Rusiyalı bloger Dilqəm Əsgərovla dəyişdirilə bilər?

“O, Rusiya və Ermənistanın himayəsi ilə fəaliyyət göstərən siyasi fiqurdu.”

Source:

“Lapşinin anası Bakıdadır və istədiyi vaxt oğlu ilə görüşə bilər.” Bu barədə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etməkdə təqsirləndirilərək həbs edilən və Azərbaycana ekstradisiya olunan bloqer Aleksandr Lapşinin vəkili Eduard Çernin xəbər verib. Bundan əvvəl A.Lapşin dövlət tərəfindən təyin edilmiş vəkili Səfər Hüseynovdan imtina edib. Bu barədə “Trend”-ə vəkil Səfər Hüseynov özü məlumat verib. Hazırda Aleksandr Lapşin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Üç ölkənin- Rusiya, İsrail və Ukraynanın vətəndaşı olan Aleksandr Lapşinin həbsi, məhkəməsi, sonra da Azərbaycana ekstradisiyası böyük müzakirə və mübahisələrə səbəb olub. Onunla bağlı əvvəl Rusiya, sonra İsrail, sonda da Ukrayna rəsmi açıqlamalar verib.

İsrail, öz vətəndaşının tutulmasını soyuqqanlı şəkildə şərh edərək, onun mühakiməsini izlədiyini bildirib. Rusiya isə tam əksinə, əvvəl aqressiv, sonra ultimatum tipli bəyanatlar yayıb. Rusiyanın XİN başçısı Sergey Lavrov qəzəbli bəyanatla çıxış edərək, A.Lapşinin Azərbaycana ekstradisiyasına yol verilməməsi üçün “müvafiq addımların atılacağını” bildirib.

Lapşinin həbsi Ermənistanda da güclü əks-səda doğurub. Erməni diaspor nümayəndələri Belarusun ABŞ və Rusiyadakı səfirliklərinin qarşısında etiraz aksiyaları keçirərək,Minskdən blogeri təhvil verməməyi tələb ediblər. Ermənistan ictimaiyyətində belə bir fikir formalaşıb ki, rəsmi Bakı Rusiyanın vasitəçiliyi ilə Lapşinlə elə digər Rusiya vətəndaşı olan, 2014-cü ildə Ermənistanın girov götürdüyü Dilqəm Əsgərovu dəyişmək istəyir. Lakin politoloqlar düşünür ki, bu, hüquqi baxımdan mümkün deyil.

Politoloq Qabil Hüseynli Meydan TV-yə deyir ki, Aleksandr Lapşin sadə bloger deyil: “O, Rusiya və Ermənistanın himayəsi ilə fəaliyyət göstərən siyasi fiqurdu. Hətta deyərdim ki, o, Rusiya Xüsusi Xidmət Orqanlarının əməkdaşıdı. Ola bilsin ki onda bizim bilməyimizi istəməyən məlumatlar var. Ona görə də Rusiya Dilqəmdən fərqli olaraq onu əldə etmək üçün cəhd edəcək. Lapşinin həm də Ukrayna vətəndaşı olması bu fikirləri daha da qüvvətləndirir ”.

 Aleksandr Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini pozaraq, ölkənin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. Lapşinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya olunub.

Bu, Qarabağla bağlı ilk presedentdir. Hazırda Azərbaycanla Belarus, Bolqarıstan, Birləşmiş Ərəb Əmirliyi, Çin, Gürcüstan, Hindistan, İran, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Mərakeş, Moldova, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr daxil olmaqla, 20-dən çox dövlət arasında təslim etmə və ekstradisiya haqqında ikitərəfli beynəlxalq müqavilə mövcuddur. Məhz bu müqavilələr əsasında ən qalmaqallı ekstradisiyalardan biri 2012-ci ildə baş tutub. Həmin il Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub. 1994-cü ildə Rusiyada həbs olunan Surət Hüseynov da daha sonra Azərbaycana təslim edilib.Bundan başqa,müxtəlif illərdə Azərbaycandan Rusiyaya, İrana onlarla məhbus ekstradisiya olunub.

Ana səhifəXəbərlərRusiyalı bloger Dilqəm Əsgərovla dəyişdirilə bilər?