxanların avtobus tapmayıb geri qayıtması ehtimalı böyükdür.

Ən çətin vəziyyətdə olan kəndlərdən biri Xırdaoymaq kəndidir. Bu kəndin mərkəzini magistral yolla birləşdirən daxili yol 7 kilometrdir. Vacib işi, xəstəsi olan və ya alış-veriş məqsədilə rayon mərkəzinə üz tutan kəndlilər üçün bu məsafəni piyada dəf etmək qeyri-mümkündür:

“Xırdaoymaq kənd məktəbində müəllimə işləyirəm. Həftədə bir neçə dəfə rayon Təhsil Şöbəsinə hansısa sənədlərlə bağlı gəlməli oluram. Bu məsafəni piyada gəlmək üçün gərək alaqaranlıqdan yola çıxım. Bunun soyuğu, şaxtası var, piyada gedib-gəlsəm, günümün çox hissəsi yollarda keçər. Ona görə də, məcburam ki, taksi ilə gedim. Kəndimizdən rayon mərkəzinə taksi 15 manata aparır. Bəzən adam olmur, tək gedib-qayıtmaq lazım gəlir. Qayıtmağı da 15 manatdan hesablasaq, rayon mərkəzinə bir dəfə gəlib-qayıtmağım mənə 30 manata başa gəlir”, -bunu işdən çıxarılma ehtimalını nəzərə alaraq adının açıqlanmasını istəməyən kənd müəllimi deyir.

"Bunun soyuğu, şaxtası var, piyada gedib-gəlsəm, günümün çox hissəsi yollarda keçər"

"Bunun soyuğu, şaxtası var, piyada gedib-gəlsəm, günümün çox hissəsi yollarda keçər"

Source: Foto: Meydan tv

Rayonun Şahnəzərli, Ərəblər, Pirəmsən kəndlərində də vəziyyət ürəkaçan deyil. Sovet dövründə bu kəndlərə işləyən marşrut avtobusları ləğv olunduğundan sakinlər yalnız çox vacib olduqda rayon mərkəzinə gedirlər. Rayon mərkəzində işləyən kənd sakinləri isə işə çətinliklə gedib çıxsalar da, geri qayıtmağa avtobus tapa bilmirlər.

“Gündüz saatlarında Qubadan Şabrana, Bakıya gedən avtobuslara əyləşib işə gələ bilirik, saat 16:00-dan sonra Qubaya gedən avtobusların hamısı qeybə çəkilir. İşdən çıxıb evə qayıdana kimi zülm çəkirik. Əslində 16:20, 17:00 və 17:40-da avtobuslar Şabran avtovağzalından Qubaya yola düşməlidirlər. Lakin bu reyslərin üçü birləşdirilərək yalnız bir avtobus 17:40-da avtovağzaldan yola salınır. Həm də bu günün sonuncu avtobusudur. Üç avtobusun əvəzinə yola çıxan avtobusdakı vəziyyəti özünüz təsəvvür edin. Bu halda oturmaqdan danışmaq belə yersizdir, bir ayağımıza yer tapanda şükr edirik...”,- Məmmədov deyir.

Şikayətçi bildirir ki, indiyə qədər yalnız Pirəbədil və Zeyvə kəndinə marşrut xətti açılıb. Buna da səbəb kəndin ayaqla gediləcək məsafədə deyil, rayon mərkəzindən təxminən 25-30 km aralıda yerləşməsidir.

Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov Meydan TV-yə deyib ki, yaxın vaxtlarda yol problem öz həllini tapacaq:

“Əvvəllər daxili marşrut xətlərini icra hakimiyyətləri tənzimləyirdi, amma yeni nizamnaməyə görə, bu məsələ Quba Regional Nəqliyyat Departamenti tərəfindən tənzimlənir. Problem rayon rəhbərliyinin nəzarətindədir. Bu günlərdə keçirilən səyyar qəbulda da kənd sakinləri kəndlərə avtubsların olmaması barədə şikayətlərini bizə çatdırıblar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavininə məktub ünvanlamışıq, yəqin ki, yaxın günlərdə bu məsələyə baxılacaq və müsbət qərar veriləcək”.

"Sovet dövründə bu kəndlərə işləyən marşrut avtobusları ləğv olunduğundan sakinlər yalnız çox vacib olduqda rayon mərkəzinə gedirlər".

"Sovet dövründə bu kəndlərə işləyən marşrut avtobusları ləğv olunduğundan sakinlər yalnız çox vacib olduqda rayon mərkəzinə gedirlər".

Source: Foto: Meydan tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 January 2020
Featured in:  
Shortlink:   http://mtv.re/riarhz

Most Viewed